Kəlbəcərdə 22 inək ölüm saçan iynədən tələf oldu – işə vəkil qarışdı, təhqir olundu
Fermer Tural Pərviz oğlu Qədimliyə məxsus 22 baş inək 1 saatın içində tələf olub. ARANTV.AZ xəbər verir ki, hadisə Kəlbəcərdəki Qara Arxac yaylasında baş verib.
Fermer bildirir ki, Bərdə şəhərində yerləşən “Şəhla Baytarlıq” aptekindən mal-qara üçün qızdırma əlehinə dərman preparatları alıb.
Mal-qara aran zonasında yerləşən Bərdədən yaylaq zonası olan və daha sərin Kəlbəcərdə qızdırmasın deyə fermer müvafiq preparatlardan istifadə olunub. “Şəhla Baytarlıq” aptekindən aldığı preparatlar heyvanlara vurulduqdan sonrakı 1 saat ərzində 22 baş inək tələf olub.
Bununla bağlı Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Kəlbəcərə yaylağa gəlib heyvandan nümunələr götürüblər. Fermerə verilən cavabda bildirirlib ki, “Şəhla Baytarlıq” aptekində aparılmış yoxlama zamanı baytarlıq preparatlarının saxlanma temperaturuna riayət edilmədiyi, yararlılıq müddəti ötmüş preparatların satışı müəyyən edilib.
Bundan başqa, “Şəhla Baytarlıq” aptekinin lisenziyasız fəaliyyət göstərdiyi, tələf olmuş heyvanlardan götürülmüş nümunələrdə hər hansı xəstəlik və götürülmüş nümunələrdə hər hansı toksik maddələr aşkar edilmədiyi vurğulanır.
Fermer verilmiş rəydə mal-qaranın tələf olması səbəbinin göstərildiyini qeyd etməklə sual edir ki, 1 saat ərzində 22 baş mal-qara infarktdan ölüb?
Baxmayaraq ki, baytarlıq aptektində bu qədər pozuntular var, vaxtı keçmiş dərmanlar satılır, aptekin fəaliyyəti hələ də məhdudlaşdırılmayıb. Fermer Baş Prokurorluğa, Dövlət Gömrük Komitəsinə, Dövlət Sərhəd Xidmətinə müraciət edərək xahiş edir ki, korrupsiyaya şərait yaradan halların, lisenziyasız fəaliyyət göstərdiyi üçün qaçaq yollarla ölkəyə gətirilmiş malların mənşəyinin araşdırılmasını xahiş edir.
Fermerin hüquqlarını müdafiə edən vəkil Əziz Qənbərli müraciətlərinin araşdırılması ilə bağlı Musavat.com-a deyib ki, fermerə zəng edən Qida Təhlükəsizliyi Agentliyinin Daxili Təhlükəsizlik şöbəsinin əməkdaşı kimi özünü təqdim edən Toğrul adlı şəxslə danışıb və məmurun qeyri-etik davranışı ilə üzləşib. Məmur vəkilə “bayaqdan dil-dil ötürsən” deyə təhqir edib. Vəkil Əziz Qənbərli Qida Təhlükəsizliyi Agentliyin sədrindən onu şəxsən qəbul etməsini və məsələni birgə araşdırılmasının təmin olunmasını xahiş edib.