Hadisə 

İki uşaq anasının müəmmalı ölümü

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində intihar etdiyi bildirilən qadının qəsdən öldürüldüyü iddia edilir.

Bu barədə “Qafqazinfo”ya mərhumun yaxınları məlumat verib.

İlkin məlumatlara görə, 35 yaşlı Minurə Mustafayeva 6 gün əvvəl gecə saatlarında yaşadığı evin həyətində özünü asıb. Lakin qadının qohumları bu versiya ilə razılaşmır. Onların sözlərinə görə, ailədaxili ciddi problemi olmayan və psixoloji vəziyyəti normal görünən iki uşaq anasının qəfil intiharı inandırıcı deyil. Yaxınları Minurənin əri Bayandur Bədəlovdan şübhələndiklərini dilə gətirirlər.

Mərhumun qohumu Razim Əmiraslanlı deyib ki, qadının boynunda ip izləri olmayıb: “Yalnız bir tərəfdə qaraltılar vardı. Ən şübhəlisi isə ərinin dedikləridir. Bayandur deyir ki, Minurə özünü həyətdəki ağacdan asıb və bunu ilk görən özü olub. Daha sonra uşaqları görməsin deyə meyiti ipdən açıb evə gətirib. Həmin gecə Minurənin bacısı da onlarda olub. O da oyananda meyit otaqda olub. Hələ ki, tibbi ekspertiza rəyi açıqlanmayıb. Buna baxmayaraq, Minurənin əri tərəfindən boğularaq öldürüldüyünü düşünürük”.

Qohumlar hadisənin intihar, yoxsa qətl olduğunu dəqiq müəyyən edilməsi üçün Baş Prokurorluqdan məsələnin nəzarətə götürülməsini xahiş edirlər.

Səslənən iddialarla bağlı Baş Prokurorluğa sorğu göndərdik. Qurumun Mətbuat xidmətindən saytımıza bildirildi ki, sözügedən hadisə ilə bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma başlayıb. Hazırkı mərhələdə ilkin dəlil və sübutlar təhlil edilir. İddialar təsdiqini taparsa, qanunvericiliyə uyğun tədbirlər görüləcək.

Daha çox xəbərlər