Türkiyədə CHP cəbhəsində böyük qarışıqlıq – Polis ərazini nəzarətə götürdü
CHP İstanbul İl başkanı Özgür Çelikin məhkəmə qərarı ilə vəzifəsindən kənarlaşdırılaraq yerinə keçici rəhbər kimi Gürsel Tekin’in təyin olunması Türkiyə siyasi gündəminin əsas mövzusuna çevrilib. Bu qərar yalnız CHP daxilində deyil, bütün ölkə siyasətində də böyük müzakirələr doğurub.
Gürsel Tekin əvvəlcədən elan etdiyi kimi bazar ertəsi günü saat 12:00-da İl Başkanlığı binasına gedəcəyini açıqlamışdı. Lakin dünən axşam saatlarından etibarən CHP İstanbul İl Başkanlığının ərazisi çevik polis dəstələri tərəfindən tam mühasirəyə alınıb, hətta millət vəkilləri də daxil olmaqla heç kimin binaya girişinə icazə verilməyib. Bunun ardınca İstanbul Valiliyi Beşiktaş, Beyoğlu, Eyüpsultan, Kağıthane, Sarıyer və Şişli rayonlarında üç gün müddətinə bütün mitinq, toplantı, yürüş və mətbuata açıqlamaları qadağan edib.
CHP Genel Başkanı Özgür Özel isə dərhal İstanbul İl Başkanlığı binasına gələrək öz mövqeyini nümayiş etdirib. O bildirib ki, təmsilçisi Özgür Çelikdir və o, hələ də vəzifəsinin başındadır. Özel bu bəyanatı ilə məhkəmə qərarını rədd etdiklərini açıq şəkildə ifadə edib. CHP-nin 81 vilayət sədri də birgə açıqlama ilə Özgür Çelikə dəstək verərək, qərarı siyasi təzyiq kimi qiymətləndiriblər.
Dövlət qurumlarının reaksiyası da sərt olub. Daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkədəki paylaşımında CHP rəhbərliyinin çağırışlarını “hüquqa meydan oxumaq” kimi qiymətləndirib: “Məhkəmə qərarlarını yox saymaq, xalqı küçələrə çağırmaq açıqca qanunları tapdalamaqdır. Dövlət qanunsuz hərəkətlərə qarşı qəti mövqe sərgiləyəcək. Heç kim qanunların fövqündə deyil”.
Ədliyyə naziri Yılmaz Tunç isə bildirib ki, İl Başkanlığı qarşısında baş verən hadisələr və sosial mediada edilən “provokativ paylaşımlar”la İstanbul Respublika Baş Prokurorluğu artıq istintaqa başlayıb.
Gürsel Tekin sosial mediada yaydığı videoda özünü müşayiət edəcək keçici heyəti təqdim edib. O, “Aslan arkadaşlarım” ifadəsi ilə ictimaiyyətə tanıtdığı Zeki Şen, Hasan Babacan, Müjdat Gürbüz və Erkan Narsapdan ibarət heyəti nümayiş etdirib. Ancaq elə həmin videonun dərcindən dərhal sonra Hasan Babacan və Müjdat Gürbüz heyətdən geri çəkildiklərini açıqlayıblar. Bu hadisə Gürsel Tekinin öz ətrafında da ciddi fikir ayrılıqlarının mövcud olduğunu göstərib.
Məhkəmə qərarının əsas səbəbi kimi CHP İstanbul İl konqresində “üsuzlsuzluk, mənfəət təminatı və seçici iradəsinə təsir göstərmək” iddiaları göstərilib. Məhkəmə bu iddiaları əsas gətirərək konqresi ləğv edib və Özgür Çeliklə birlikdə bütün idarə heyətini vəzifədən kənarlaşdırıb. Onların yerinə Gürsel Tekin və bir neçə şəxs təyin olunub. CHP rəhbərliyi isə bu addımı siyasi təsir cəhdi hesab edir və məhkəmə qərarını tanımadığını bəyan edir.
İstanbul İl Başkanlığı önündə toplaşan partiya üzvləri həm məhkəmənin, həm də İstanbul Valiliyi tərəfindən elan edilən tədbir qadağalarının əleyhinə çıxış ediblər. Partiya daxilində yaranan bu böhran CHP-nin gələcək siyasi xəttinə, həmçinin Türkiyənin siyasi gündəminə birbaşa təsir göstərəcək dərəcədə ciddi xarakter alıb.
Bu qarşıdurma əslində yalnız bir təşkilati məsələ deyil, həm də Türkiyədə siyasi mübarizənin hansı çərçivədə gedəcəyini ortaya qoyur. CHP rəhbərliyinin məhkəmə qərarını rədd etməsi, dövlətin isə sərt mövqeyi ölkədə hüquq və siyasət münasibətlərində gərginliyin daha da artacağına işarə edir.
Şahanə Rəhimli
Musavat.com