Səhv və gecikmiş diaqnoz – pasiyent üçün təhlükə
Səhv və ya gecikmiş diaqnoz xəstənin vəziyyətini ağırlaşdıra, hətta həyati təhlükə yarada bilər. Çünki bu zaman xəstəlik inkişaf etməyə davam edir, pasiyent isə lazımsız müalicə və dərmanlara məruz qalır.
Məsələn, süd vəzi xərçəngi olan qadına mastit diaqnozu qoyulması və antibiotiklərlə müalicə edilməsi, insult keçirən gəncin migren və ya vertigo hesab olunması, yaxud infarkt keçirən xəstənin sadəcə mədə pozğunluğu diaqnozu ilə evə göndərilməsi səhv diaqnoza aid nümunələrdir.
Yanlış diaqnoz bəzən yalnız vaxt və pul itkisinə səbəb olur. Amma ən ağır halda pasiyentin vəziyyətini daha da pisləşdirir, müalicəni gecikdirir və sağalma şansını azaldır. Hətta bəzi hallarda qoyulan səhv diaqnozun müalicəsi əsl xəstəlik üçün zərərli ola bilər.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən vəkil Rəşad Əliyev bildirib ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 57-ci maddəsinə əsasən, sağlamlığa zərər vurulduqda təqsirkar şəxslər qanunla müəyyən edilmiş qaydada ziyanı ödəməlidir:
“Bundan əlavə, Mülki Məcəllənin 1112-ci maddəsi də səhv diaqnoz və ya uğursuz əməliyyat nəticəsində vurulmuş ziyanın ödənilməsini nəzərdə tutur. Pasiyentin hüquqları pozulduqda, o, müalicə müəssisəsinin rəhbərliyinə, müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilər. Lakin vurulan ziyanın əvəzinin ödənilməsi tibbi işçiləri intizam, inzibati və ya cinayət məsuliyyətindən azad etmir. Araşdırmalar zamanı qanunsuz abort, süni mayalanma, səhlənkarlıq və ya digər cinayət tərkibli hallar aşkarlanarsa, həkimlər müvafiq qaydada məsuliyyətə cəlb olunur”.