Gündəm 

Daha iki ölkədə qadınlar əsgər gedəcək – bəs bizdə…

Azərbaycan Silahlı Qüvvələrinin bütün qoşun növlərində qadın hərbi qulluqçular xidmət aparırlar

Yaponiya Müdafiə Nazirliyi qadınların ölkənin silahlı qüvvələrinə qəbulu ilə bağlı son məhdudiyyətləri aradan qaldırıb. Belə ki, avqustun 1-dən etibarən qadınlar hətta nüvə, bioloji və kimyəvi müdafiə bölmələrində də xidmət edə biləcəklər. Hərbi idarə bu addımını bu sahələrdə təhlükəsizlik tədbirlərinin artırılması ilə izah edib.

Latviyanın müdafiə naziri Andris Spruds isə bəyan edib ki, ölkənin təhlükəsizliyini möhkəmləndirmək və silahlı qüvvələrin gücünü artırmaq məqsədilə 2028-ci ildən qadınların da məcburi hərbi xidmətə cəlb olunması planlaşdırılır. Nazir bildirib ki, bu addım yalnız orduya yeni qüvvələrin cəlb edilməsi deyil, həm də gender bərabərliyinin təmin olunması baxımından vacibdir.

“Bloomberg”in məlumatına görə, Latviya 2021-ci ildə 15 min nəfər olan ordusunun sayını 2028-ci ilə qədər iki dəfədən çox artıraraq 31 min nəfərə çatdırmaq istəyir. Hazırda ölkədə milli müdafiə strategiyası çərçivəsində könüllülərin, peşəkar hərbçilərin və məcburi xidmətə çağırılanların sayı artırılır. Qadınların da bu prosesə qoşulması ilə Latviya ordusunun daha çevik və sayca böyük hərbi qüvvəyə çevriləcəyi vurğulanır.

Bildirilir ki, Azərbaycanda qadınların da hərbi xidmətə könüllü olaraq qatılması üçün hüquqi baza formalaşdırılması istisna edilmir. Son illərdə bir sıra xarici ölkələrdə qadınların da kişilərlə bərabər hərbi xidmətə cəlb edilməsi diqqət çəkir. İsrail, Norveç, ABŞ və Kanada kimi ölkələrdə qadınlar könüllü və ya məcburi qaydada ordu sıralarında yer alır, bəzi hallarda döyüş bölgələrində də xidmət edirlər.

Bəs bizim ölkəmizdə qadınları həqiqi hərbi xidmətə cəlb edilməsi nə qədər realdır? Ümumiyyətlə, qalib Ordumuzda buna ehtiyac varmı? Yəni söhbət təkcə silahlı qüvvələrin say cəhətdən artırılmasından getmir, gender bərabərliyi, qadınların da döyüşə hazırlıq təcrübəsinin olması baxımdan belə bir qərar mümkündürmü, yoxsa mental dəyərlərimizə uyğun deyil?

Ramil Məmmədli: Ermənistan davamlı şəkildə Azərbaycana qarşı terror,  diversiya aksiyaları həyata keçirir - AZƏRTAC

Ramil Məmmədli 

Mövzu ilə bağlı hərbi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a danışıb. Ekspert qadınların məcburi hərbi xidmətə çağırılmasını məqsədəuyğun hesab etmədiyini deyib: “Ümumiyyətlə, bu mövzu zaman-zaman Azərbaycan mediasında müzakirə mövzusuna çevrilib. Bununla bağlı müxtəlif müzakirələrə çıxışlar da edilib, hətta efirlərdə də bu barədə danışıqlar aparılıb. Ümumilikdə bu, olduqca zərərli bir tendensiyadır – Azərbaycan cəmiyyətində qadınların məcburi hərbi xidmətə çağırılmasının müzakirə edilməsi məsələsi.

Bir sıra Qərb ölkələrində, o cümlədən İsraildə qadınların hərbi xidmətə cəlb olunması qanunla tənzimlənir. İsrail nümunəsində bu, gender bərabərliyi məsələsinə başqa aspektdən yanaşmaqla izah olunur. Lakin Azərbaycanda, Qafqazda, eləcə də türkdilli müsəlman ölkələrində əsrlərdir formalaşmış və daşlaşmış bir ictimai ənənə var: qadının ailədə, cəmiyyətdə xüsusi yeri mövcuddur. Qadın mühüm postlar tuta bilər, mülki təyinatlı strukturlarda, hətta hərbi təyinatlı sahələrdə də müvafiq vəzifələrdə çalışa bilər. Amma bu, onların kişilərlə eyni sırada məcburi hərbi xidmətdə addımlaması demək deyil.

Bununla belə, demək istərdim ki, Azərbaycan Silahlı Qüvvələrinin bütün qoşun növlərində – Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidmətində qadın hərbi qulluqçular xidmət aparırlar. Onların xidmətə cəlb olunması könüllülük əsasında həyata keçirilir.

Bəli, Azərbaycanda da qadınların könüllü olaraq hərbi xidmətə qoşulması üçün hüquqi baza formalaşdırılması istisna edilmir. Diqqətinizə çatdırım ki, qadınların hərbi xidmətə könüllü şəkildə qoşulması və hərbçi olması Azərbaycan qanunları ilə tənzimlənir. Hazırda qeyd etdiyim güc strukturlarında qadın hərbi qulluqçular fəaliyyət göstərir.

Lakin qoşun növlərində ağır xidmət yerlərində bu həyata keçirilmir. Ümumiyyətlə, qadınların məcburi hərbi xidmətə çağırılması təcrübəsi adətən əhalisi az olan, kişi vətəndaşlarının sayı kifayət etməyən ölkələrdə ölkənin müdafiə qabiliyyətini gücləndirmək məqsədilə tətbiq edilir. Əks təqdirdə, qadınların məcburi hərbi xidmətə çağırılması məqsədəuyğun hesab edilmir.

Yəni bu mövzunun hər dəfə ölkəmizdə müzakirəyə çıxarılması, sadəcə olaraq, belə bir informasiya ilə Azərbaycan cəmiyyətinə müəyyən fikirləri təlqin etmək, məsələni adiləşdirmək və sonda hansısa mərhələdə qadınların məcburi hərbi xidmətə cəlb olunması ilə bağlı qərarın verilməsinə zəmin yaratmaq məqsədi daşıyır.

Düşünürəm ki, Azərbaycanda ölkəni qoruyacaq, dövlətin müdafiəsini təmin edəcək kifayət qədər kişi var. Azərbaycan gənclər ölkəsidir, əhalisinin çoxunu gənclər təşkil edir. Ermənistan üzərində qələbə qazandığımızı nəzərə alsaq da, Azərbaycan kişisinin gücü və imkanları hələ də tam dəyərləndirilməyib. Hesab edirəm ki, Azərbaycan bu sahədə – ordunun inkişafı, müdafiə sənayesinin güclənməsi istiqamətində mühüm uğurlara imza atacaq”.

Mehriban Zeynalova: “Qadını xoşbəxt və güclü olan bir ölkənin millət vəkili  olmaq istəyirəm”

 Mehriban Zeynalova

“Təmiz Dünya” Qadınlara Yardım İcitmai Birliyinin sədri Mehriban Zeynalova da qadınların məcburi əsgərliyə cəlb edilməsini doğru hesab etmədiyini deyib: “Bir çox ölkələrin təcrübəsində, o cümlədən İngiltərədə və Türkiyənin özündə könüllü əsgərliyə getmək praktikasına rast gəlirik. Onların qanunvericiliyində bu, ya ödənişlə, ya da müəyyən şərtlər çərçivəsində həyata keçirilir. Əgər kişilər üçün bu könüllülük prinsipi ilə mümkündürsə və orduya hazırlıqlı əsgər lazımdırsa, hansı qadın buna maraq göstərirsə, ona məhdudiyyət qoyulmamalıdır. Yox, əgər bu, məcburi qaydada tətbiq edilirsə, hesab edirəm ki, bu düzgün deyil. Seçim və bərabərlikdən danışırıqsa, qadın özü istədiyi halda hərbi xidmətə getməlidir.

Xatırladım ki, 2-ci Qarabağ müharibəsində xeyli sayda qadınımız müharibəyə getmək üçün müraciət etmişdi. Birinci Qarabağ müharibəsində isə qadınların birbaşa ön cəbhədə döyüşdükləri faktlarla təsdiqlənib. Bu da göstərir ki, qadınlarımızın vətənpərvərlik ruhu yüksəkdir. Amma əsgərlik məsələsində daha məqsədəuyğun yol məcburilik deyil, könüllülük imkanlarının yaradılması olardı. Qadın hərbçi olmaq istəyirsə, bunun üçün xüsusi şərait və infrastruktur qurulmalıdır. Hətta ayrıca qadın batalyonlarının yaradılması da faydalı ola bilər. Mənə elə gəlir ki, bu proses məcburi yox, seçimin ixtiyarına buraxılmalıdır.

Ümumiyyətlə, müşahidə edirik ki, dünyanın bir çox ölkələri silahlanmaya doğru gedir. Bu da onu göstərir ki, həmin ölkələrdə müəyyən narahatlıq və gərginlik mövcuddur. Biz daim sülhdən danışırıq, bölgədə təhlükəsizliyi gücləndirməyə çalışırıq. Amma eyni zamanda digər ölkələr qadınların da orduda xidmət etməsini təşviq edir, bu isə əslində yeni silahlanma yarışının bir hissəsi kimi görünür. Hesab edirəm ki, bu, yaxşı işarə deyil”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Daha çox xəbərlər