Sosial 

“Əcnəbi kürəkənlər, xarici gəlinlər” – Qarışıq nikahlar niyə artır?

Son illər Azərbaycanda əcnəbilərlə bağlanan nikahların sayı artmaqdadır. Ədliyyə Nazirliyinin 2025-ci ilin ilk 9 ayına dair statistikasına görə, 1570 Azərbaycan vətəndaşı əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərlə ailə qurub. Onlardan 858-i kişi, 712-si isə qadındır.

Bu rəqəmlər bir neçə mühüm tendensiyanı əks etdirir: əvvəllər daha çox Azərbaycan kişiləri xarici qadınlarla ailə qururdularsa, indi artıq Azərbaycan qadınlarının da əcnəbilərlə nikaha meyli sürətlə artır. Bu hal cəmiyyətdə müxtəlif reaksiyalar doğurur. Bəziləri bunu milli kimliyimiz və genofondumuz üçün təhlükə hesab edir, digərləri isə belə nikahların mədəni inteqrasiyanın, qloballaşmanın və fərdi azad seçimin təzahürü kimi dəyərləndirirlər.

Statistikaya əsasən, azərbaycanlıların daha çox ailə qurduğu ölkələrin vətəndaşları bunlardır: Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Qazaxıstan, Pakistan. Son vaxtlar bu siyahıya Avropa ölkələri də daxil olmaqdadır.

Onu da qeyd edək ki, əgər bir neçə il öncə əcnəbilərlə evliliklərdə əsasən Azərbaycan kişiləri üstünlük təşkil edirdisə, indi qadınların sayı kişilərlə demək olar ki, bərabərləşib.

Bəs qarışıq nikahlar niyə artır?

EBİLOV.jpg (35 KB)

Mövzu ilə bağlı Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov Musavat.com-a danışıb:

“Qloballaşan dünyada Azərbaycanın mərkəzçi rolu getdikcə güclənir. Şərq ilə Qərb, Avropa ilə Asiya, Avrasiya məkanının kəsişməsində yerləşən ölkəmiz dünyada gedən sosial, mədəni və mənəvi proseslərin təsirindən kənarda qala bilməz. Bu təsirlər artıq təkcə iqtisadi və siyasi sahədə deyil, həm də məişət və ailə münasibətlərində, dəyərlər sistemində özünü qabarıq şəkildə göstərir.

Bu dəyişikliklərin ən diqqətçəkən təzahürlərindən biri də qarışıq nikahların artmasıdır. Müxtəlif millətlərdən olan şəxslərin Azərbaycan vətəndaşları ilə ailə qurması artıq adi bir hadisəyə çevrilib. Son illərdə azərbaycanlıların əcnəbi vətəndaşlarla evlənməsi, ərə getməsi və ya ailə həyatı qurması tendensiyası nəzərəçarpacaq dərəcədə genişlənib.

Əvvəllər bu proses əsasən kişilər arasında müşahidə olunurdu. Məsələn, Rusiyada, Ukraynada, MDB ölkələrində təhsil almış, hərbi xidmət keçmiş və ya iş qurmuş azərbaycanlı gənclər oradakı xanımlarla ailə həyatı qururdular. Lakin bu gün prosesin coğrafiyası genişlənib, artıq Yaponiyadan tutmuş ərəb ölkələrinə, Afrikadan Şərq ölkələrinə qədər müxtəlif xalqların nümayəndələri ilə azərbaycanlı qadınların da ailə qurduğunu görürük. Bu, əlbəttə, beynəlxalq prosesin tərkib hissəsidir. İstəsək də, istəməsək də, qloballaşma dünyanı kiçildib. İnsanlar daha çox səyahət edir, işləyir, təhsil alır, müxtəlif mədəniyyətlərlə qarşılaşır və nəticədə öz xoşbəxtliklərini dünyanın başqa başında tapırlar.

Əvvəllər biz xalq olaraq daha qapalı olmuşuq. Qızlarımızın əcnəbilərlə evlənməsi nadir hallarda rast gəlinən, hətta bəzən qınaqla qarşılanan hal idi. Doğrudur, Cənubi Qafqaz, Türkmənistan, Orta Asiya kimi müsəlman ölkələrinə ərə gedən qızlarımız olub. Lakin xristian dininə mənsub avropalılarla, uzaq şərqli və ya afrikalılarla ailə quran qadınlarımızın sayı demək olar ki, yox dərəcəsində idi. Lakin bu gün vəziyyət dəyişib. Azərbaycan dünyaya açıldıqca, sərhədlər aradan qalxdıqca, həm də insanların gediş-gəlişi artdıqca, artıq bu sahədə də müəyyən tabu və sədlər aradan qalxır. İndi azərbaycanlılar dünyanın müxtəlif yerlərində yaşadıqları, işlədikləri və oxuduqları üçün qarışıq nikahlar təbii nəticəyə çevrilib”.

Aydın Xan Əbilovun fikrincə, qonşu ölkələrdə yaşayan soydaşlarımızın da bu prosesdə rolu böyükdür:

“Rusiyada, Ukraynada, İranda və digər ölkələrdə yaşayan azərbaycanlıların həmvətənlərlə ailə qurması artıq ənənəvi hal alıb. Statistikalara baxdıqda, bu sayın hər il artdığını görmək mümkündür.

Dünya üzrə təxminən 60 milyonluq Azərbaycan diasporu nəzərə alınarsa, xaricdə ailə quran azərbaycanlıların böyük bir hissəsi əslində “əcnəbi” deyil, soydaşlarımızla ailə həyatı quran vətəndaşlardır. Lakin yenə də əcnəbi vətəndaşla ailə qurmaqda problemlə və ya qınaqla üzləşmək üçün səbəb yoxdur.

Əgər bir insan öz həyat yoldaşını sevgi, hörmət və qarşılıqlı anlaşma üzərində seçirsə, bu, təqdirəlayiqdir. Onsuz da insanlıq tarixində xalqlar bir-biri ilə qarışıb, genetik və mədəni mübadilə baş verib. Bəzi xalqlar tarixlərinin müəyyən mərhələlərində genetik durğunluqdan çıxmaq üçün qarışıq nikahlara üstünlük veriblər. Azərbaycanda isə buna xüsusi zərurət olmayıb, çünki ölkəmizdə onsuz da müxtəlif etnik qruplar, azsaylı xalqlar və icmalar əsrlərlə dinc yanaşı yaşayıblar.

Bu təbii qarışıqlıq ölkənin genetik fondunu yeniləyib, zəngin və sağlam nəsil formalaşdırıb. Ancaq bu gün qloballaşan dünyada əcnəbilərlə nikahlar da artıq bioloji və intellektual güclənməyə xidmət edən prosesə çevrilib. Bu, “saf qanı itirmək” deyil, əksinə, insan potensialını genişləndirən, dünya baxışını formalaşdıran, mədəni dözümlülüyü artıran bir təcrübədir”.

Kulturoloq qeyd edib ki, cəmiyyətimizdə gecikən nikah problemi də var:

“Azərbaycan cəmiyyətində son illər demoqrafik problemlər də özünü göstərməkdədir. Əvvəllər bir ailədə 5-6 uşaq doğulurdusa, indi çoxu 1 və ya 2 övladla kifayətlənir. Subaylıq yaşı isə xeyli artıb artıq kişilərdə də, qadınlarda da evlənmə yaşı 35-38-i keçir.

Əvvəllər biz “erkən nikah”dan danışırdıq, indi isə gecikən nikah problemi ilə üz-üzəyik. Erkən nikahlarla bağlı qanunvericilikdə sərt tədbirlər görüldü, lakin indi gənclərin ailə qurmaması, sosial və iqtisadi səbəblər ucbatından nikahdan yayınması yeni sosial problemdir.

Bu vəziyyət nəticə etibarilə əcnəbilərlə ailə qurma hallarını artırır, çünki insanlar artıq “daxildə” uyğun partnyor tapa bilmədikdə, “xaricdə” sevgi və ailə axtarışına çıxırlar.

Hesab edirəm ki, bu məsələ sosial, mədəni və demoqrafik problem kimi öyrənilməlidir. Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi, Səhiyyə Nazirliyi, QHT-lər, dini qurumlar, media və sosial platformalar bu barədə ictimai debatlara başlamalıdır.

Cəmiyyət başa düşməlidir ki, qloballaşma qarşısıalınmaz bir prosesdir. Əsas məsələ dəyərlərin qorunması, mədəni kimliyin itirilməməsi, eyni zamanda sevgi, hörmət və insan hüquqlarına əsaslanan ailə modelinin formalaşdırılmasıdır”.

Xalidə GƏRAY
Musavat.com

Daha çox xəbərlər