Zəfər Günü- tarixi ədalətin bərpa olunduğu gündür
2020-ci ilin payızında Azərbaycan Respublikasının qazandığı parlaq qələbə təkcə hərbi nailiyyət deyil, eyni zamanda regionun siyasi, diplomatik və beynəlxalq münasibətlər sistemində yeni bir mərhələnin başlanğıcı oldu. 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, otuz ilə yaxın davam edən işğala son qoydu və beynəlxalq hüququn norma və prinsiplərinin real güc vasitəsilə təmin oluna biləcəyini sübut etdi. Bu Zəfər, Cənubi Qafqazda uzun illər davam edən qeyri-müəyyənlik dövrünü başa çatdıraraq, yeni reallıqların əsasını qoydu. Azərbaycanın qələbəsindən sonra regionda yeni əməkdaşlıq formatları meydana gəldi. Rusiya, Türkiyə və İran kimi böyük dövlətlərin, eləcə də Avropa İttifaqı və Çin kimi qlobal oyunçuların diqqəti Cənubi Qafqaza yönəldi. Azərbaycan bu reallıqda körpü rolunu oynayaraq, həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat və enerji dəhlizlərinin mərkəzinə çevrilir. Zəfərdən sonra imzalanan üçtərəfli bəyanat və regionda aparılan kommunikasiya layihələri bu prosesin konkret təzahürüdür. Beləliklə, Azərbaycanın mövqeyi təkcə regional deyil, həm də qlobal iqtisadi sistemdə strateji əhəmiyyət kəsb etməyə başladı. Diplomatik müstəvidə də yeni dinamika müşahidə olunur.
Qələbədən sonra Azərbaycan beynəlxalq platformalarda daha inamla çıxış edir, suverenliyinin və ərazi bütövlüyünün təmin olunması məsələsində qəti mövqeyini qoruyur. Ermənistanla aparılan sülh danışıqları, postmüharibə dövründə quruculuq prosesinə beynəlxalq təşkilatların cəlb olunması, həmçinin yeni iqtisadi əməkdaşlıq istiqamətləri Azərbaycanın diplomatik çevikliyini və regional liderlik rolunu gücləndirir. Zəfər həm də Azərbaycanın imicini və nüfuzunu beynəlxalq aləmdə yüksəltdi. Bu gün Azərbaycan BMT, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı kimi qurumlarda daha fəal mövqe nümayiş etdirir. Qələbə, həmçinin Türk dünyasında birliyin möhkəmlənməsinə səbəb oldu. Türkiyə ilə qardaşlıq münasibətləri strateji müttəfiqlik səviyyəsinə yüksəldi, bu isə regionun təhlükəsizlik arxitekturasında yeni güc mərkəzinin formalaşmasına gətirib çıxardı. Zəfər Günü Azərbaycan xalqının əsrlər boyu arzuladığı ədalətin bərpa olunduğu, torpaqlarımızın azadlığına qovuşduğu ən əlamətdar, ən müqəddəs günlərdən biridir. Bu gün təkcə bir hərbi qələbənin deyil, həm də milli birliyin, xalqın iradəsinin, Vətən sevgisinin və qəhrəmanlığın təntənəsidir.
Azərbaycan Ordusu, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, 44 gün davam edən Vətən müharibəsində müasir hərb tarixində bənzəri az olan bir əməliyyat planını uğurla həyata keçirdi. Bu müharibə təkcə cəbhədə aparılan döyüş deyil, həm də strateji düşüncənin, texnoloji üstünlüyün və milli ruhun birləşdiyi müasir hərbi modelin nümunəsi idi. Zəfər Günü yalnız keçmişin deyil, həm də gələcəyin rəmzidir. Bu gün Azərbaycanın dövlətçiliyini daha da möhkəmləndirdi, xalqımızın özünə inamını artırdı, regionda yeni reallıqlar yaratdı. 44 günlük Vətən müharibəsində qazanılan bu tarixi qələbə dünya hərb tarixində yeni bir səhifə açdı – yüksək texnologiyaların, intellektual planlaşdırmanın və milli həmrəyliyin sintezi ilə əldə edilən unikal qələbə modeli kimi dəyərləndirilir.
Zəfər sevincini bizə yaşadan Müzəffər Ali Baş Komandana və Ordumuza minnətdarıq. Vətən yolunda canlarından keçən şəhidlərimizi heç zaman unutmayacağıq, məhz onların canı, qanı bahasına qazanılan bu Zəfər tariximizdə əbədi qalacaq.
Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı

