Region Xəbərləri 

Həyatımızın ən möhtəşəm Zəfər müjdəsi

Azərbaycanın qeyrət qalası, Qarabağın döyünən ürəyi, Qafqazın incisi Şuşa gözəllik simvolu, qürur rəmzi olmaqla yanaşı, həm də bir milli kimlik məsələsidir. “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan Şuşa təkcə qarabağlılar üçün yox, bütün azərbaycanlılar üçün qürur yeri, müqəddəs şəhər, hər mənada ucalıq rəmzi olub. Azərbaycanın hər qarışı bizim üçün əzizdir, amma Şuşanın qəlbimizdə yeri tamamilə başqadır. Şuşa Qarabağın əzəmətli zirvəsi, Azərbaycanın şah damarıdır.

 

Şuşa döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu əməliyyatlardan biridir. Döyüşlər zamanı Azərbaycan Ordusu sıx meşələri, keçilməz yarğanları və çətin dağ keçidlərini aşaraq Şuşaya istiqamət götürdülər. Belə ki, noyabrın 7-də ordumuz şəhərin qayalıqlarına dırmaşaraq yüngül silah-sursat ilə Şuşaya daxil oldu. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri şəhərə bir çox istiqamətdən yaxınlaşmaq üçün yüz nəfərlik qruplara bölündülər. Döyüşlər zamanı Şuşaya Ermənistan tərəfindən “İsgəndər” ballistik raketləri atılıb. Raketin hədəfi isə azərbaycanlı hərbçilər olub. Buna baxmayaraq, Müzəffər Azərbaycan Ordusu tezliklə erməni qoşunlarını məhv edərək şəhərdən qovub və noyabrın 8-də Şuşa şəhəri düşməndən azad olundu.

 

44 günlük İkinci Qarabağ savaşı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun əsgər və zabitlərinin şücaəti sayəsində bizim möhtəşəm Zəfərimizlə başa çatdı. Şanlı ordumuz 8 noyabr 2020-ci il tarixində dünyanı mat qoyan misilsiz əməliyyatı ilə Şuşada bir daha enməyəcək üçrəngli bayrağımızı ucaltdı! Qarabağın döyünən ürəyi Şuşanın azad olunması bir daha göstərdi ki, şəhidlərimizin qanı yerdə qalmadı. Bu, bizim Vətən müharibəmizin tarixi Qələbəyə ucalan zirvəsidir. İrəvanda hələ də kabus kimi xatırlanan, erməni əsgərlərin qorxulu yuxusuna çevrilmiş xüsusi təyinatlılarımızın başlatdığı Şuşa əməliyyatının səs-sorağı dünyanın dörd bir yanına yayıldı. Azərbaycan hərbçiləri bir gecədə Şuşa qalasını, sıldırımlı qayaları, aşılmaz dağları fəth etməklə ordumuzun hansı potensialda olduğunu, Vətən, torpaq anlayışının qəhrəman əsgərlərimiz, xalqımızı üçün nə qədər böyük məna kəsb etdiyini bir daha sübut etmiş oldu. Təsadüfi deyil ki, Şuşaya qədər işğaldan azad edilən ərazilərdən qaçan, itkilər verərək geri çəkilən erməni hərbçiləri haqqında yaradılan mif Şuşada birdəfəlik darmadağın edildi. Çünki 44 günlük müharibənin gedişində Azərbaycan Ordusunun guya müasir texnikalar, PUA və digər üstünlüklər sayəsində uğurla irəlilədiyi fikirləri ortaya atılsa da, Şuşaya heç bir ağır texnikadan istifadə etmədən daxil olan hərbçilərimiz burada əlbəyaxa döyüşlərdə düşmənə yerini göstərməyi bacardı, işğalçılar qısa müddətdə darmadağın edildi. Qarabağın tacı Şuşa düşmən üçün psixoloji baryer idi.

 

Şuşa azad ediləndən dərhal sonra Ermənistan ağ bayraq qaldıraraq təslim oldu, işğalçı ölkə kapitulyasiyaya imza atmaqla biabırçı məğlubiyyətini etiraf etdi. Şuşa zəfərindən cəmi bir gün sonra 71 kəndin, bir qəsəbənin, səkkiz strateji yüksəkliyin, ümumilikdə 300-dən çox yaşayış məntəqəsinin ordumuz tərəfindən işğaldan azad edilməsi bütün dövlətlərə, o cümlədən Ermənistan hərbi-siyasi rəhbərliyinə müharibənin sonunun necə olacağını aydın təsəvvür etmək imkanı verdi. Elə bu səbəbdən də düşmən 2020-ci il noyabr ayının 10-da məğlubiyyətini etiraf eti, Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş na­ziri həmin gün birgə üçtərəfli Bəyanat imzaladılar. Bu münasibətlə xalqa müraciətində Prezident İlham Əliyev üçtərəfli Bəyanatı haqlı olaraq Azərbaycanın şanlı Qələbəsi kimi dəyərləndirmişdir. Bəyanata əsasən, Ermənistan Azərbaycanın ultima­tiumunu qəbul edərək, Kəlbəcər, Ağdam və Laçın rayonlarını dekabr ayının 1-dək boşaldacağı ilə bağlı qrafik təqdim etmişdir. Beləliklə, bir güllə belə atılmadan Ağdam rayonu noyabrın 20-də, Kəlbəcər noyabrın 25-də, Laçın rayonu dekabrın 1-də Azərbaycana təhvil verildi.

 

Noyabrın 8-də azərbaycanlıların illərdir həsrətində olduğu Şuşa şəhəri işğaldan azad edildi və elə həmin gün Şuşada Azərbaycan bayrağı qaldırıldı. Bu tarixi və müqəddəs müjdəni Azərbaycan xalqına Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev böyük fəxarət və qürur hissi ilə çatdırdı. Dövlət başçısı noyabrın 8-də Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəndən sonra, elə Şəhidlər xiyabanından Şuşanın azad olunduğu xəbərini bütün dünyaya bəyan etdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Şəhidlər xiyabanından “Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” deyərək Azərbaycan xalqına tarixi xitabı həyatımızın ən möhtəşəm Zəfər müjdəsi oldu.

 

 

 

 

 

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının əməkdaşı

Daha çox xəbərlər