Ağdərənin Vəngli kəndinə köçürülən ailələrə mənzillərin açarları təqdim olunub- FOTO
Noyabrın 13-də Ağdərə rayonunun Vəngli kəndinə köçürülən ailələrə yeni mənzillərin açarları təqdim edilib. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu mərhələdə Vəngli kəndinə 45 nəfərdən ibarət 11 ailə köçürülüb. Sakinlərə mənzillərin açarlarını təqdim edən xidmətin icraçı direktorunun müavini Mahmud Əfəndiyev bildirib ki, dövlət başçısının tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə köçürülmə prosesi ardıcıl şəkildə davam etdirilir. M.Əfəndiyevin sözlərinə görə, kənddə bütün zəruri infrastruktur yenidən qurulub. Bura mühəndis-kommunikasiya xətləri, yol və su təchizatı sistemləri də daxildir. Məqsəd isə sakinlər üçün rahat və təhlükəsiz yaşayış mühiti yaratmaqdır.


