Cəmiyyət 

Bakıda satıcı alıcını mağazadan qovdu – Paltar yerə düşmüşdü

Bakı şəhər sakini N. Hüseynova “AF Mall” ticarət mərkəzində yerləşən “Lina Butik” mağazasından təhqir olunaraq, qovulduğunu bildirib.

Bu barədə Musavat.com-a müraciət edən paytaxt sakini iddia edir ki, 12 noyabr 2025-ci il tarixində mağazada paltarlara baxarkən satıcı tərəfindən açıq şəkildə təhqir olunub:

“Mağazada ziyafət geyimlərinə baxdığım zaman asılqandakı geyimlərdən biri yerə düşdü və mən geyimi normal şəkildə götürmüşdüm. Satıcı “səliqəli götürün” dedikdə “kənardakı geyimlər asılqanda tam oturmadığından yerə düşür”,- deyə bildirdim. Həmin şəxs asılqanla paltarı əlimdən alaraq “çıxın buradan” dedi. Mən bunun səbəbini soruşanda,- “sizə satılmır çıxın”,- deyərək mağazadan çıxmağımı tələb etdi. Mən mağazanın sahibi kimdir soruşanda özünün olduğunu bildirdi. Mən də bu şəkildə müştəri ilə danışacaq birinin mağaza sahibi ola bilməyəcəyini dedikdə, o məni digər müştərilərin içində yüksək səslə “xəstəsən”, “gicsən” kimi ifadələrlə təhqir etdi.

Bu davranış açıq-açığına müştərinin alçaldılması, etik normaların və istehlakçı hüquqlarının pozulmasıdır. Hadisə butikdə, başqa müştərilərin qarşısında baş verib. “AF Mall”un “İnstagram”da qeyd edilən əlaqə nömrəsinə zəng edərək belə halda nə kimi müdaxilə edə biləcəklərini soruşdum , onlar məsuliyyəti üzərlərinə götürmədilər və bildirdilər ki, sadəcə obyekt icarəyə verən tərəfdirlər, digər məsələlərə qarışmırlar.

Xahiş edirəm, “Lina Butik” mağazasının fəaliyyətinə hüquqi qiymət verilsin və belə halların təkrarlanmaması üçün tədbir görülsün”, -deyə şikayətçi xanım bildirib.

Musavat.com müraciət edilən məsələ ilə bağlı butikin “instagram” səhifəsində qeyd edilən votsap nömrəsi ilə əlaqə saxlamağa çalışsa, da zənglərimizə və yazdığımız mesaja cavab verilməyib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Musavat.com-a açıqlamasında deyib ki, belə şikayətlər olan zaman dövlət orqanları bildirir ki, mağaza sahibkarın öz ərazisində yerləşir və necə istəyirsə, elə də davranır: “İki adam arasında mübahisə olub və buna qiymət vermək asan deyil. Belə özbaşınalıqlar restoranlarda da yaşanır. Nazirlər Kabinetinin qərarları olmalıdır və bunların qarşısı alınmalıdır. Belə şikayətlər çox olur. Şikayətçi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət etsin, bəlkə, o zaman hansısa tədbir görüldü”, -deyə E. Hüseynov bildirib.

Şahanə Rəhimli
Musavat.com

Daha çox xəbərlər