Böyük Britaniya-Azərbaycan əməkdaşlığında daha bir vacib səhifə açılır
“Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət nazirinin Azərbaycana indi səfər etməsi və ölkəməzin rəhbəri, həmçinin ordu rərhbərliyi ilə keçirdiyi görüşlər böyük maraq doğurmaqla yanaşı, çox əhəmiyyətli səfərdir”.
Bu barədə hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov Musavat.com-a şərhində bildirib.
![]()
Onun sözlərinə görə, bu səfər və Prezident İlham Əliyevin britaniyalı naziri qəbul etməsi, orada ifadə olunan fikirlər Böyük Britaniya-Azərbaycan münasibətlərinin hərbi, müdafiə-sənayesi sahəsində əməkdaşlıq sahəsində yeni mərhələnin başlanması və inkişaf etdirilməsindən xəbər verir: “Birləşmiş Krallıqla Azərbaycanın əməkdaşlığı bu gün daha da dərinləşdirilir. Britaniya hər zaman Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını müdafiə edib. Bu norma və prinsiplər ikitərəfli münasibətlərin daha da inkişaf etməsi hərbi sahədə əməkdaşlıq üçün bir zəmin formalaşdırıb. Ərazilərin minalardan təmizlənməsi işində Britaniya Azərbaycana kömək göstərir. Britaniya-Azərbaycan münasibətləri həm də strateji xarakter daşıyır. Bu gün enerji təhlükəsizliyi milli təhlükəsizliyin əsas komponenti kimi dəyərləndirilir. Britaniya həm də hərbi seqmentdə Azərbaycana məhz enerjidaşıyıcılarının nəqli işində təhlükəsizlik aspektində yardım göstərə bilər. Azərbaycanın karbohidrogen ehtiyatlarının təhlükəsiz şəkildə, sabit formada nəqli Britaniya strateqlərinin də maraq dairəsindədir. Təhlükəsizlik mühitinin gücləndirilməsi Britaniya üçün mühümdür. Nazirin indiki vaxtda Azərbaycana səfəri bütün bu və digər məsələlərdə əminlik yaradılmasına, iki ölkə arasında əməkdaşlığın daha güclənməsinə xidmət edir. Tərəflər arasında uzlaşdırılmalı məsələlər var. Ona görə də bu cür səfərlərin intensivliyi münasibətlərin keyfiyyətinə əlavə müsbət təsirini göstərəcək”.
Hərbi ekspert qeyd edib ki, bütün dünya, eləcə də Böyük Britaniya Azərbaycanın öz ərazilərini azad edərək regionda yaratdığı yeni reallıqları qəbul edir. Həmçinin dünyanın böyük dövlətlərindən olan Britaniya Azərbaycanla Ermənistan arasında sülh prosesini, Azərbaycanın sülh təşəbbüslərini alqışlayır: “Bu yaxınlarda Böyük Britaniyanın Azərbaycana, həmçinin Ermənistana silah satışına qoyduğu embarqonu aradan qaldırması da artıq sülh təşəbbüslərinin, sülh prosesinin uğurla nəticələnməkdə olduğuna əminlik yaranmasından sonra baş verdi. Silah satışına embarqonun aradan qaldırılmasından az sonra Böyük Britaniyanın nazirinin Azərbaycana səfər etməsi və ən yüksək səviyyədə görüşlər keçirməsi onu deməyə əsas yaradır ki, Azərbaycanla Britaniya arasında ən yüksək səviyyədə hərbi əməkdaşlıq qurulur. Bu əməkdaşlıq nəticəsində Azərbaycan modern ingilis silahlarını şübhəsiz ki, əldə edəcək, eyni zamanda iki dövlətin müdafiə sənayesi arasında birgə layihələr də həyata keçirilə bilər. Bu, hər iki ölkə üçün xüsusi əhəmiyyət daşıyacaq və hər iki tərəfin ordusunun inkişafına töhfə verəcək”.
Qeyd edək ki, dekabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koakeri qəbul edib.
Qəbul zamanı Prezidenti İlham Əliyev Azərbaycanla Böyük Britaniya müdafiə sənayesi sahəsində əməkdaşlıqla bağlı yeni səhifənin açıldığını bəyan edib. Dövlət başçısı hazırda iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıqla bağlı yeni səhifənin açılmasına toxunaraq, bunu qarşılıqlı etimadın göstəricisi kimi qiymətləndirib.
İikitərəfli münasibətlərin zəngin tarixinin olduğunu deyən Prezident iki ölkə arasında əməkdaşlığın enerji sektorundan başladığını və daha sonra bir çox sahələri əhatə etdiyini vurğulayıb.
Ölkə başçısı deyib ki, sülh gündəliyinin təşəbbüskarı məhz Azərbaycandır.
Etibar Seyidağa,
Musavat.com

