Siyasət 

Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə Bakı-İrəvan sülh prosesini müzakirə edib

 

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının Vyana şəhərində keçirilən 32-ci iclası çərçivəsində ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Görüşdə Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri, hazırda ATƏT-in üzləşdiyi çağırışlar, regional və beynəlxalq təhlükəsizlik məsələləri, bölgədəki mövcud vəziyyət, eləcə də Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunub.

Avropada təhlükəsizliyin ciddi çağırışlarla üzləşdiyi hazırkı dövrdə beynəlxalq hüquq normalarının, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı kimi prinsiplərin qeyd-şərtsiz tətbiqinin təşviq edilməsinin vacibliyi qeyd olunub.

Nazir Ceyhun Bayramov post-münaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, Vaşinqton sammitinin nəticələri, ölkəmizin sülh prosesi çərçivəsində gözləntiləri barədə qarşı tərəfi məlumatlandırıb.

İşğal dövrünün qalıqları olan Minsk Prosesi və əlaqədar strukturların ləğvinin ATƏT-in fəaliyyətinin effektivliyi, habelə regional reallıqlara uyğun şəkildə işin təşkili baxımından vacibliyi vurğulanıb və əldə olunmuş nəticə təqdir olunub.

 

Daha çox xəbərlər