Əsgərliyə çağırışla bağlı qaydalar niyə dəyişdi?
Ekspert: “Hərbi çağırış 2 dəfəyə endirilə bilər”
Dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 30 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçiriləcəklər.
Bu, Nazirlər Kabinetinin “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də etdiyi dəyişiklikdə əksini tapıb. Dəyişiklik baş nazir Əli Əsədov tərəfindən imzalanıb.
İndiyə qədər qüvvədə olan qərara əsasən, hərbi xidmətə çağırış zamanı “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” sayılmış və bununla əlaqədar ehtiyata keçirilmiş vətəndaşlar 35 yaşa çatana qədər 3 ildən bir məcburi şəhadətləndirilmə keçirlər.
Həmçinin çağırışaqədər yaş həddində olan vətəndaşların tibbi müayinəsinə dair yeni prosedur müəyyənləşib.
Beləliklə, çağırışaqədər yaş həddində olan vətəndaşlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində ilkin hərbi qeydiyyata alınarkən onların tibbi şəhadətləndirilməsi məqsədilə tibbi müayinəyə, habelə hərbi xidmət müddətində daha məqsədəuyğun istifadə edilməsini müəyyənləşdirmək üçün psixoloji müayinəyə cəlb olunacaqlar. Müddətli həqiqi hərbi xidmətə çağırılmalı olan vətəndaşlar çağırışa 2 ay qalmış müddətdə mütləq tibbi müayinədən keçiriləcəklər.
Dəyişikliyə əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsinin aparılması üçün tibbi müayinənin nəticələrinə dair sənədləri onların rəsmiləşdirildiyi gün altsistemə daxil edəcək. Agentlik çağırışçının yekun tibbi müayinəsini altsistemə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ötürülmüş tibbi müayinə nəticələri və çağırışçıların əyani tibbi müayinəsi əsasında həyata keçirəcək.
![]()
Emin Həsənli
“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi təhlilçi Emin Həsənli yeni qərarı humanist qərar kimi dəyərləndirdi. “Yeni Müsavat”a açıqlamasında ekspert vurğuladı ki, adətən 25 yaşa qədər ali təhsili, magistraturanı, o cümlədən hərbi xidməti bitirirlər: “Sağlamlıqla bağlı məhdudiyyəti olan 30-35 yaş arası hərbi xidmətə cəlb olunan şəxslərin sayı çox az idi, ona görə də yaş həddi 30-a qədər endirildi. Məntiqlə sağlamlığında problem olan şəxslərin hərbi çağırış yaşı 35 qala bilməzdi. Belə dəyişikliklər zamana uyğundur. Bu cür qanunlar qəbul edilərkən xeyli təhlillər aparılır, qərarlar çağırışçıların yaşı, sağlamlığı, ölkəni müdafiə etmə qabiliyyəti, ehtiyatda olan hərbçilərin sayı və s. əsasında verilir. Gələcəkdə çağırış ildə 4 dəfədən 2 dəfəyə endirilə, yaz və payız çağırışı ola bilər. Hərbi xidmətə ildə 4 dəfə çağırış edilməsi müharibə dövrü üçün aktual idi. Faiz nisbətində qeyd etsək, müharibə dövründə hərbi xidmətə yararlı şəxslərin sayı orduda 75 faiz, ehtiyata buraxılanların isə 25 faiz olması nəzərdə tutulurdu. Əgər çağırış ildə iki dəfə olsaydı, qəfil müharibə vəziyyətində çətinlik yarana bilərdi. Xüsusilə müharibə zamanı dövlətin müdafiə və təhlükəsizliyi üçün bu qərarın doğru olduğu təsbit olundu”.
E.Həsənli gələcəkdə müddətli həqiqi hərbi xidmətə çağırış yaşının yuxarı həddinin 27-yə endirilməsini istisna etmir. Onun sözlərinə görə, xidmət müddəti ilə bağlı da dəyişikliklər gündəmə gələ bilər: “Gələcəkdə xidmət müddəti orta təhsillilər üçün 1 il, ali təhsillilər üçün isə 6 ay müəyyən edilə bilər. Hazırda dövlətlər sürətlə silahlanır. İkinci Dünya müharibəsi, ”Soyuq müharibə”dən sonra hər kəs düşünürdü ki, buna ehtiyac olmayacaq. Lakin Rusiya-Ukrayna müharibəsi və s. bunun əksini sübut etdi. Azərbaycan 44 günlük Vətən müharibəsində qələbəni səfərbərlik sistemi, peşəkar, müasir ordu quruculuğu, müasir silahlar sayəsində əldə etdi. Hazırda, dünyanın hərbiləşdiyi zamanda, Azərbaycan islahatları birdən-birə edə bilməz. İstərdim hərbi xidmətə çağırış yaşının yuxarı həddi 27 olsun, çağırış isə ildə 2 dəfə olsun. Bu, iqtisadi cəhətdən də məqsədəuyğun olar, çünki çağırış prosesi ağır keçir. O ki qaldı hərbi xidmətin müddətinin bir il yarım qalmasına, çağırış ibtidai təhsil kimidir, çağırış olmadan şəxsin həyatını orduya bağlaya biləcəyini, hərbi qulluqçu kimi xidmət edəcəyini müəyyənləşdirmək mümkün deyil. Dünya təcrübəsində də çağırış ildə 2 dəfə olur, hərbi xidmətə yararlı şəxslərin 50 faizi orduda, 50 faizi isə ehtiyatda olur. Azərbaycan həssas regionda yerləşir, Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə baş verənləri nəzərə alaraq, sülh əldə olunduqdan, şərtlər dəyişdikdən sonra dövlət müvafiq islahatları həyata keçirəcək”.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

