Ailədaxili gərginlik nələrdən qaynaqlanır?
Texnologiya, stress və ünsiyyət böhranı…
Müasir ailənin psixoloji sınaqları: Dəyişən həyat tərzi fonunda münasibətləri necə qorumaq olar?
Hazırda ailə institutu cəmiyyətin sürətli dəyişimi fonunda ciddi psixoloji çağırışlarla üz-üzə qalıb. Urbanizasiya, intensiv iş rejimi, rəqəmsal texnologiyaların həyatımıza dərin nüfuzu və sosial rolların transformasiyası ailədaxili münasibətlərin mahiyyətini dəyişir. Nəticədə ünsiyyətin zəifləməsi, emosional uzaqlaşma, stress, valideyn–övlad münasibətlərində anlaşılmazlıqlar və ailədaxili balansın pozulması kimi problemlər daha qabarıq şəkildə özünü göstərir.

Bu proseslər ailə üzvlərinin psixoloji sağlamlığına birbaşa təsir etməklə yanaşı, cəmiyyətin ümumi sosial rifahına da təsirsiz ötüşmür. Müasir ailələrin qarşılaşdığı psixoloji problemlərin səbəblərini anlamaq, onların həlli yollarını müəyyənləşdirmək və sağlam münasibət modellərini təşviq etmək bu gün xüsusi aktuallıq kəsb edir. “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva ilə söhbətimizdə müasir ailələrdə psixoloji gərginliyin əsas mənbələri, valideyn–övlad ünsiyyətində yaranan məsafənin səbəbləri və ailə münasibətlərinin möhkəmləndirilməsi üçün effektiv psixoloji yanaşmalarla bağlı müzakirə apardıq.
-Müasir ailələrdə ən geniş yayılmış psixoloji problemlər hansılardır?
– Ən geniş yayılmış problemlər sırasında ailə üzvləri arasında ünsiyyətin zəifləməsi, emosional uzaqlaşma, stress və gərginlik, valideyn–övlad münasibətlərində anlaşılmazlıqlar, eləcə də ailədaxili rolların qeyri-müəyyənliyi xüsusi yer tutur. Bir çox ailələrdə tərəfdaşlar eyni məkanda yaşasalar da, emosional baxımdan bir-birindən uzaqlaşır, bu isə narazılıq, aqressiya və səssiz konfliktlərin yaranmasına səbəb olur. Sürətli həyat tempi ailə üzvlərinin bir-birinə ayırdığı vaxtı minimuma endirir. Uzun iş saatları, maddi rifah naminə daimi tələskənlik və “vaxt çatışmazlığı” hissi ailə içində keyfiyyətli ünsiyyəti zəiflədir. Urbanizasiya da bu prosesə öz təsirini göstərir: böyük şəhərlərdə sosial dəstək şəbəkələri (geniş ailə, qohumlar, qonşuluq münasibətləri) zəifləyir, ailə daha çox problemləri təkbaşına həll etməyə məcbur qalır. Müasir həyat tərzi və rəqəmsal texnologiyaların həddindən artıq istifadəsi isə ailə üzvlərinin real emosional əlaqələrini azaldır, xüsusilə uşaqlar və yeniyetmələrdə diqqət, davranış və emosional problemlərin artmasına zəmin yaradır. Bununla yanaşı, müasir dövrdə qadın və kişinin ailədaxili rol və məsuliyyətləri dəyişib, bu isə uyğunlaşma problemi yaradır. Ənənəvi gözləntilərlə real həyat tələbləri arasında ziddiyyətlər yaranır və bu, cütlüklər arasında gərginliyə səbəb olur.
Maddi problemlər, gələcək narahatlığı və sosial müqayisə də ailə psixologiyasına mənfi təsir göstərən əsas faktorlardandır. Bu problemlərin öhdəsindən gəlmək üçün ailələr ilk növbədə sağlam və açıq ünsiyyət bacarıqlarını inkişaf etdirməlidirlər. Duyğuların açıq şəkildə ifadə olunması, qarşı tərəfi mühakimə etmədən dinləmək və empati qurmaq ailədaxili münasibətlərin əsasını təşkil edir. Birlikdə keyfiyyətli vaxt keçirmək, texnologiyadan fasilələrlə uzaq durmaq və ailə ənənələri formalaşdırmaq emosional bağları gücləndirir. Eyni zamanda, streslə mübarizə bacarıqlarının öyrənilməsi, ailə üzvləri arasında məsuliyyətlərin ədalətli bölüşdürülməsi və real gözləntilərin müəyyən edilməsi vacibdir. Zərurət olduqda psixoloq və ya ailə məsləhətçisinə müraciət etmək isə zəiflik deyil, əksinə, ailənin sağlamlığına verilən dəyərin göstəricisidir. Ümumilikdə, müasir ailələrin psixoloji sağlamlığı şüurlu yanaşma, qarşılıqlı anlayış və davamlı emosional dəstək üzərində qurulduqda sürətli həyat temposu və urbanizasiyanın yaratdığı çətinlikləri aşmaq mümkündür.
-Uşaqlarla valideynlər arasında psixoloji məsafənin yaranmasının əsas səbəbləri nələrdir və valideynlər bunu azaltmaq üçün hansı konkret addımlar ata bilərlər?
-Uşaqlarla valideynlər arasında psixoloji məsafənin yaranmasının əsas səbəbləri arasında ünsiyyət çatışmazlığı, valideynlərin məşğulluğu və emosional əlçatanlığının azalması, rəqəmsal texnologiyaların həddindən artıq istifadəsi, avtoritar və ya həddindən artıq nəzarətçi tərbiyə üslubu, eləcə də uşağın yaş dövrünə uyğun ehtiyac və hisslərinin nəzərə alınmaması dayanır. Valideyn–övlad münasibətində tənqid və müqayisənin çox, anlayış və dinləmənin isə az olması da bu məsafəni dərinləşdirir. Bu məsafəni azaltmaq üçün valideynlər uşağa gündəlik olaraq keyfiyyətli vaxt ayırmalı, onu mühakimə etmədən dinləməli və hisslərini ciddiyə aldıqlarını göstərməlidirlər. Uşağın fikirlərinə hörmət etmək, açıq dialoq mühiti yaratmaq, texnologiyadan birgə və məhdud şəkildə istifadə, həmçinin sevgi və dəstəyi sözlə və davranışla ifadə etmək ən təsirli addımlardandır. Bu yanaşma uşağın özünü ailədə güvənli və dəyərli hiss etməsinə kömək edir.
-Müasir ailələr üçün psixoloji maarifləndirmə, seminarlar və təlimlərin əhəmiyyəti nədən ibarətdir və bu cür tədbirlər ailə münasibətlərini necə gücləndirə bilər?
-Müasir ailələr üçün psixoloji maarifləndirmə, seminarlar və təlimlər ailə üzvlərinin bir-birini daha yaxşı anlamasına, ünsiyyət bacarıqlarını inkişaf etdirməsinə və konfliktləri sağlam şəkildə həll etməsinə kömək edir. Bu cür tədbirlər valideynlərə və cütlüklərə stresin idarə olunması, emosiyaların düzgün ifadəsi və yaş dövrlərinə uyğun davranış modelləri barədə praktik biliklər verir. Nəticə etibarilə, psixoloji təlimlər ailədə empati, qarşılıqlı hörmət və emosional yaxınlığı gücləndirir, problemlərin dərinləşmədən vaxtında həllinə şərait yaradır və daha sağlam, dayanıqlı ailə münasibətlərinin formalaşmasına töhfə verir.
-Ailə üzvlərindən biri emosional və ya psixoloji böhran yaşayırsa digər üzvlər bunu necə düzgün dəstəkləyə və münasibətləri qoruyub saxlaya bilər?
-Ailə üzvlərindən biri emosional və ya psixoloji böhran yaşadıqda digər ailə üzvlərinin əsas rolu problemi “düzəltmək” deyil, təhlükəsiz və anlayışlı mühit yaratmaqdır. İlk növbədə həmin şəxsi mühakimə etmədən dinləmək, hisslərini kiçiltməmək və tələsik məsləhətlər verməmək vacibdir. Səbirli yanaşma, empati göstərmək, yanında olduqlarını söz və davranışla hiss etdirmək böhran yaşayan ailə üzvünün özünü tək hiss etməsinin qarşısını alır. Eyni zamanda, gündəlik münasibətləri qorumaq, ailə daxilində gərginliyi artıracaq ittiham və mübahisələrdən uzaq durmaq da mühüm şərtdir. Digər tərəfdən, ailə üzvləri öz emosional resurslarını da nəzərə almalı, hər şeyi təkbaşına həll etməyə çalışmamalıdırlar. Əgər vəziyyət uzun müddət davam edirsə və ya gündəlik həyata ciddi təsir göstərirsə, peşəkar psixoloji dəstəyə müraciət etmək zəruridir. Bu dəstək psixoloq, psixoterapevt və ya ailə məsləhətçisi vasitəsilə fərdi və ya ailəvi görüşlər şəklində alına bilər. Son dövrlərdə onlayn psixoloji konsultasiyalar, dəstək qrupları və maarifləndirici seminarlar da ailələr üçün əlçatan və effektiv üsullardır. Peşəkar dəstək həm böhranın səbəblərini anlamağa, həm də ailə münasibətlərini qoruyaraq sağlam həll yolları tapmağa kömək edir.
-Cütlüklərin və ailələrin davamlı xoşbəxtliyi qoruması üçün əsas psixoloji prinsiplər hansılardır və gündəlik həyatda onların tətbiqi necə ola bilər?
-Cütlüklərin və ailələrin davamlı xoşbəxtliyini qoruması üçün əsas psixoloji prinsiplər qarşılıqlı hörmət, açıq ünsiyyət, emosional yaxınlıq və real gözləntilər üzərində qurulur. Tərəflərin bir-birini olduğu kimi qəbul etməsi, fərqliliklərə anlayışla yanaşması və problemləri gizlətmədən, sakit şəkildə müzakirə etməsi münasibətlərin sağlam qalmasına kömək edir.Gündəlik həyatda bu prinsiplər bir-birini diqqətlə dinləmək, duyğuları açıq ifadə etmək, xırda, amma səmimi qayğı jestləri göstərmək və mübahisələr zamanı qalib gəlməyə yox, anlaşmağa çalışmaqla özünü göstərir. Eyni zamanda, birgə vaxt keçirmək, bir-birinin əməyini dəyərləndirmək və çətin dövrlərdə komanda kimi hərəkət etmək ailə xoşbəxtliyinin davamlılığını təmin edir.
-Sosial media və texnologiya uşaqların və valideynlərin münasibətlərinə necə təsir edir və ailələr bunu balanslaşdırmaq üçün hansı addımlar ata bilərlər?
-Sosial media və texnologiya müasir ailə münasibətlərinə ikili təsir göstərir. Bir tərəfdən, valideynlər və uşaqlar üçün məlumatlanma, əlaqə saxlama və öyrənmə imkanlarını genişləndirir, digər tərəfdən isə üzbəüz ünsiyyəti azaldaraq emosional yaxınlığın zəifləməsinə səbəb ola bilir. Uşaqların uzun müddət ekrana bağlı qalması diqqət, davranış və emosional tənzimləmə problemləri yarada bildiyi kimi, valideynlərin də daim telefonda olması uşaqlarda laqeydlik hissi formalaşdıra bilər. Bu təsirləri balanslaşdırmaq üçün ailələr texnologiyadan istifadəyə şüurlu yanaşmalıdır. Ekran vaxtı ilə bağlı aydın qaydalar müəyyən etmək, yemək və ailə söhbətləri zamanı telefonlardan uzaq qalmaq, həmçinin texnologiyasız birgə fəaliyyətlərə – oyun, gəzinti, müzakirə və hobbilərə – yer ayırmaq vacibdir. Valideynlərin öz davranışları ilə nümunə olması və uşaqlarla sosial media riskləri barədə açıq, qorxutmadan aparılan söhbətlər ailə münasibətlərinin sağlam və balanslı qalmasına mühüm töhfə verir.
Yaqut Ağaşahqızı, “İki sahil”

