Bir tarix, bir yaddaş, bir millət: 31 dekabr Azərbaycan xalqının bölünməz ruhu
Məlum olduğu kimi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunur. Bu gün bütün dünya azərbaycanlılarını bir ideya, bir tarixi yaddaş və bir milli kimlik ətrafında birləşdirən simvolik bir gündür. Bu tarix Azərbaycan xalqının parçalanmış taleyinə, sərhədlərlə ayrılmış coğrafiyasına və buna baxmayaraq sarsılmayan milli ruhuna işarə edir.
31 dekabr Azərbaycan üçün milli həmrəyliyin, tarixi ədalətsizliyə etirazın, birliyin və özünüdərkin rəmzidir. Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı üçün bu gün milli köklərə qayıdış, milli mənsubiyyətə sədaqət və ümumi gələcək üçün məsuliyyət hissini ifadə edir.
Xatırladaq ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün ideoloji və tarixi əsası 1989-cu ilin sonlarında Naxçıvanda qoyulub. Həmin dövrdə SSRİ-nin zəifləməsi fonunda imperiya tərəfindən süni şəkildə çəkilmiş sərhədlərə qarşı xalq etirazı və milli oyanış dalğası formalaşmağa başladı.
Xüsusilə Araz çayı boyunca çəkilmiş SSRİ-İran sərhəd çəpərləri Azərbaycan xalqının yaddaşında milli faciə kimi qəbul edilirdi. Bu sərhəd təkcə torpağı deyil, ailələri, qohumları, eyni dili, eyni mədəniyyəti bölmüşdü.
1989-cu ilin dekabrında Naxçıvanda başlanan “Sərhəd hərəkatı” nəticəsində sərhəd çəpərlərinin sökülməsi tarixi və simvolik bir hadisə oldu. Bu hadisə Arazın o tayında və bu tayında yaşayan soydaşların yenidən ünsiyyət qurmasına, qohumluq tellərinin bərpasına və milli birlik hissinin güclənməsinə səbəb oldu.
1989-cu ilin noyabrında keçirilən Ali Məclis iclaslarında xalqın iradəsi açıq şəkildə ifadə olundu və 31 dekabr tarixinin milli birlik günü kimi qeyd edilməsi ideyası irəli sürüldü. Bu ideya qısa müddətdə təkcə Naxçıvanla məhdudlaşmadı, bütün Azərbaycan cəmiyyətinin ümumi tələbinə çevrildi.
1990-cı ilin noyabr ayının 3-də Türkiyədə keçirilən Birinci Millətlərarası Azərbaycan Dərnəkləri Qurultayı isə bu ideyanı beynəlxalq müstəviyə daşıdı. Qurultayda dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar milli birlik və həmrəyliyin zəruriliyini açıq şəkildə bəyan etdilər.
Tarixi dönüş nöqtəsi isə 1991-ci ilin 16 dekabrında baş verdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olundu. Bununla bağlı 6 bənddən ibarət rəsmi qərar qəbul edildi.
Qərarın mahiyyəti və tarixi əhəmiyyəti
Qərarda xüsusi olaraq vurğulanırdı ki:
– 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi və Birlik Günü elan edilsin;
– Bu gün hər il bayram kimi qeyd olunsun;
– Respublika ərazisində iş günü hesab edilməsin;
– Demokratik təşkilatların iştirakı ilə təntənəli mərasimlər keçirilsin;
– Elm, təhsil və mədəniyyət müəssisələrində xüsusi tədbirlər təşkil edilsin;
– Sərhəd çəpərlərinin bərpası qanunsuz hesab edilsin və bununla bağlı deputat komissiyası yaradılsın.
Bu qərar Azərbaycan xalqının milli iradəsinin hüquqi-siyasi ifadəsi idi.
Sovet rejiminin təzyiqləri və xalqın sarsılmaz mövqeyi Sovet İttifaqının rəhbərliyi, Kommunist Partiyasının mərkəzi komitələri, sərhəd qoşunları və ideoloji aparat bu prosesi dayandırmaq üçün bütün siyasi və hərbi vasitələrə əl atdı. Lakin artıq gec idi. Xalq öz sözünü demişdi.
Xalq Cəbhəsinin Naxçıvan Vilayət Şöbəsi ardıcıl siyasi aksiyalarla “Sərhəd hərəkatı”nı milli azadlıq mübarizəsinin tərkib hissəsinə çevirdi. Beləliklə, 31 dekabr həm tarixi, həm də milli müqavimət və birlik simvolu oldu.
Bu günün əsas mesajı dəyişməzdir: Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz xalqına bağlı olmalı, milli birliyin gücləndirilməsi üçün çalışmalıdır.
Beləliklə, 31 dekabr Azərbaycan xalqının bölünməz ruhunun, sarsılmaz birliyinin və tarixi ədalətə inamının əbədi simvoludur.
Xalidə Gəray
Musavat.com

