2 yanvar, iki şəhid, bir bayraq – BİR YOL: Natiq Qasımovdan Polad Həşimova uzanan milli müqavimət fəlsəfəsi
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsinin simvol fiqurlarından biri *Natiq Qasımov*un doğum günüdür. Bu tarix təkcə bir qəhrəmanın anım günü deyil, həm də Azərbaycan siyasi yaddaşında milli iradənin ötürülməsi, qəhrəmanlığın nəsildən-nəslə keçməsi kimi dərin məna daşıyan bir gündür.
Natiq Səlim oğlu Qasımovun həyatı Qarabağ savaşının ən ağır mərhələsinə təsadüf etdi. O dövr Azərbaycanın dövlətçiliyinin sınaqdan çıxdığı, siyasi iradənin zəif, cəmiyyətin isə taleyüklü suallar qarşısında qaldığı illər idi. Belə bir şəraitdə könüllü şəkildə cəbhəyə yollanan Natiq Qasımov təkcə silahlı döyüşçü deyildi; o, dövlət boşluğunda xalqın vicdanını təmsil edən siyasi-mənəvi fiqur idi. Onun Ağdam–Xocalı istiqamətindəki döyüş yolu faktiki olaraq Azərbaycanın suverenlik iddiasının cəbhə xəttində yazılan manifestinə çevrildi.

1992-ci ilin martında Xocalı rayonunun Pirlər kəndi ətrafında əsir götürülməsi və əlində Azərbaycan bayrağı ilə düşmən qarşısında sınmaması Natiq Qasımovu sıravi döyüşçü statusundan çıxarıb milli müqavimətin vizual simvoluna çevirdi. O foto təkcə bir anın kadrı deyil; bu, dövlətin zəif olduğu məqamda xalqın bayrağı necə daşıdığını göstərən siyasi sənəddir. Əsirlikdə belə bayraqdan imtina etməmək Natiq Qasımovun şəxsində Azərbaycanın təslim olmayan kimliyinin bəyanı idi.

Natiq Qasımovun 1992-ci ildə şəhid olması ilə Azərbaycan bir qəhrəmanını itirdi. Amma Musavat.com xatırladır ki, tarixdə elə məqamlar var ki, itki eyni zamanda yeni bir xəttin başlanğıcına çevrilir. Məhz həmin il – 1992-ci ildə – bu gün doğum günü olan Polad Həşimov gənc yaşlarında qəribə, izahı çətin olan bir daxili çağırışla hərbçi olmaq qərarı verdi və Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə qəbul olundu. Bu, təsadüf deyil. Bu, Azərbaycan tarixində tez-tez rast gəlinən mistik-siyasi davamlılıqdır: bir cəbhədə bayraq yerə düşmürsə, başqa bir məkanda o bayrağı daşıyacaq iradə artıq formalaşır.

Bu xətt 2020-ci ilə, ikinci Qarabağ müharibəsinə qədər uzandı. General Polad Həşimovun şəhidliyi bir daha göstərdi ki, Azərbaycan cəmiyyətində qəhrəmanlıq epizodik hadisə deyil, strukturlaşmış milli davranış modelidir. Dövlətin gücləndiyi, ordunun sistemləşdiyi mərhələdə belə, ön xətdə şəhid olan general obrazı Natiq Qasımovun 1992-ci ildə yaratdığı mənəvi xəttin müasir davamı idi. Və bu gün əminliklə demək olar: 2020-ci ildən sonra da bu xətt qırılmayıb. Polad Həşimovun şəhid olduğu gün haradasa bir gənc – bəlkə də hələ adı bilinməyən biri – Azərbaycan üçün, ordu üçün, dövlətin gələcəyi üçün taleyüklü qərarını artıq verib.

Natiq Qasımovun ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülməsi təkcə keçmişə verilən qiymət deyil. Bu, gələcəyə ünvanlanan siyasi mesajdır: bu dövlət özünü bayraq üçün qurban verənləri unutmur, onların xəttini dövlət ideologiyasına çevirir. Qarabağ bu gün azaddırsa, bu azadlığın arxasında yalnız hərbi qələbə yox, 1992-dən 2020-yə, ordan da sabaha uzanan sarsılmaz milli iradə zənciri dayanır.

Bu gün doğum günündə Natiq Qasımov təkcə ehtiramla anılmır. O, Azərbaycan siyasi tarixində bayraqla başlayan, şəhidliklə möhkəmlənən və davamlılıqla qalib gələn bir xəttin ilk böyük simvollarından biri kimi yenidən oxunur.
2 yanvar günü doğulmuş hər iki şəhidimizi hörmət və minnətdarlıqla anırıq.
Musavat.com

