Separatçıların Xankəndi nostaljisi – Sonuncu “saman çöpü”
Qarabağdan qaçan separatçılardan biri, keçmiş qondarma rejimin “nümayəndəsi” kimi özünü qələmə verən Hovannes Gevorqyan yenə sayıqlayıb. Mifik “nümayəndə” iddia edib ki, “artsax olub, indi də var və olacaq”.
Onun sərsəmləməsinə görə, “artsax”ın uydurma “dövlət naziri” olmuş Ruben Vardanyanın Azərbaycan həbsxanasında olarkən dediyi sözlər də inam və ümid ifadə edir.
Qeyd edək ki, son vaxtlar İrəvanda separatçıların bu tonda çağırışları xeyli artıb. Eyni zamanda, ermənilərin Qarabağa “qayıdışının vacibliyindən” tez-tez dəm vurulur.
Qayıdış üçün hansı səylərdən söhbət gedir? Qarabağa qayıdış üçün Azərbaycan dövlətinin şərti və tələbi çoxdan bəllidir. Bu şərtlər ermənilər hələ Qarabağda olarkən elan edilib. O zaman separatçılar niyə hələ də hansısa muxtariyyətə ümid edirlər? Son vaxtların bu aktivliyi Rusiyanın sifarişi ola bilərmi?

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov Musavat.com-a dedi ki, Hovannes Gevorqyan kimi keçmiş qondarma rejimin nümayəndəsi kimi təqdim olunan fiqurların “Artsax olub, indi də var və olacaq” kimi iddiaları əslində regionda real siyasi reallığı danmaq və ideoloji narazılığı canlı saxlamaq cəhdidir: “Gevorqyanın sərsəmləmələri və uydurma statusu, habelə Ruben Vardanyanın Azərbaycan həbsxanasında dediyi sözlər kimi iddialar, daha çox psixoloji təsir və tərəfdarları səfərbər etmək məqsədini daşıyır, faktiki olaraq isə beynəlxalq hüquq baxımından heç bir əhəmiyyət kəsb etmir”.
Onun fikrincə, bu tip ritorika bir neçə aspektdən izah edilə bilər: “Birincisi, keçmiş separatçı dairələr Qarabağın statusu ilə bağlı ilkin real vəziyyəti qəbul edə bilmir. 2020-ci il müharibəsi və 2023-cü ilin regional antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini bərpa edib, Qarabağ üzrə bütün inzibati və hüquqi mexanizmlər Azərbaycan qanunvericiliyinə tabe olub. İkincisi, separatçıların istifadə etdiyi “Artsax var və olacaq” ritorikası daha çox simvolik müqavimət və ideoloji ümid yaratmaq məqsədini güdür. Onlar hələ də keçmiş muxtariyyət və qondarma idarəetmə strukturlarının bərpasına ümid bəsləyirlər, lakin bu, yalnız şəxsi və qrup maraqlarına xidmət edən fərziyyələrdir, reallıqla heç bir uyğunluğu yoxdur.
Azərbaycan dövlətinin Qarabağa qayıdış və təhlükəsizlik şərtləri çoxdan açıq şəkildə elan olunub. Bu şərtlər konkret, hüquqi və siyasi baxımdan reallığa əsaslanan şərtlərdir. Separatçıların hələ də muxtariyyətə ümid etməsi əslində həm informasiya savaşının, həm də keçmiş status-kvoya bağlı emosional bağın göstəricisidir. Onlar bu cür ritorika ilə Ermənistanda müəyyən auditoriyanı səfərbər etməyə çalışırlar”.
Ekspertə görə, İrəvanda bu tip çağırışların artması və ermənilərin Qarabağa qayıdışının vacibliyi mövzusunun tez-tez gündəmə gətirilməsi isə təsadüfi deyil: “Bu, bir tərəfdən daxili auditoriyada ideoloji nüfuzu qorumağa yönəlib, digər tərəfdən isə belə çağırışlar Rusiya və ya onun təsiri ilə əlaqəlidir. Rəsmi Moskva regionda mövqeləri zəiflədikcə müxtəlif vasitələrlə proseslərə təsir etməyə çalışır. Separatçı ritorikanın yenidən qızışdırılması və İrəvanda müəyyən dairələr tərəfindən təşviqi Rusiyanın idarə olunan qeyri-sabitlik strategiyasından qaynaqlanır. Lakin bu artıq əvvəlki kimi effektiv mexanizm deyil, çünki regiondakı reallıqlar dəyişib və proses Azərbaycanın tam nəzarətindədir.
Bundan əlavə, separatçıların fəallaşması beynəlxalq hüquq və diplomatiya baxımından da əhəmiyyətlidir. Azərbaycanın beynəlxalq öhdəlikləri və suverenliyi çərçivəsində hər hansı bir qayıdış yalnız Bakı ilə razılaşma əsasında mümkündür. Separatçı bəyanatlar isə beynəlxalq ictimaiyyət tərəfindən ciddi qəbul olunmur və reallıqda hüquqi qüvvəsi yoxdur. Bu baxımdan Gevorqyan və digərlərinin sərsəm bəyanatları yalnız təbliğat xarakter daşıyır, real siyasət və diplomatik proseslərə təsir edə bilmir.
Odur ki, separatçıların son aktivliyi informasiya və psixoloji təsir, ideoloji mobilizasiya və regional gündəmi canlı saxlamaq məqsədindən başqa bir şey deyil. Qarabağ məsələsi Azərbaycan üçün artıq tam şəkildə həll olunub və hər hansı qondarma muxtariyyət ideyası hüquqi və siyasi baxımdan qeyri-mümkündür. Eyni şəkildə separatçı ritorikanın artması, Rusiyanın keçmişdə olduğu kimi birbaşa təsir gücünü göstərmək niyyəti də nəticəsiz qalacaq. Çünki regiondakı faktiki güc balansı və Azərbaycanın dövlət nəzarəti bu cür cəhdlərin uğurla nəticələnməsinə imkan verməyəcək”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”

