Gündəm 

Bələdiyyələrin ləğvi təklif olundu

Bakıya sonuncu qar yağmasından sonra məlum oldu ki, Bakının mərkəzi dərhal qardan təmizlənir. Ancaq şəhər ətrafı qəsəbələr və kəndlərin yolları barədə bunu söyləmək mümkün deyil. Şəhərətrafı qəsəbələrdə və kəndlərdə yaşayan sakinlər mərkəzə gəlib çıxa bilmədilər. Hər il qış aylarında qar yağan zaman eyni vəziyyət təkrarlanır. Küçələrin, həyətlərin qardan təmizlənməsində bələdiyyələrin fəaliyyəti isə hiss olunmur.

Nə üçün sakinlərdən müxtəlif adlar altında hər il bələdiyyə pulu yığan bələdiyyələrin fəaliyyəti hiss olunmur?

Tural Abbaslı: “Paşinyandan olsa, dünəndən..." - Müsahibə

AĞ Partiyanın sədri Tural Abbaslı Musavat.com-a bildirib ki, bələdiyyələrin nəzərində vətəndaşlara xidmət arxa plana keçirilib.

Şəhərin mərkəzinə həmişə xüsusi diqqətin ayrılması, qar yağan kimi ancaq mərkəzdəki küçələrin təmizlənməsi görüntü yaratmaq, ölkə rəhbərliyinin nəzərində özlərini “işləyən qurumlar” kimi göstərmək üçündür. Kənarlar gözdən uzaqdır deyə, heç bir bələdiyyə sədrinin, icra hakimiyyətinin vecinə də deyil:

“Bələdiyyələr hazırkı vəziyyətdə guya fəaliyyət göstərməkdənsə ləğv olunsa daha yaxşıdır. Məsələn, qar yağır, küçələrdə hərəkət iflic olur. Qarın təmizlənməsi işini bələdiyyə icra hakimiyyətinin, icra hakimiyyətləri bələdiyyələrin üzərinə atır. Nəticədə ortada iş adına heç nə olmur. Amma bələdiyyələr ləğv edilsə və onların da ən azından kağız üzərində olan bir sıra funksiyaları tutaq ki, icra hakimiyyətinə verilsə, problemlərin həllinin məsuliyyəti bir ünvanın üzərinə düşmüş olar. Qış aylarında qarın fəsadlarının aradan qaldırılması üçün dövlətdən kifayət qədər vəsait ayrılır. Sadəcə olaraq həmin vəsaitlər mənimsəmələr nəticəsində nəzərdə tutulan işlərə real sərf olunmur. Nəticədə isə heç kim cəzalandırılmır”.

T.Abbaslının sözlərinə görə, Bakıya son qar yağışı bir daha göstərdi ki, paytaxtda problem nə qardır, nə də qışın sərtliyində, problem yerli idarəetmədədir, saxta yerli özünüidarəetmə və məsuliyyətsizlikdir:

“Şəhərin mərkəzi küçələri saatlar ərzində qardan təmizləndiyi halda, şəhərətrafı qəsəbə və kəndlər faktiki olaraq blokadaya düşdü. Minlərlə insan işə, xəstəxanaya, təhsilə gedə bilmədi. Bu, təbiət hadisəsi yox, yerli idarəetmə iflasıdır. Qanuna görə, məhəllədaxili yolların, həyətlərin, qəsəbədaxili küçələrin saxlanması birbaşa bələdiyyələrin səlahiyyətinə daxildir. Reallıqda isə nə texnika var, nə operativ reaksiya, nə də ictimai hesabat. Sakinlərdən hər il “abadlıq”, “kommunal”, “yerli rüsum” adı ilə pul yığan bələdiyyələr qar yağanda tamamilə yoxa çıxır. Bu artıq səhlənkarlıq yox, institusional məsuliyyətsizlikdir. Pul yığılır, xidmət göstərilmir. Əgər vətəndaşdan vəsait yığılırsa, amma qarşılığında yol açılmırsa, təhlükəsizlik təmin olunmursa, bu artıq maliyyə intizamının pozulması və ictimai etimadın sui-istifadəsidir. Təəssüf ki, bu proses nə audit olunur, nə də real nəzarətə məruz qalır. Bu isə həmin yerli özünüidarəetmə orqanlarında arxayınçılıq yaradır”.

Etibar Seyidağa
Musavat.com

Daha çox xəbərlər