“Buradan neçə yetimin çörəyi çıxır?” – yas biznesi ətrafında qalmaqal – REPORTAJ
“Burada neçə yetimin çörəyi çıxır”
Ölkənin rayonların əksəriyyətində yas mərasimlərində artıq yalnız çay süfrəsi açılır, mərasimlər əsasən həyətlərdə qurulan çadırlarda keçirilir. Bu yanaşma həm israfçılığın qarşısını alır, həm də ailələrin maddi yükünü azaldır. Bakıda isə bu ənənə hələ formalaşmayıb, yas mərasimlərində geniş ehsan süfrələri davam edir.
Sual doğuran məqam odur ki, paytaxtda bu qadağa niyə effektiv işləmir? Buna mərasim evləri mane olur, yoxsa mərhumun yaxınları sosial təzyiq səbəbindən sadə ehsan süfrəsi təşkil etmirlər?
Bu yaxınlarda Tərtərdə bir yas məclisində ehsan süfrəsində hətta kababın verilməsi də böyük rezonans doğurmuşdu.
Ümumi narazılıq ondan ibarətdir ki, bəzi hallarda insanlar yas mərasimini keçirmək üçün kredit və ya borc götürməyə məcbur qalırlar. Bir yas mərasiminin xərci bəzən 5-10, 15-20, hətta 50 min manata qədər yüksəlir.

Paytaxt sakinləri bu mövzuda fikirlərini Musavat.com-a danışıblar. Elmira Əliyeva bildirib ki, yaxın vaxtlarda onun bir qohumu vəfat edib və ailənin maddi imkanları aşağı olub: “Buna baxmayaraq, biz ‘el nə deyər’ düşüncəsi ilə yemək süfrəsi açmağa məcbur qaldıq. Amma yas mərasiminə gələnlərin bəziləri heç bir maddi yardım etmədən süfrə arxasına əyləşir, bəziləri isə sanki yasa yox, adi məclisə gəlibmiş kimi davranır, deyib-gülürdülər. Mən tərəfdarıyam ki, yalnız çay süfrəsi açılsın”.

Paytaxt sakini Etibar Verdiyev maddi imkanə zəif olan şəxslərin rəhmətə gedən əzizlərinə görə borca düşdüklərini deyir: “İnsan bir tərəfdən yaxınını itirməyin ağrısını yaşayır, digər tərəfdən isə yas məclisinin təşkili, qonaqlara xidmət, yemək hazırlığı ilə məşğul olur”.
Adının çəkilməsini istəməyən digər paytaxt sakini isə fərqli mövqe sərgiləyir. O bildirir ki, oğlu mərasim evlərindən birində çalışır və bu səbəbdən mərasim evlərinin fəaliyyətinin davam etməsinin tərəfdarıdır. Müsahibimizin sözlərinə görə, övladı universitetdə təhsil alsa da, ailənin maddi imkanları zəif olduğundan əlavə qazanc üçün mərasim evində işləməyə məcbur qalır. Özü qab yumaqla məşğul olduğunu, oğlunun isə aşpaz köməkçisi kimi çalışdığını deyir. Onun fikrincə, bu iş ailənin dolanışığında mühüm rol oynayır və mərasim evlərinin bağlanması onların gəlir mənbəyini əlindən ala bilər. Məhz buna görə də müsahibimiz bu obyektlərin fəaliyyətinin davam etdirilməsini arzuladığını vurğulayır.
Bəs mərasim evlərinin sahibləri nə düşünür? Onlar səsləndirilən tənqidlərlə razıdırlarmı?
“Mədinə” mərasim evinin adının çəkilməsini istəməyən nümayəndəsi Musavat.com-a emosional şəkildə münasibət bildirdi: “Ölkədə həll olunası sonuncu problem ehsan məsələsidir. Elə bil, ölkənin iqtisadiyyatını mərasim evləri çökdürür. Kasıb ailə 50–60 nəfərlik süfrə açır, bu da təxminən 600 manata başa gəlir. Yasa gələnlər adətən 10 manat verir və həmin pulla xərc ödənir. Hamı mərasim evlərinin üstünə düşüb. 10–13 manatlıq yemək verilir. Toylarda menyu 100 manatdır, onu niyə müzakirə etmirlər? Əksinə, biz iqtisadiyyata fayda veririk. Göy satandan göy alırıq, yağ alırıq, işsizlər gəlib qab yuyur, pul qazanır, gənclər ofisiant işləyib 5–10 manat əldə edir. Televiziyalarda olan biabırçı verilişlər yığışdırılmır, amma mərasim evləri hədəfə alınır. Adam dünyasını dəyişir, bir tikə yemək verilir. Onsuz da bizdə 3 və 7 mərasimləri birləşdirilir, 40 mərasimini çox adam vermir. Cümə axşamları da yaxınlar evlərdə yığışır. O qədər problem var, amma hamı mərasim evlərinin üstünə düşüb. Burada neçə yetimin çörəyi çıxır. Rayonlardan işsiz insanlar gəlib burada işləyir, əri vəfat etmiş qadınlar beş manat qazanır. Bunları da nəzərə alsınlar. Hər kəs vicdanı ilə qərar versin. Mərasim üçün niyə kredit götürürlər? Götürməsinlər. Hamı pul yazdırır”.
“Tural” mərasim evinin meneceri Məmməd isə Musavat.com-a bildirib ki, menyu əsasən mərhumun ailəsinin istəyi əsasında seçilir: “Mərasim evində menyular təqdim olunur, ev yiyəsi gəlib seçim edir. Kimisi bölgələrdə olduğu kimi çay süfrəsi verir, kimisi isə yemək sifariş edir. Çay süfrəsinə üstünlük verənlərin sayı getdikcə artır. Bu, insanların maddi imkanlarından asılıdır. Məsələn, Zəngilan camaatının çoxu artıq çay süfrəsinə keçib, amma imkanı olanlar yenə də yemək verir”.
Menecer əlavə edib ki, çay süfrəsi istəyən ailələrə heç bir maneə yaradılmır:
“Bizim üçün problem yoxdur. Əksinə, çay süfrəsi daha sərfəlidir. Dəbdəbə məsələsi bir az şişirdilir. Onsuz da heç kim iki yemək vermir. Çay süfrəsi 10 manatdır, adi menyu isə 17 manatdır. Arada cəmi 7 manat fərq var”.

Ceyhun Məmmədov
İlahiyyat üzrə fəlsəfə doktoru, deputat Ceyhun Məmmədov isə Musavat.com-a açıqlamasında bildirib ki, hazırda ölkədə keçirilən dəbdəbəli yas mərasimlərinin İslam qaydaları ilə heç bir uyğunluğu yoxdur. Onun sözlərinə görə, İslamda yemək vermək ənənəsi yoxdur, əksinə, peyğəmbər müsəlmanlara tapşırıb ki, yasa düşən ailəyə yemək aparılsın, çünki həmin insanlar ağır psixoloji vəziyyətdə olurlar. Din baxımından üç gündən artıq yas saxlamaq da nəzərdə tutulmur. “Cümə axşamı”, “40 mərasimi” və oxşar adətlərin dini əsası yoxdur və bunlar sonradan formalaşmış ənənələrdir.
Deputat qeyd edib ki, bu gün yas mərasimlərində açıq-aşkar israfçılıq müşahidə olunur və bu, cəmiyyətdə ciddi narahatlıq yaradır: “Bu ehsanların ölüyə heç bir xeyri yoxdur. Əgər kimsə ehsan vermək istəyirsə, bunu uşaq evinə, qocalar evinə dəstək göstərməklə və ya bir tələbənin təhsil haqqını ödəməklə edə bilər. Bu cür dəbdəbəli yasların nə dini, nə də mənəvi əsası var”.
Onun fikrincə, mərasimlərin vahid normalar əsasında, dini tələblərə uyğun təşkili və artıq xərclərin qarşısının alınması vacibdir. Bu məsələ iki yolla həll edilə bilər: ya insanlar özləri bu dəyişikliyə təşəbbüs göstərməlidir, ya da inzibati mexanizmlər tətbiq olunmalıdır. Ceyhun Məmmədov hesab edir ki, ən doğru yol cəmiyyətin özünün bu dəyişikliyə hazır olmasıdır: “İnsanlar özləri də bu adətlərdən yorulublar, sadəcə, ‘el qınağı’ndan çəkinirlər. Ziyalılar önə çıxmalı və bu məsələnin həlli üçün ciddi addımlar atmalıdırlar”.
Afaq Mirayiq,
Musavat.com

