Bakıda xuntaçıların məhkəməsi yekunlaşır? – Fevralın 5-də…
Azərbaycana qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesi fevralın 5-də davam etdiriləcək.
Bu barədə Bakı Hərbi Məhkəməsindən bildirilib.

Hüquqşünas Polad Mehdiyev hesab edir ki, həm beynəlxalq hüquq nöqteyi-nəzərindən, həm də Azərbaycan qanunvericiliyi baxımından sözügedən şəxslər məsuliyyət daşıyırlar. Musavat.com-a açıqlamasında o bildirib ki, hazırda məhkəmə istintaqı davam edən Arayik Harutyunyan və digərləri Azərbaycan Cinayət Məcəlləsinin ən ağır maddələri üzrə ittiham olunurlar: “İrəli sürülən maddələr üzrə məsuliyyətə cəlb olunacaqları təqdirdə onları ən ağır cəza – ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir. Çünki bu maddələrin sanksiyasında 20 il və ya ömürlük azadlıqdan məhrumetmə cəzaları var. Belə məsələlərdə maddələr üzrə ayrı-ayrılıqda deyil, cinayətlərin məcmusu üzrə ən ağır cəza seçilir. Azərbaycanda 10 fevral 1998-ci ildə ölüm hökmü ləğv olunub. Buna görə də hazırda ən ağır cəza ömürlük azadlıqdan məhrumetmədir”.
Nigar HƏSƏNLİ,
Musavat.com

