SOS: Uşaqlar daha əlində OYUNCAQ yox, SİLAH gəzdirir
Sosial şəbəkələr, nəzarətsiz informasiya axını, ailədaxili problemlər, yoxsa təhsil sistemindəki boşluqlar…
Azərbaycanda uşaqların bir-birinə qarşı ölümcül zorakılığa əl atması artıq təsadüfi hadisə yox, təhlükəli tendensiya kimi ortaya çıxır. Bir-birinin ardınca baş verən dəhşətli insidentlər cəmiyyəti ciddi suallar qarşısında qoyur.
Ötən gün Ağcabədidə azyaşlıya qarşı törədilən amansız hücum ictimaiyyəti sarsıdıb. Rayonun Aşağı Avşar kəndində baş verən hadisə nəticəsində 2019-cu il təvəllüdlü uşaq bədənin müxtəlif nahiyələrindən çoxsaylı bıçaq xəsarətləri alaraq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, azyaşlı dərhal əməliyyat olunub, hazırda reanimasiya şöbəsində müalicəsi davam etdirilir.
Dəhşət ondadır ki, hadisəni törədən şəxs cəmi 12 yaşlı uşaqdır. İlkin məlumatlara görə, azyaşlıya 19 bıçaq zərbəsi endirilib.
Musavat.com xəbər verir ki, bu qanlı olaydan bir gün sonra paytaxtda daha bir sarsıdıcı hadisə qeydə alınıb. Fevralın 6-da saat 09:00 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında silahlı insident baş verib. 10-cu sinif şagirdi Ə.Ş. atasına məxsus ov silahı ilə məktəbə gələrək müəllimə işləyən Ş.K.-ya xəsarət yetirib. Hadisə yerinə cəlb olunan polis əməkdaşları tərəfindən şagird saxlanılıb, ondan ov silahı götürülüb. Hazırda valideynlər övladlarını liseydən təcili şəkildə evlərinə aparırlar.
Uşaqlar arasında bu qədər aqressiya haradan qaynaqlanır? Sosial şəbəkələr, nəzarətsiz informasiya axını, ailədaxili problemlər, yoxsa təhsil sistemindəki boşluqlar uşaqları bu nöqtəyə gətirib çıxarıb?
Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Sağlam düşüncə cəmiyyətdə əsas norma olmalıdır. Uşağı güclü etmək adı altında aqressiyaya öyrətmək, zorakılığı adi davranış kimi göstərmək yolverilməzdir. Bu yanaşma uşaqda məsuliyyət yox, cəzasızlıq hissi formalaşdırır və onu vətəndaş kimi deyil, risk mənbəyi kimi yetişdirir. Sağlam ailədə vətəndaş böyüyür. Uşaq evdə hörmətin nə olduğunu, sərhədlərin necə qoyulduğunu, münaqişənin necə həll edildiyini görməlidir. Qışqırığın, təhqirin, laqeydliyin adi sayıldığı mühitdə uşaq doğru ilə yanlışı ayırmağı öyrənmir. Ona görə tərbiyə sözlə deyil, gündəlik davranışla qurulmalıdır”.
Psixoterapevt qeyd edir ki, problemləri ört-basdır etmək olmaz. Valideyn uşağının davranış pozuntularını və ya psixoloji durumunu gizlətdikdə məsələ ailənin içində qalmır, cəmiyyətə yayılır: “Özünə və ya ətrafına ziyanlı davranış göstərən uşaq vaxtında qiymətləndirilməlidir. Empatiyanın azalması, kəskin impulsivlik, münaqişəyə meyl, riskli hərəkətlərə maraq ciddi siqnallardır və bunlara laqeyd yanaşmaq sonradan daha ağır nəticələr doğurur. Məktəblərdə hüquq və psixologiya fənn kimi tədris olunmalıdır. Uşaq zorakılığın nəticəsini, məsuliyyətin mahiyyətini, sərhədlərin mənasını anlayanda davranışını idarə etməyi də öyrənir. Məktəbdə psixoloji xidmət formal qalmamalı, risk əlamətləri vaxtında görünməli, düzgün yönləndirmə aparılmalıdır”.
Rövşən Nəcəfova görə, rəqəmsal platformalarda aqressiya çox vaxt cazibədar formada təqdim olunur:
“Uşaq bunu davranış modeli kimi qəbul edir. Bu mühit nəzarətsiz qalanda tərbiyəni ekran verir. Valideyn nəzarət etməli, izah etməli və uşağın sosial mühitini sağlamlaşdırmalıdır. Sağlam cəmiyyət üçün addımlar sözlə bitmir. Aidiyyəti qurumlar əməkdaşlığı genişləndirməli, məktəb, tibb və sosial xidmət arasında real əlaqə qurulmalıdır. Riskli uşaqlarla işləmək üçün sistemli mexanizm olmalıdır və məsuliyyət bir-birinin üzərinə atılmamalıdır. Elm məğlub olanda cinayət olur. Elmi yanaşma, erkən müdaxilə və açıq məsuliyyət olmayanda boşluğu zorakılıq doldurur”.
Afaq Mirayiq,
Musavat.com

