Psixopatların əli silaha asan çatanda…
Bir faciəvi hadisə baş verəndən sonra hamımız ağıllı oluruq. Hadisənin təfərrüatlarını öyrəndikcə, onun ağır nəticəsinin səbəblərinə dair müxtəlif mülahizələr yürüdürük. Ayrıca, “necə olsaydı, faciədən qaçmaq olardı”, “elə olmasaydı, belə olmazdı” tipli söhbətlər ortalığı basır.
Bir şagirdin məktəbə silahla gəlməsi, müəlliminə və ya şagird yoldaşlarına güllə atması fors-major haldır. Bu rutin hadisə deyil, gözlənilməz olaydır və buna qarşı öncədən xüsusi tədbir görülməsi çətindir. Məşhur ifadə ilə desək, “kimin ağlına gələrdi ki, o, belə edəcək”.
İndiyədək ölkəmizə şagirdin məktəbə silahla gəlməsi, kiməsə atəş açması halı olmayıb. Belə hadisələr, ABŞ-də, Avropa ölkələrində vaxtaşırı olur, informasiyalar yayılır, xəbər tuturuq. Təkcə son 1 ildə Rusiyada 3-dən çox belə hadisə baş verib – şagird məktəb yoldaşlarına odlu silahla və ya bıçaqla hücum edib.
Bu cür hadisələrin artması, yayğınlaşması ona gətirib çıxaracaq ki, məktəblərin girişində aeroport və metrostansiyaların girişində olduğu kimi sensorlu avadanlıqlar quraşdırılacaq.
15 il öncə ADNA-da baş verən qətliamdan sonra universitetlərin binalarına sərbəst şəkildə daxil olmaq imkanı məhdudlaşdırıldığı kimi, ən adi ictimai yerlərə giriş də məhdud olacaq. Tendensiya belədir.
Ancaq beynində məkrli cinayət planı daşıyan psixopatın tələbələrə universitetin həyətində və ya auditoriyada atəş açması ilə ali məktəbini çıxışında, darvazanın ağzında atəş açmasının elə bir fərqi yoxdur. Adam tələbələrə qarşı terror aktı törətmək niyyətindədirsə, bunu hər yerdə edə bilər.
Əsas məsələ yalquzaq psixopatların, terrorçu zehniyyətinə sahib adamların öz mənhus planlarını həyata keçirmək imkanından məhrum edilməsidir. Bunun ən sadə yolu əllərdə olan odlu silahların minimuma endirilməsidir. Silah yalnız onu saxlamaq üçün xüsusi icazəsi olan adamlarda, həm də məhdud sayda olmalıdır.
Hansı ölkədə mülki şəxslərdə çoxlu silah varsa, o ölkədə odlu silahla törədilən cinayətlərin statistikası digərlərindən xeyli fərqlənir.
Məsələn, ABŞ-də insanların silah alması sərbəstdir, silah dükanları da müştəri sarıdan korluq çəkmirlər. Nəticədə elə bir gün olmur ki, ABŞ-dən kafe-restoranlarda, ictimai yerlərdə insanlara qarşı silah işlədilməsi barədə xəbərlər gəlməsin. O ölkədə yol polislərinin yollarda avtomobilini saxladıqları sürücüyə yaxınlaşarkən “əllərini sükanın üstünə qoy, görünsün”, “əllərini qaldır və kəskin hərəkətlər etmə” deyə əmr vermələri təsadüfi deyil. Çünki indiyədək minlərlə yol patrulu silahlı sürücülər tərəfindən güllələnib. Polislər bilirlər ki, ABŞ-də istənilən maşında odlu silah var.
Qardaş Türkiyədə toy və yol qovğalarında silah işlədilməsi haqda hər gün neçə-neçə telesüjet izləyirik. Bu ölkədə də az qala hər “bərkgedən oğlan”ın ya belində, ya avtomobilində tapança var.
İndi eyni şeyi öz ölkəmizdə təsəvvür edin. Yol polisləri yollarda, küçələrdə saxladıqları avtomobilə amerikalı həmkarları kimi ehtiyatla, təhlükəsizliyə dair əmrlər verə-verə yaxınlaşalar, gülməli görünməzmi? Görünər. Niyə? Ona görə ki, bu davranış ilk növbədə “buna nə zərurət var” sualı doğurar.
Gerçəkdən də Azərbaycanda belə davranışa ehtiyac yoxdur, çünki sürücülərimizin 99 faizi avtobobilində silah gəzdirmir, olsa-olsa bəzilərində beysbol zopası var.
İndi belə çıxır ki, biz ətraf dünyaya inteqrasiya etdikcə, ondakı zərərli presedentlər də gəlir. Keçən ilə qədər bu ölkədə bir psixopatın 5 ailə üzvünü qətlə yetirməsi faktı yox idi, Əhməd Əhmədov adlı 25 yaşlı gənc bu presedenti yaratdı. Bir neçə gün öncə də Binqədidə məktəbli yeniyetmə gənc müəlliminə güllə atmaqla bir ilkə imza atdı.
Daha bir məsələ də psixi problemləri, ən azı qəribəlikləri olan şəxslərin nəzarətdə saxlanması ilə bağlıdır. Əgər ətrafımızda özünü adekvat aparmayan, intensiv olaraq radikal və kriminal fikirlər yürüdən biri varsa, onunla bağlı lazımi orqanlara müraciət edilməli, siqnal verilməlidir. Bu, məşhur ifadə ilə desək, teatr tamaşasınının başlanğıcında səhnədə divardan tüfəng asılması hadisəsidir. Həmin tüfəngin tamaşanın sonrakı pərdələrində atəş açacağı kimi, həmişə “asıb-kəsmək”dən, “güllələmək”dən danışan, yazan biri də beynindən dilinə gələn fikri bi gün əlinə yönəldə bilər.
Ondan sonra cəmiyyətin uzun-uzadı “faciənin qarşısını necə almaq olardı” və ya “bu hadisəyə görə kimlər məsuliyyət daşıyır” sualları ətrafında gəzişmələr etməsinin heç nəyə xeyri yoxdur.
Bu yazının əsas tezisi bunlardır: 1. Odlu silahların (qanuni, qanunsuz – fərqi yoxdur) sayı minimuma endirilməlidir; 2. Psixi qəribəlikləri olan şəxslərə (yeniyetmə, gənc, yetkin – fərqi yoxdur) ciddi nəzarət olunmalıdır.

