Türkiyədən QADAĞA: Azərbaycanda toyuq bahalaşacaq?
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına (FAO) görə, ət qiymətləri indeksi yanvarda orta hesabla 123,8 bal təşkil edib. Bu da dekabr ilə müqayisədə 0,5 bal (0,4 faiz) azdır, lakin ötən ilki səviyyədən 7,1 bal (6,1 faiz) yüksəkdir. Bu tendensiya əsasən qlobal miqyasda donuz ətinin qiymətinin azalması ilə izah olunur. Mal və quzu ətlərinin qiymətləri isə sabit qalıb. Dünya bazarında quş ətinin qiyməti artıb.
Bununla yanaşı, Türkiyədən toyuq məhsullarının ixracı dayandırılacaq. Ramazan ayı ərəfəsində istehsalçı və satıcılar tərəfindən toyuq məhsullarının qiymətlərinin təxminən 15 faiz artırılmasından sonra Ticarət Nazirliyi toyuq məhsullarının ixracının sabahdan etibarən dayandırılacağını açıqlayıb. Yayımlanan açıqlamada bildirilib ki, bu qərar daxili bazarda təklifin artırılması və qiymət artımlarının məhdudlaşdırılması məqsədilə qəbul edilib. Həmçinin vurğulanıb ki, bazardakı proseslər yaxından izləniləcək və zərurət yaranarsa, əlavə tədbirlər də gündəmə gələ bilər.
İqtisadçı Vüsalə Əhmədova Musavat.com-a açıqlamasında qiymətlərdə gözügörünən fərq olmayacağını bildirib:
“Bildiyim qədəri ilə ölkəmizdən xaricə toyuq əti ixrac edilmir. Bəzi quş əti məhsullarının məhdud həcmdə ixracı mümkündür, fəqət bunun qiymətlərə əhəmiyyətli dərəcədə təsir edə biləcəyini düşünmürəm. Bu baxımdan, ixracın müvəqqəti məhdudlaşdırılmasından söhbət gedə bilməz. Ancaq gündəlik qiymət monitorinqi, topdansatış və pərakəndə zəncirin izlənməsi, süni qıtlıq yaradanlara cərimələrin tətbiq olunması kimi bir sıra tədbirlər həyata keçirilə bilər. Antiinhisar və istehlak bazarına nəzarət orqanları tərəfindən süni qiymət artımı kimi hallarda cərimələrin tətbiq etməsi, o cümlədən Dövlət Ehtiyatları Agentliyi vasitəsilə bazara əlavə məhsulun buraxılması kimi qətiyyətli addımlar atılmalıdır. Bazara daha çox idxalçı və istehsalçının daxil olmasını asanlaşdırmaq lazımdır. Həmçinin, müvəqqəti idxal rüsumlarının azaldılması mümkündür. Quş əti idxalının əsas hissəsi Ukrayna (42.5%) və Rusiyanın (34.4%) payına düşür. Hər iki ölkədə müharibə şəraitinin olması həm birbaşa, həm də dolayı şəkildə idxal həcminə təsir göstərib. Bu səbəbdən itirilmiş idxal payını Belarus və Gürcüstan kimi ölkələr vasitəsilə təmin etməyə çalışırlar”.

Onun fikrincə, müharibənin yaratdığı qeyri-sabitlik idxal dövlətini məcbur edir ki, riskləri yayaraq diversifikasiya etsin:
“Ən əsası şəhərin müxtəlif yerlərində insanlar üçün əlçatan kənd təsərrüfatı yarmarkaları təşkil edilməlidir. Logistika, maliyyə, təşkilati, institusional və bir çox başqa problemlər səbəbindən çox sayda kənd təsərrüfatı istehsalçıları bazara çıxış əldə edə bilmirlər. Məlumdur ki, yarmarkalarda məhsullar birbaşa fermerlərdən və ya istehsalçılardan alıcıya çatdırıldığı üçün supermarketlərdəki qiymətlərə nisbətən 20-30% daha ucuza satılır. Sertifikatlaşdırma və lisenziya prosesləri sadələşdirilərək, bürokratik əngəllər azaldılaraq bazara giriş asanlaşdırıla və ya məhsullar toplanılaraq böyük həcmdə satışlar həyata keçirilə bilər. Düşünürəm ki, vətəndaşlar yalnız supermarketlərin ümidinə buraxılmamalıdır”.
Nigar HƏSƏNLİ,
Musavat.com

