Prezidentdən məmurlara TAPŞIRIQ – Bundan sonra…
Fevralın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib. Prezident müşavirədə xüsusi olaraq vurğulayıb:
“Bu məsələdə işlərin daha səmərəli təşkili üçün hesab edirəm ki, hər bir dövlət qurumunda, ilk növbədə nazirliklərdə rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik üzrə bir müavin ayrılsın, ya yeni ştat vahidi yaradılsın, ya da bu sahə mövcud müavinlərin birinə tapşırılsın ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları, rəhbərliyi bilsinlər ki, onların təmasda olacaqları şəxslər kimdir və hər bir dövlət qurumunda bu sahə prioritet sayılmalıdır”.
Dövlət başçısı həmçinin bildirib: “Süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır. Bu gün bu sahədə aparıcı ölkələrdə bu belədir. Hətta mənə verilən məlumata görə, inkişaf etmiş bəzi ölkələrdə bu sahədə dövlət məmurlarının gündəlik fəaliyyətinə də süni intellekt agentləri, – belə adlandırılır, – kömək göstərir. Çünki burada hər hansı bir qərarın düzgün olub-olmaması ilə bağlı süni intellekt təbii ki, yardımçı ola bilər. Ona görə bu sistemə də baxmaq lazımdır və rəhbər orqanlarında təmsil olunan şəxslər süni intellektdən geniş istifadə etməlidirlər”.
![]()
İT mütəxəssisi Fərhad Mirəliyev Musavat.com-a açıqlamasında bildirib ki, rəqəmsal bacarıqlar olarsa, istənilən məmur süni intellekt əsaslı həllərdən istifadə edə bilər:
“İstənilən dövlət təşkilatında artıq elektronlaşma gedir. Kimsə rəqəmsal bacarıqları mənimsəyə bilməyəcəksə, öyrənməyəcəksə, əlbəttə ki, işdən uzaqlaşacaq. Öyrənəcəyi təqdirdə işə davam edəcək. Bu belə bir prosesdir. Seçim yoxdur və heç kimin istəyinə bağlı deyil. Rəqəmsallaşma nazirliklərdə işlərin səmərəliliyini artıracaq.
Dövlət Gömrük Komitəsi artıq gündəlik fəaliyyətdə süni zəka əsaslı prosesləri həyata keçirir. Gömrükdə çantaların yoxlanması və təhlükəli maddələrin aşkarlanmasında süni intellekt əsaslı həllər böyük rol oynayır. Süni intellekt analiz edir və qərar verir ki, harada hansı qərarı verməlidir. Bununla axını sürətləndirir və ya yavaşladır”.
Mütəxəssisə görə, vəzifəli şəxs süni intellektdən köməkçi və ya assistent kimi istifadə edə bilər: “Süni intellekt agentinə hansısa məsələ ilə bağlı müraciət etmək və onun məsləhətindən yararlanmaq olar. Ondan hətta təhsil və hesabatlar istənilə bilər”.
Ekspert hesab edir ki, rəqəmsallaşma təhsil sahəsində daha sürətli getməlidir: “Bu elə bir sahədir ki, orada görülən işlər milyonlarla vətəndaşa təsir edir. Elm və Təhsil Nazirliyində o proseslər gedərsə, ölkədə bütün müəllim və şagirdlər, valideynlər prosesin içində olar və şəbəkə genişlənər”.
F. Mirəliyev deyir ki, yeni ixtisasların Azərbaycan üzrə kadr potensialı hələ yetərli deyil: “Süni intellekt, data analitika və kibertəhlükəsizlik üzrə kadrlara ehtiyac var. Xaricdə bu istiqamət üzrə bizim tələbələr təhsil alır. Yerli universitetlərdə də bununla bağlı təhsil proqramları var. Tələb və təklifə görə vəziyyəti normal qiymətləndirmək olar”.
Şahanə Rəhimli,
Musavat.com

