Siyasət 

Azərbaycan Nürnberqi

Biz 26 il gözlədik. Dağıdılmış evlərə, yandırılmış kəndlərə, məcburi köçkün düşərgələrinə dözdük. Dünya “mürəkkəb münaqişə” və “diplomatik kompromis” haqqında danışarkən şəhərlərimizin yad bayraq altında qalmasını izlədik. Bu gün Azərbaycan deyir: gözləmək kifayətdir. Bu gün tarix öz hökmünü çıxardığı andır.

Mən Qarabağ ağrısı ilə böyüdüm. Biz diplomatik debatların sədaları altında deyil, itirilmiş evlər, dağıdılmış qəbiristanlıqlar, yandırılmış kəndlər haqqında hekayələrlə böyüdük. “İşğal” sözü bizim üçün — Azərbaycan vətəndaşları üçün — termin yox, onilliklər boyu uzanan milli alçaldılma vəziyyəti idi.

Bu gün Arayik və erməniəsilli digər şəxslərin məhkəməsi davam edəcək

Mən ədalətə inanan, amma getdikcə daha çox “Doğrudanmı bu cavabsız qalacaq?” deyə soruşan insanların yorğun gözlərini xatırlayıram. Təxminən bir milyon azərbaycanlı evsiz qaldı, Qarabağ və ona bitişik Azərbaycanın 7 rayonu uzun illər Ermənistanın işğalı altında idi, arxasında isə Rusiya və Qərb dayanırdı. Dünya isə bu vaxt “balans”, “kompromis axtarışı”ndan danışırdı.

ATƏT-in Minsk qrupunun himayəsi altında onilliklərlə danışıqlar prosesi aparıldı. Rusiya, Fransa, ABŞ Azərbaycanı gözləməyə inandırır, bu problemin hərbi həlli olmadığını deyir və hamını razı salan, Azərbaycandan başqa hər kəsə sərf edən bu yalançı danışıqları davam etdirməyə çağırırdı. Amma öz torpağının qaytarılmasını sonsuza qədər gözləmək mümkün deyil, suverenlik üzərində alver etmək də mümkün deyil.

Xocalı faciəsi — hesabatdakı bir abzas deyil, hər bir Azərbaycan vətəndaşının şəxsi ağrısıdır. Bu, ədalətin Azərbaycan üçün niyə həmişə emosional olduğunu izah edir — çünki onun arxasında insan taleləri dayanır.

2020-ci ildə tarix istiqamətini dəyişdi. İkinci Qarabağ müharibəsi zamanı 44 gün ərzində Azərbaycan danışıqların onilliklərlə edə bilmədiyini etdi. Əvvəlcə Qarabağın bir hissəsi və ona bitişik 7 rayon işğaldan azad edildi, üç il sonra isə bir günlük parlaq antiterror əməliyyatından sonra dövlətimiz bütün ərazisi üzərində tam suverenliyini bərpa etdi. Bu emosiyaların partlayışı deyildi. Bu, beynəlxalq qətnamələrlə təsbit edilmiş hüququn bərpası idi.

Erməniəsilli şəxslərin mühakiməsi: Məhkəmə onlara vaxt verdi

Amma ərazinin bərpası hekayənin yalnız yarısıdır. İkinci yarısı — məsuliyyətdir.

Bakıda separatçı rejimin liderləri üzərində məhkəmə prosesləri başlayanda Azərbaycan cəmiyyətində bir ifadə yarandı — “Azərbaycan Nürnberqi”. Bu metaforadır, amma çox dəqiqdir. 1946-cı ildə bəşəriyyət ilk dəfə dedi: insanlara qarşı cinayətlər siyasətlə bəraət qazanmır. Xatırladım ki, o zaman mülki insanların qanına batmış nasist liderləri ilə yanaşı, sistem adamı, “texnokrat” olmağa çalışan elita nümayəndəsi Albert Şpeer də məhkum edilmişdi. Tarix onun bəraətlərini qəbul etmədi və ölüm hökmündən yayınsa da, Şpandau həbsxanasında tam çəkdiyi 20 illik cəzaya məhkum olundu.

Bu gün Bakıda kimlik və xalq yox, qərarlar mühakimə edildi. Sülh axtarmağın mümkün olduğu vaxt bütün regionu münaqişədə saxlayan “miatsum” layihəsi mühakimə edildi. Silahı yerə qoymaq və Azərbaycan vətəndaşlığını qəbul etmək təkliflərini rədd edənlər mühakimə edildi.

Qarabağda yaşayan ermənilər Bakıda şahid qismində danışdı — Vardanyanın  məhkəməsi

Məhkəmə prosesində xüsusi diqqət dünyada “Kremlin pul kisəsi” kimi tanınan və vaxtilə Ukraynaya qarşı Donbas müharibəsini maliyyələşdirən Ruben Vardanyana yönəldi. Lakin bioqrafiyasının bu faktına baxmayaraq, tərəfdarları — xüsusilə qalmaqallı Samanta Pauer kimi şəxslər — bu cinayətkara münasibətdə humanizmdən danışaraq timsah göz yaşları tökürlər. Amma tarix sözləri yox, əməlləri qiymətləndirir. Qırılma anlarında elitalar seçim edir — sülhə getmək, yoxsa münaqişəni alovlandırmaq. Ruben Vardanyan və arxasında duran siyasi qüvvələr öz seçimlərini etdilər və bu gün həmin seçim məhkəmədə qiymətləndirildi: Vardanyan, vaxtilə nasistlərin yardımçısı Albert Şpeer kimi, 20 il həbs cəzasına məhkum edildi. Digər erməni separatçı liderlər də eyni müddətlərə, o cümlədən ömürlük cəzalara məhkum olundular.

Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidentinin fransız telekanalına verdiyi müsahibə zamanı jurnalist məhkum edilmiş erməni separatçıların azad edilməsi ilə bağlı suallar səsləndirdi. Prezident İlham Əliyev çox sərt cavab verdi və erməni separatçıları hitlerçi nasistlərlə müqayisə etdi. Görünürdü ki, bu cavab həm jurnalistin, həm də arxasında duranların xoşuna gəlmədi, lakin Azərbaycan daxilində onun sözləri tam başqa cür — uzun müddət susmuş xalqın səsi kimi qəbul edildi. Onilliklərlə ağrı yaşamış millətdən ədalət haqqında pıçıltı ilə danışmağı tələb etmək mümkün deyil.

Bu yazıda mən erməni cəmiyyətinə də müraciət edirəm. Bu proses sizə qarşı məhkəmə deyil. Bu, Ermənistanı təcridə, yeni itkilərə, qarşıdurma atmosferində böyümüş nəsilə gətirib çıxaran “miatsum” adlı siyasi kurs üzərində məhkəmədir.

Bu gün Ermənistanın qarşısında seçim var — sülh, yoxsa yenidən müharibə? Baş nazir Nikol Paşinyan həm Azərbaycan, həm də Türkiyə ilə münasibətlərdə yeni səhifədən danışır. Amma erməni cəmiyyəti tarixın güc yolu ilə yenidən yazıla biləcəyinə inanmağa davam edərsə, Azərbaycanla Ermənistan arasında sülh mümkün deyil.

Azərbaycan Nürnberqi — güc nümayişi deyil. Bu, siyasətin bitdiyi və məsuliyyətin başladığı sərhəddir. Azərbaycan ərazi məsələsini birdəfəlik bağladı, lakin Azərbaycan xalqı tarixi yaddaş məsələsini heç vaxt bağlamayacaq — çünki faciələrini unudan xalq onları yenidən yaşamaq riski daşıyır.

Azərbaycan çox uzun müddət “hədiyyə gətirən danaylıların” nitqlərini dinlədi və onların qətnamələrini oxudu, buna görə bu gün Ermənistana və onun cəmiyyətinə deyirik: separatizm dövrü də, cəzasızlıq dövrü də başa çatdı. Xalqlarımız arasında sülh qapısı açıqdır, lakin o bir istiqamətli deyil — bu iki tərəfli hərəkətli yoldur. Artıq reallıq özü qərar verir və bu qərar qətidir. Otto fon Bismarkın dediyi kimi: “Zamanın böyük məsələləri nitqlər və qətnamələrlə deyil, dəmir və qanla həll olunur”.

491445584_18405408958102521_4653673343308429733_n.jpg (69 KB)

Ramiz Yunus
siyasi elmlər professoru
“Xəzər” Beynəlxalq Universiteti

Daha çox xəbərlər