Cəmiyyət 

Məktəbdə geyim azadlığı harada bitir?

Azərbaycan təhsil sistemində uzun illərdir gündəmdən düşməyən məsələlərdən biri də şagirdlərin vahid geyim qaydalarına əməl etməməsi problemidir. Rəsmi qərarlar qəbul edilsə də, praktikada bu sahədə müəyyən boşluqların qalması tez-tez müzakirə olunur. Qayda var, amma icra mexanizmi hər yerdə eyni səviyyədə işləmir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti 17 mart 2022-ci il tarixli qərarı ilə “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ni təsdiqləyib. Sənədə əsasən, ümumi təhsil məktəblərində dörd alternativ forma modeli müəyyən olunub və məktəbin Pedaqoji Şurası həmin variantlardan yalnız birini seçə bilər.

Bu siyahıda dini atribut və ya ayrıca dini geyim forması nəzərdə tutulmayıb. Yəni hüquqi baxımdan məktəbdə tətbiq edilə bilən geyim nümunələri konkret şəkildə müəyyən edilib və seçim çərçivəsi məhduddur.

Vahid forma tətbiqinin əsas arqumenti sosial ədalət məsələsidir. Maddi imkanları fərqli olan ailələrin övladları eyni sinifdə təhsil alır və onların geyimlə fərqlənmələri psixoloji baryerlər yarada bilər. Brend geyim, bahalı aksesuar və ya əksinə, sadə və ucuz geyim uşaqlar arasında görünməz sosial sərhədlər formalaşdırır. Eyni geyim isə ən azı vizual səviyyədə bu fərqləri aradan qaldırır.

Şagirdlər bir-birinə maddi imkan prizmasından deyil, bilik və davranış baxımından yanaşmağa başlayır. Bu, xüsusilə yeniyetmə yaş dövründə mühüm amildir.

Əgər məktəbdə konkret geyim çərçivəsi olmasa, ortaya çıxacaq mənzərəni təsəvvür etmək çətin deyil. Kimisi gündəlik və idman üslubunda, kimisi diqqətçəkən açıq geyimdə, kimisi dini atributlarla, kimisi isə qeyri-adi saç və xarici görünüşlə dərsə gələ bilər.

Belə bir mühitdə təhsil ocağının akademik ab-havası zəifləyə bilər. Məktəb sosial şou meydanına çevrilmək riski ilə üz-üzə qalar.

Bu baxımdan geyim qaydaları yalnız estetik məsələ deyil, həm də məktəbin funksional mahiyyətinin qorunması məsələsidir. Son illərdə vahid formanın tətbiqi ilə açıq-saçıq geyim hallarının müəyyən qədər azaldığı müşahidə edilir. Lakin başqa bir tendensiya diqqət çəkir – hicabla məktəbə gələn şagirdlərin sayında artım.

Məsələ xüsusilə aşağı siniflərdə müzakirə doğurur. Azyaşlı uşaqların dini geyimlə məktəbə gəlməsi bəzən valideyn iradəsi ilə bağlı olur. Cəmiyyətdə belə fikirlər səslənir ki, bəzi hallarda seçim uşağın deyil, ailənin qərarı olur. Burada əsas sual ortaya çıxır: azyaşlı şagirdin dini geyim seçimi fərdi qərardır, yoxsa yönləndirilmiş davranış?

Azərbaycan Konstitusiyasına görə dövlət dünyəvidir və təhsil sistemi də bu prinsip əsasında qurulub. Dövlət məktəblərində dini və siyasi neytrallığın qorunması əsas xətt sayılır. Bu baxımdan vahid forma tələbi yalnız geyim standartı deyil, həm də məktəbin ideoloji balansını qoruma mexanizmidir.

9556ea5bad54163602c38e6a453592fa.jpg (70 KB)

Təhsil eksperti Elçin Əfəndi Musavat.com-a açıqlamasında bildirib ki, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən şagirdlər üçün vahid əktəbli geyim forması tətbiq olunur: “Həmin geyim formasından kənara çıxmaq düzgün deyil. Vahid geyim forması ümumi sosial bərabərliyi təlqin edir. Şagirdlər nə açıq-saçıq, nə də vahid məktəbli formasından kənar, dini elementləri üzərində daşıyan geyimlərdə təhsil müəssisəsinə gəlməməlidirlər. Dini elementlər dedikdə hicab, niqab və ya rahibə formasında olan geyimlər nəzərdə tutlur. Bunlara diqqət yetirmək lazımdır.

Azərbaycanda uşaqların müdafiəsi haqqında qanunvericilikdə göstərilir ki, uşaqların həm təhsil, həm də vicdan azadlığı hüququ var. Hər bir uşağın sərbəst formada qərar verməsinə imkan yaradılmalıdır. Azərbaycanda təəssüflər olsun ki, valideynlər övladlarını erkən yaşda özlərinin mənsub olduğu dini istiqamətə cəlb edirlər. Halbuki qanunvericilik sadəcə həmin dinin tərbiyəsində böyütməyə icazə verirsə, bu o demək deyil ki, uşağın geyimlə bağlı azadlığı əlindən alına bilər və biliklər konkret dini istiqamətdə olmalıdır. Çünki uşağın daha çox dünyəvi təhsilə marağı olmalıdır. Dini etiqad azadlığı ilə bağlı qanunvericilikdə də göstərilir ki, bizim dini etiqadımız ictimai qaydaların pozuntusuna, kiminsə sağlamlığına təsir edirsə, o zaman dini etiqad azadlığı qadağan oluna bilər. Bu da onu deməyə əsas verir ki, diqqətli olmalıyıq ki, dini etiqad azadlığımız əlimizdən alınmasın. Burada söhbət valideynlərdən gedir. Ona görə də valideynlər vahid məktəbli geyimi tələbinə riayət etsinlər. Övladlarını məktəbə göndərərkən, geyim normativlərinə diqqət yetirsinlər. Məktəbli nə açıq-saçıq, nə də dini elementi üzərində daşıyan geyim geyməlidir”.

elvin.jpg (201 KB)

Təhsil eksperti Elvin Bədirov Musavat.com-a bildirib ki, məktəblərimizdə vahid məktəbli forması ilə bağlı məsələdə müəyyən düzəlişlərə ehtiyac var:

“Təhsil haqqında” qanuna, eyni zamanda, Nazirlər Kabinetinin təsdiqlədiyi “Ümumtəhsil məktəblərinin nümunəvi nizamnaməsi”nə əsasən, geyim forması məktəblərin ali orqanı, yəni Pedaqoji Şura tərəfindən müzakirə olunur və müəyyən edilir. Bu isə öz növbəsində illərlə təkrarlanan müxtəlif ziddiyyətli məqamlara şərait yaradır.

Bizim qanunvericilikdə hicabla dərsə gəlməyə icazənin olub-olmaması barədə qeyd yoxdur. Bu mövzuda səlahiyyət məktəbə verilir. Elə məsələlər var ki, o məsələləri məktəbin nizamnaməsi ilə idarə etmək çıxış yolu deyil.

Uzun müddətdir ki, vahid məktəbli forması üzərində işlər gedir. Vahid məktəbli forması tətbiq olunanda şagirdlərin geyim problemi demək oıar ki, aradan qalxacaq. Əslində bu prosesin tamamlanması 2020-ci ildə olmalı idi, lakin pandemiyanın da yaratdığı çətinliklər hüquqi cəhətdən prosesin yekunlaşmasını uzatdı. Buna görə də hansısa şagirdin məktəbli formasına görə dərsə buraxılmaması hallarına yol verilməməlidir.

O ki qaldı hicabla məktəbə gəlmək məsələsinə, ölkəmizdə insanların böyük bir qismi inanclı müsəlman, ciddi bir hissəsi isə dindar müsəlmandır. Müxtəlif ailələr var ki, onlar övladlarını hicaba məcbur edirlər, lakin bir çox ailədə isə bu, dinə sevgi və istəklə bağlıdır. Həmin ailələrdə bu məsələ ən həssas yer olduğu üçün, hicabın qadağan edilməsi şagirdlərin təhsil hüququna arzuolunmaz çətinliklər yarada bilir.

Düşünürəm ki, hicabın vahid məktəbli formasına uyğunluğunu təmin etməklə sərbəstliyini təmin etmək olar. Bununla bağlı standartları müəyyən etməklə hicab sərbəstliyi müəyyənləşdirmək mümkündür. Belə ki, hicabla bağlı məktəblərin Pedeqoji Şurasına səlahiyyəti vermək problemin həllindəki ən effektiv yol deyil”.

Şahanə Rəhimli
Musavat.com

Daha çox xəbərlər