Cəmiyyət 

Əhaliyə ŞAD XƏBƏR: Ətin qiyməti ucuzlaşacaq

“Monqolustandan Azərbaycana ət idxalının kəskin artması daxili bazarda qiymətlərə təsir göstərə bilər. Lakin bu proses avtomatik və birbaşa ucuzlaşma anlamına gəlmir”.

Musavat.com xəbər verir ki, bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli KONKRET.az-a açıqlamasında bildirib.

İqtisadçı Akif Nəsirli: “Hökumət gərək özünü aldatmasın, iqtisadiyyatın bütün seqmentlərində rəqabət mühiti formalaşdırsın”

“İdxalın qiymətlərə təsiri bir sıra iqtisadi amillərdən asılıdır.

Buraya idxal olunan məhsulun həcmi, maya dəyəri, logistika xərcləri, gömrük rüsumları, daxili istehsalın bazardakı payı və rəqabət mühiti daxildir.

Əgər Monqolustandan gətirilən ət yerli istehsalla müqayisədə daha ucuz başa gəlirsə və böyük həcmdə bazara daxil olarsa, təklif artacaq və bu da qiymətlər üzərində aşağı yönlü təzyiq yaradar. Xüsusilə topdansatış bazarında rəqabətin güclənməsi pərakəndə satış qiymətlərində müəyyən ucuzlaşmaya səbəb ola bilər”.

Bununla yanaşı, o vurğulayıb ki, uzaq məsafədən daşınma, soyuducu logistika, baytarlıq sertifikatları və digər inzibati xərclər idxal olunan ətin son qiymətini artıraraq gözlənilən ucuzlaşmanı zəiflədə bilər.

“Bazardakı vasitəçi zəncir və ticarət marjaları da mühüm rol oynayır. İdxal ucuz başa gəlsə belə, distribütor və satış şəbəkələri marjanı azaltmadığı halda istehlakçılar qiymət fərqini ciddi şəkildə hiss etməyəcəklər. Yerli istehsalçıların qorunması məqsədilə tətbiq olunan kvota və rüsumlar da təsiri məhdudlaşdıra bilər”.

Akif Nəsirli əlavə edib ki, idxalın artması bazarda alternativlərin çoxalması baxımından psixoloji təsir də yaradır və bu, bəzi hallarda satıcıları qiymətləri sabit saxlamağa və ya kiçik endirimlər etməyə vadar edir. Lakin uzunmüddətli ucuzlaşma üçün idxalın davamlı və sistemli xarakter daşıması vacibdir.

“Monqolustandan ət idxalının artması qiymətlərin azalmasına səbəb ola bilər, lakin bunun baş verməsi real rəqabətin formalaşması və qiymət üstünlüyünün istehlakçıya ötürülməsindən asılıdır”.

Daha çox xəbərlər