Pambıq “bəyləri” dövlətdən 42 milyon MANAT istəyir – NƏ baş verir?
Dünya pambıq bazarı növbəti eniş dövrünü yaşayır: bu gün pambığın 100 funtunun(1 funt təxminən 454 qramdır-red.) qiyməti 63,6 dollara qədər düşüb. Musavat.com xəbər verir ki, bu, ötən ilin noyabrından bəri ən aşağı göstəricidir. Hazırda qiymətlər ötən ilin eyni dövründəkindən 3,5 faiz aşağıdır.
ABŞ Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı cari il üçün pambıq qiymətlərində 2 faizdən yuxarı artım proqnozlaşdırsalar da, yanvarın əvvəlindəki qısamüddətli artım istisna olmaqla, əksinə proses gedir. Belə ki, neftin ucuzlaşması ilə süni sapların istehsalında maya dəyərinin kəskin aşağı düşməsi dünya toxuculuq sənayesinin bu materiala daha çox yönəlməsinə səbəb olub. Nəticədə yüksək əmək tutumlu pambıqdan istifadə də azalır. Bu isə dünya bazarında tələbin düşməsini, qiymətləri də özü ilə aşağı çəkməsini şərtləndirir.
Dünya pambıq ixracatçıları arasında 10-11-ci yerləri tutan Azərbaycanda bu sahədə fəaliyyət göstərən şirkətlər bazarda qiymətlərin enməsi düşməsi səbəbindən itkiyə məruz qalır.
Musavat.com-un FED.az-a istinadən məlumatına görə, onların ötən ilin dekabrında baş nazir Əli Əsədova, İqtisadiyyat naziri Mikayıl Cabbarova, Kənd təsərrüfatı naziri Məcnun Məmmədova ünvanladıqları müraciətdə bildirilir ki, 2025-ci ildə Azərbaycanda 100 min hektar sahədə pambıq əkilib, 355 min ton məhsul toplanıb.
Amma toxuculuq sahəsində davam edən böhran nəticəsində Azərbayan pambığının əsas alıcısı olan Türkiyənin toxuculuq şirkətlərinın bir hissəsi fəaliyyətlərini dayandırıb və ya azaldıblar. Nəticədə bazarda pambıq artıqlığı yaranıb və qiymət aşağı düşüb. Bu da fermerlərdən alınmış xam pambığın dəyərinin ödənilməsində və digər öhdəliklərin yerinə yetirilməsində gecikmələrə səbəb olub.
Müraciəti Azərbaycanın 8 ən böyük pambıq emalı şirkətlərinin – Prime Cotton MMC, P-AQRO MMC, Aztəsərrüfat MMC, Aqro-Az MMC, Cotton Trade MMC, Kürdəmir Pambıq MMC, APEKS Agro MMC, Goran Cotton MMC rəhbərləri, eləcə də Pambıq İstehsalçıları Assosiasiyasının sədri imzalayıb.
Bildirilir ki, hökumətdə bu müraciətlə bağlı pambıq şirkətlərinə necə dəstək verilməsi ilə bağlı müzakirələr də başlayıb: Prezident Administrasiyası tərəfindən Kənd Təsərrüfatı Nazirliyinə bu sahə ilə tapşırıq verilib və Kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli bu sektorda fəaliyyət göstərən şirkətlərlə görüş keçirib.
P-AQRO şirkətinin baş direktorunun müavini İlham Səfərov deyib ki, Azərbaycanda ilkin emal olunan pambıq mahlıcının maya dəyəri 1400 dollar təşkil edir. Mahlıcın əsas ixrac bazarı olan Türkiyədə isə qiymət 1250 dollara enib. Buna görə də pambıq şirkətləri hökumətdən pambığın satış qiyməti ilə maya dəyəri arasındakı fərqin borc şəklində onlara ödənməsini, növbəti mərhələdə qiymətlər 1500 dollar və ondan yuxarı olduqda həmin borcun qaytarılmasını təklif edirlər. Şirkətlər veriləcək məbləğin faizsiz borc, yaxud aşağı faizli kredit kimi rəsmiləşdirilməsini də mümkün sayırlar.
![]()
Şirkətlərin təklifi qəbul edilərsə, dövlət onlara ildə təxminən 25 milyon dollar və ya 42 milyon manat qaytarılması şərtilə borc verməli olacaq.
Pambıq şirkətlərinin açıqladığı maya dəyərində artım diqqəti cəlb edir. İ.Səfərov bu artımın ötən ilin avqust ayında dizel yanacağının 25 faiz, bu il isə 10 faiz bahalaşmaqla ümumilikdə qiymətinin 80 qəpikdən 1,1 manata yüksəlməsi, Rusiyanın “Evroxim” şirkətindən alınan gübrələrin 20-25 faiz, Türkiyədən alınan dərmanların 15 faiz bahalaşması ilə izah edir: “Yəni, qiymətlər bizdən asılı olmayan səbəblərdən artır, bizim göstərdiyimiz xidmətlərə görə, qiymətlərdə bir qəpik belə bahalaşma yoxdur”.
Mövcud praktikaya əsasən, emal şirkətləri fermerlərlər əvvəlcədən müqavilə bağlayaraq onları toxum, gübrə, dərman, texnika ilə təmin edirlər. Bütün bunların dəyəri mövsümün sonunda təhvil verilən pambığın dəyərindən çıxılır. Fermerlərin Musavat.com-a verdiyi məlumata görə, dünya bazar qiymətləri düşsə də, ölkənin iki ən böyük emal şirkəti – PRİME Cotton (əvvəlki adı MKT İstehsalat Kommersiya MMC) və dövlətə məxsus “Azərpambıq” Aqrar Sənaye Kompleksi MMC fermerlərin təhvil verdiyi pambığın dəyərini tamamən ödəyiblər. Lakin digər şirkətlərdə kəskin ödəniş problemi yaranıb.
Qeyd edək ki, pambıqçılıq dövlət tərəfindən subsidiyalaşdırılan sahədir. Dövlət hər il pambıq istehsal edən fermerlərə 55-56 milyon manat arasında subsidiya ayırır. KTN Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2025-ci təsərrüfat ilində müasir suvarma sistemləri ilə təchiz olunmuş sahələrdə yetişdirilmiş məhsulu pambıq emalı və tədarükü şirkətlərinə təhvil verən fermerlər hər tona görə dövlətdən 210 manat subsidiya alıblar. Ənənəvi üsulla suvarılan sahələrdə yetişdirilib tədarük məntəqələrinə təhvil verilən pambığın hər tonuna görə isə fermerlərə 195 manat subsidiya ödənilib.
Şuranın qərarı ilə 2026-cı ildə pambıqçı fermerlərə subsidiyalart müvafiq olaraq 215 və 200 manat müəyyənləşdirilib. Bundan əlavə, dövlət qeyri-rəsmi formada da olsa, pambığın alış qiymətinə nəzarət edir. Sonuncu dəfə pambığın fermerlərdən alış qiyməti 2022-ci ildə 2023-cü ilin məhsulu üzrə 50 manat artırılaraq 1-ci növ üçün 700 manat, 2-ci növ üçün 680 manat, 3-cü növ üçün 640 manat, 4-cü növ üçün isə 600 manat müəyyən edilib.
Rəsmi statistikadan aydın olur ki, bu ilin yanvarında pambıq ixracında ciddi artım qeydə alınıb. Dövlət Gömrük Komitəsinin açıqladığı hesabata əsasən ötən ay Azərbaycan 11 milyon 441 min dollar dəyərində 8 min 787 ton pambıq mahlıcı ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından23,2 faiz, yaxud 2 milyon 156 min dollar, həcm baxımından isə 34,5 faiz, yaxud 2 min 255 ton çoxdur. Bir ton pambığın orta ixrac qiyməti 1302 dollar təşkil edib.
2025-ci ildə Azərbaycandan 161 milyon 902,45 min dollar dəyərində 114 min 276,47 ton mahlıc ixrac edilib. 2024-cü illə müqayisədə bu, dəyər baxımından i 9,1 faiz, həcm baxımından isə 4,7 faiz azalma deməkdir. Ötən il 1 ton mahlıcın orta ixrac qiyməti şirkətlərin elan etdiyi maya dəyərindən yüksək – 1416,7 dollara bərabər olub. 2024-cü ildə göstəricinin 1489,6 dollar təşkil etdiyini nəzərə alsaq, 1 tonun ixrac qiymətinin 4,9 faiz azaldığını görmək olar.
Ötən ilki pambıq ixracının 107,5 milyon dollarlıq hissəsi PRİME Cotton şirkəti tərəfindən həyata keçirilib. Əvvəlki ildəki 93,9 milyon dollara qarşı ixrac xeyli artıb. İkinci böyük ixracatçı isə Azərpambıq Aqrar Sənaye Kompleksi MMC olub – əvvəlki ildəki 56,1 milyon dollara qarşı 38,9 milyon dollarlıq ixracla. Hər iki şirkət 2024-cü ildə 2023-cü illə müqayisədə ixracı artırmışdı.
Dövlətin şirkətlərin yardım təklfinə hansı formadasa müsbət cavab verib-verməyəcəyi bilinmir. Hər halda, neft hasilatı, ixracı və qiymətinin enməsi nəticəsində dövlətin gəlirlərində də ciddi azalma var. Üstəlik, dövlət pambığı becərən fermerlərə iri həcmdə dəstək verir. Nəhayət, dünya pambıq bazarında tələbin azalması tendensiyasının davamlı xarakter alacağı gözlənilir.
Bu baxımdan şirkətlərin yeni ixrac bazarları tapmaq üçün hərəkətə keçmələri zəruridir. Belə bazarlardan biri Çin ola bilər. Ötən il yağıntılı hava şəraiti Çində pambıq istehsalını kəskin azaldıb, hazırda bu ölkə daxili tələbatını təmin etmək üçün dünya bazarından alışları sürətlə artırır. Azərbaycan şirkətləri bu və digər bazarlar üçün fürsətləri dəyərləndirməlidilər.
Dövlət bu ildən etibarən yeni bazarlara məhsullar üçün logistika üzrə subsidiya mexanizminin tətbiqinə başlayır. İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayevin Report-a dediyinə görə, subsidiya yalnız yeni bazarlarda, artım potensialı olan ölkələr üçün nəzərdə tutulur. Pambıq emalçılarının bu fürsətdən də ixrac coğrafiyasını genişləndirmək üçün yararlanması vacibdir. Ən əlverişli yol isə pambıqdan son məhsulun istehsalı zəncirinin qurulmasıdır. Dövlətin məhz bu sahədə təşəbbüsləri dəstəkləməsi daha effektli addım olar, nəinki xam pambığın ixracını…
Dünya SAKİT,
Musavat.com

