Cəmiyyət 

Dəfn ediləcək 22 yaşlı qadın şəhidimiz kimdir? – Nişanlı qardaşını müharibəyə getməyə qoymamışdı

Xəbər verdiyimiz kimi, 19-20 fevral tarixlərində 17 itkin şəhidimiz dəfn ediləcək. Bununla bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Dəfn olunacaq şəhidlərdən ikisi qadındır. Onlardan biri Mehriban Arif qızı Qarayeva, digəri isə Zibeydə Bədəl qızı Əhmədovadır.

I Qarabağ müharibəsində 21 yaşında hərbçi kimi həlak olan Mehriban Qarayevanın bacısı Leyla Qarayeva Musavat.com-a gənc xanımın müharibəyə getmə və şəhid olma hekayəsini danışıb. O bildirib ki, ailədə 8 uşaq -4 bacı, 4 qardaş olublar. Mehriban Qarayeva 1970-ci ilin 27 martında Sumqayıt şəhərində anadan olub. O, Sumqayıt şəhər 3 nömrəli məktəbdə təhsil alıb. Ailə çox kasıb olduğu üçün Mehriban atası ilə birgə bir müddət gənc yaşlarından zavodda işləyib. Daha sonra isə texnikomda təhsil alıb və tibb bacısı ixtisasına yiyələnib.

“Bacım tibb bacısı kimi çalışırdı. O, müharibəyə gedəndə 21 yaşı var idi, döyüşlərə könüllü qatılmışdı. Biz onu saxlaya bilmədik. Həmişə deyirdi ki, mən gedib vuraşacağam.
Mən ailənin sonbeşiyi olmuşam və tez ailə qurmuşam deyə başım özümə qarışmışdı. Ona görə də bir çox məqamları mənə ailə üzvlərim danışıb. Onlar bildirirdi ki, qardaşım Famili də müharibəyə aparmaq istəyiblər. O, nişanlı olduğu üçün Mehriban deyib ki, sən nişanlısan, müharibəyə mən gedəcəyəm. Beləliklə onu getməyə qoymayıb və özü könüllü olaraq müharibəyə tibb bacısı kimi yollanıb”.

Cəbhəyə yollandıqdan sonra Mehriban xanım arada evlərinə gələrmiş: “Gəlib evə baş çəkirdi, o zaman onu saxlamağa çalışırdıq, ancaq o, razılaşmırdı. Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində vuruşurdular. Müharibəyə getməsindən 1 il sonra, 1992-ci ildə ailəmiz onun ölüm xəbərini aldı. Ağdərədə onun da olduğu maşın minaya düşmüşdü. Ancaq elə bir dövr idi ki, onun cəsədini geri ala bilmədik. Ermənilərin işğalından sonra ümidimiz təmiz kəsilmişdi. 2025-ci ildə bizə xəbər gəldi ki, qalıqları tapılıb”.

şəhid.jpg (79 KB)

Qeyd edək ki, fevralın 19-u saat 13:00-da Azad Sabir oğlu Cəlilov Ucar rayonu, Alpoud kənd qəbiristanlığında, Mahir Abuzər oğlu Quliyev isə Cəlilabad şəhər qəbiristanlığı, şəhidlər cərgəsində dəfn olunacaq. Saat 14:00-da Nail Fahil oğlu Dənziyev Lerik rayonu, Mastaıl kənd qəbiristanlığı, şəhidlər cərgəsində, Rəsul Babaxan oğlu Ağayev isə Sabirabad rayonu, Nərimankənd kənd qəbiristanlığında torpağa tapşırılacaq. Saat 15:00-da Vüqar Səlim oğlu Babayev Göyçay şəhərində yerləşən Şəhidlər xiyabanında, Şahin Heydər oğlu Kərimov isə Mingəçevir şəhərində yerləşən Şəhidlər xiyabanında, saat 16:00-da Fərman Məhəmməd oğlu Feyzullayev İsmayıllı rayonu, İstisu kənd qəbiristanlığında, saat 17:00-da isə Cavanşir İsrafil oğlu Həsənov Balakən rayonundakı Şəhidlər xiyabanında dəfn olunacaqlar.

Fevralın 20-si saat 11:00-da Rafiq Hüseyn oğlu Hüseynov Qaradağ rayonu, Lökbatan qəsəbəsi, ümumşəhər qəbiristanlığında (Qurd qapısı), Mehriban Arif qızı Qarayeva isə Sumqayıtdakı Şəhidlər xiyabanında torpağa tapşırılacaq. Saat 12:00-da Zibeydə Bədəl qızı Əhmədova Xocalı şəhərində yerləşən Şəhidlər xiyabanında, saat 13:00-da Dadaş Şərif oğlu Dadaşov və Qurban Ramazan oğlu Göyüşov Bərdə şəhəri, Şəhidlər xiyabanında, saat 14:30-da Hidayət İsa oğlu Vəliyev Bərdə rayonu, Zümürxan kənd qəbiristanlığında, saat 15:00-da Nofəl Cahangir oğlu Əsgərov Gəncə şəhəri, Şəhidlər xiyabanında (Səvizkar qəbiristanlığı), saat 15:30-da Qılman Surxay oğlu Hacıyev Bərdə rayonu, Kələntərli kənd qəbiristanlığında, saat 16:00-da Yolçu Sarı oğlu Məmmədov isə Şəmkir şəhərindəki Şəhidlər xiyabanında dəfn olunacaqlar.

Şahanə Rəhimli
Musavat.com

Daha çox xəbərlər