Xocalı və Buça FACİƏLƏRİ – İKİ vəhşilik, BİR dəst-xətt…
Bu gün Xocalı soyqırımının 34-cü ildönümüdür. Bu qətliamda erməni terrorçularla birlikdə Rusiyanın 366-cı motoatıcı alayı da iştirak edib. Əslində, harada qətliam, dinc əhalinin məhvi varsa, oradan qanlı rus əli çıxır.
Rusiyanın hərbi təcavüzü tək Xocalı cinayəti ilə bitmir. Ukraynaya qarsi müharibənin gedişində Buçanın dinc sakinlərinə münasibətdə Rusiya Silahlı Qüvvələri tərəfindən törədilmiş kütləvi qətl və işgəncələri də qeyd etmək lazım gəlir. Ukrayna, Polşa, Latviya və Estoniya rəsmiləri bu olayları soyqırımı adlandırıblar.
2022-ci ildə martın 4-də Rusiya qüvvələri it sığınacağına yemək çatdırmaqdan qayıdan üç dinc insanı maşında öldürüb. Martın 5-də, saat 7:15-də içində qaçmağa cəhd edən iki ailə olan iki maşın Çkalova küçəsinə dönən zamanı Rusiya qüvvələri tərəfindən görünüb. Onlar maşınlara atəş açaraq, ikinci maşındaki kişini öldürüblər. Öndə olan maşın isə pulemyot atəşinə məruz qalıb və ordaki iki uşaq və anası dərhal həyatlarını itiriblər.
Sosial mediada kütləvi qırğınları göstərən ilk video Rusiya qoşunlarının geri çəkilməsindən sonra – aprelin 2-də yayımlanmağa başlayıb. Buça meri Anatoli Fedorukun sözlərinə görə, bölgədə aşkar olunmuş cəsədlərin arasında “yüzlərlə rus əsgəri” də olub. Bundan sonra işğalçı hərbi qüvvələrin işğal zamanı törətdiyi cinayətlərin daha çox sübutları aşkar olunmağa başlayıb.
Ukraynalı əsgərlərin sözlərinə görə, onlar Buçanın yanında yerləşən Zabuççyadaki yay düşərgəsinin zirzəmisində on səkkiz kişi, qadın və uşaq meyitini şikəst edilmiş vəziyyətdə tapıblar. Əsgərlərdən biri deyib ki, bəzi meyitlərin qulaqları kəsilib, dişləri çıxarılıb. Həmçinin qeyd edib ki, onlar müsahibədən bir gün əvvəl zirzəmidən çıxarılıblar.
Moldova Prezidenti Maya Sandu olayı “insanlıq əleyhinə cinayət” adlandırıb və matəm günü elan edib. Bu cür qınamalar, həmçinin, Finlandiya, Litva, Polşa və Türkiyə dövlət xadimləri tərəfindən ifadə edilib…

Siyasi şərhçi Azər Həsrət Musavat.com-a açıqlamasında bildirib ki, Xocalıda baş verən qətliamın məsuliyyəti təkcə ermənilərin deyil, həm də Rusiya dövlətinin üzərinə düşür. O, xüsusilə 366-cı alayın iştirakını vurğulayaraq, 1992-ci ilin fevralında artıq Sovet İttifaqının mövcud olmadığını, buna görə də həmin hərbi birləşmənin faktiki olaraq Rusiyaya aid olduğunu bildirir:
“Doğrudur, bir zamanlar Azərbaycanın rəsmi təbliğatında Rusiyanın adını çəkməməyə çalışırdılar. O da bəlli və başa düşülən idi. Torpaqlarımız işğal altındaydı, hələ Rusiyanın bizə təsir imkanları daha çox idi və təbidir ki, Azərbaycan tərəfi bir qədər ehtiyatla bu məsələyə yanaşırdı. Amma mən ömrü boyu daim Xocalı soyqırımından sonra keçən bütün dövrlərdə həmişə xüsusi olaraq vurgulamışam ki, Xocalıda törədilən soyqırımı, sadəcə, Ermənistanın və ermənilərin əməli deyil, bu, Ermənistan-Rusiya, erməni-rus iş birliyinin nəticəsidir. Yəni, Xocalıdakı soyqırıma görə ermənilər nə qədər məsuliyyət daşıyırsa, Rusiya da o qədər cavabdehdir. Bəzən, lap elə indinin özündə deyirlər ki, 366-cı alay sovet ordusunun idi. Halbuki 1992-ci ilin fevralında Sovet İttifaqı adlı dövlət yox idi. O dövlət yoxuydusa, onun ordusu necə ola bilərdi? Əlbəttə ki, bu, Rusiyanın ordusu idi”.
A.Həsrətin sözlərinə görə, Rusiya dünyanın hər tərəfində soyqırımlar törətməsi ilə məşhurdur:
“Bütün dünya Rusiyanı belə qəbul edir. Məsələn, fevralın 23-də çeçen və inquş xalqının deportasiyasının 82-ci il dönümünü qeyd etdik. Həmin o deportasiya yalnızca əhalinin bir yerdən başqa yerə sürgün edilməsi deyildi. Deportasiya adı altında iki xalqın yaşadığı kəndləri boşaldıblar. Onları uzağa daşımaq üçün nəqliyyat olmadığına görə at tövlələrinə doldurub, adamları diri-diri yandırıblar. Yüzlərlə adamı bir dəfəyə yandırmaları ilə bağlı faktlar var. Yəni, bu, danılmaz faktlardır. Bax, Rusiya budur, onun mahiyyəti budur.
Bizim başımıza gətirilənlər də o qəbildəndir. Ona görə mən düşünürəm ki, bizim coğrafiyamızdakı bütün axan qanlara görə məsuliyyət həm də Rusiyanın üzərindədir. Digər tərəfdən, İran adlanan dövlətin üzərindədir. Bunlar əl-ələ verib, özəlliklə də biz türklərə qarşı soyqırımlar törədiblər, törətməyə həvəslidirlər və davam edəcəklər. Buna görə də onlarla işi birdəfəlik bitirmək lazımdır. Yəni, biz davamlı şəkildə deyirik ki, Azərbaycanın içində rus təsirini sıfırlamağın vaxtı çoxdan keçib…”
Şahanə Rəhimli,
Musavat.com

