Cəmiyyət 

Azərbaycanda erkən nikahlar 5-6 dəfə azaldı: Səbəb qanunlar, təhsil, yoxsa dəyişən düşüncədir?

“Ölkədə erkən nikahların sayı azalıb”. Modern.az xəbər verir ki, bu barədə “DOST TV”nin efirində yayımlanan “Ekspert rəyi” verilişində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamila Əliyeva məlumat verib.

Rəsmi statistikaya istinad edən komitə rəsmisi ölkədə erkən nikahların sayının əvvəlki illərə nəzərən 5-6 dəfə azaldığını bildirib: “Sözügedən statistika rəsmi qeydiyyatı olmayan, qeyri-qanuni xarakter daşıyan erkən nikahların təyini üçün məhz 18 yaşadək analar tərəfindən dünyaya gətirilən uşaqların sayına əsasən aparılır. Təkcə son illərin göstəricilərinə nəzər saldıqda müsbət dinamikanı açıq şəkildə görmək mümkündür”.

Rəsmi məlumatlara əsasən, 18 yaşadək analar tərəfindən dünyaya gətirilən uşaqların sayı illər üzrə belə dəyişib:

2022-ci ildə – 2011 uşaq,
2023-cü ildə – 1742 uşaq,
2024-cü ildə – 1279 uşaq,
2025-ci ildə – 877 uşaq.

Bəs ölkədə erkən nikahların 5-6 dəfə azalması daha çox hansı amillərlə bağlıdır: qanunvericilik, sosial nəzarət, yoxsa təhsil səviyyəsinin artması?

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev Musavat.com-a danışıb:

1742640488_photo_230464.jpg (65 KB)

“Məlum olduğu kimi, ölkəmizdə son illərdə bir sıra mühüm qanunlar qəbul olunub. Həmin qanunlardan biri də yaxın qohumlar arasında nikahların qadağan edilməsi ilə bağlıdır. Erkən nikah halları da daha çox qohum evliliklərində özünü göstərirdi. Belə ki, yaxın qohumlar arasında münasibətlər daha sıx olduğundan, ailələr bir-birinə daha rahat təsir göstərə bilir, bəzən qohumluq əlaqələrindən istifadə edilərək erkən yaşlarda elçilik göndərilir və nəticədə erkən nikah halları baş verirdi. Yaxın qohumlar arasında nikahların qanunla qadağan olunması da müəyyən mənada bu kimi halların qarşısının alınmasına xidmət edir”.

Sosioloqun fikrincə, digər mühüm səbəb ümumilikdə gənclərin həyat planlamasına və ailə qurmağa baxışının dəyişməsidir:

“Bu gün cəmiyyətdə düşüncə transformasiyası baş verir. Əvvəllər ənənəvi cəmiyyətdə “tez oyanan, tez evlənən udar” kimi yanaşmalar mövcud idi. Lakin hazırda gənclər ilk növbədə təhsil almağa, peşə və karyera qurmağa, iqtisadi cəhətdən müstəqil olmağa çalışırlar. Onlar müəyyən bir həyat təcrübəsi qazandıqdan, özlərini təmin etdikdən sonra ailə qurmaq barədə düşünürlər. Eyni zamanda, ümumilikdə nikahların sayında da azalma müşahidə olunur. Yəni təkcə erkən nikahların sayı deyil, ümumi nikah göstəricilərində də enmə tendensiyası var. Gənclər arasında ailə institutuna marağın müəyyən qədər azalması da bu prosesə təsir göstərən amillərdən biridir. Bunun da öz sosial, iqtisadi və psixoloji səbəbləri mövcuddur”.

Üzeyir Şəfiyev həmçinin vurğulayıb ki, bütün bunlarla yanaşı, maarifləndirmə işlərinin də əhəmiyyətli təsiri var:

“Mətbuat, televiziya və digər informasiya vasitələri vasitəsilə erkən nikahların mənfi nəticələri barədə mütəmadi maarifləndirmə aparılır. Bu fəaliyyətlər cəmiyyətin mövqeyinin formalaşmasına və problemin miqyasının azalmasına öz töhfəsini verir. Paralel olaraq məsələyə kompleks yanaşdıqda görürük ki, hüquqi tənzimləmə mexanizmlərinin sərtləşdirilməsi də mühüm rol oynayır. Sosial şəbəkələr və müasir informasiya texnologiyaları imkan verir ki, belə hallar baş verən kimi ictimailəşsin. Hətta ucqar kənd və rayonlarda erkən nikah cəhdləri və ya buna bənzər hadisələr baş verdikdə, məlumat dərhal aidiyyəti qurumlara çatdırılır və müvafiq dövlət orqanları operativ reaksiya verir. Bu da şübhəsiz ki, problemin qarşısının alınmasında mühüm əhəmiyyət daşıyır.

Qeyd etmək lazımdır ki, bu qanunların tətbiqindən əvvəl də erkən nikahlara qarşı maarifləndirmə işləri aparılırdı. Təkcə erkən nikah deyil, həmçinin azyaşlıların nişanlanması, adaxlanması və buna bənzər hallara qarşı da cəmiyyət əvvəlki dövrlərlə müqayisədə daha həssas yanaşır. Artıq ictimaiyyət bu kimi hallara tolerant münasibət göstərmir, belə faktlarla rastlaşdıqda aidiyyəti qurumlara məlumat verir və qanunun aliliyinin təmin olunmasına dəstək göstərir”.

Xalidə Gəray
Musavat.com

Daha çox xəbərlər