Meyvə bazarında qiymət fərqlərinin səbəbi açıqlandı
“Hava şəraiti ilə əlaqədar olaraq bazarda bəzi meyvə və tərəvəzlərin qiymətlərində artım müşahidə oluna bilər. Lakin bu bahalaşmanın bütün məhsullara aid olduğunu söyləmək düzgün olmaz. Çünki iqlim dəyişiklikləri və qeyri-sabit hava şəraiti müxtəlif meyvə ağaclarına fərqli təsir göstərir”.
Bunu BiG.AZ-a açıqlamasında iqtisadçı Xalid Kərimov bildirib.
O, qeyd edib ki, xüsusilə alça, gilas və ərik kimi erkən mövsüm meyvələrinin qiymətində artım ehtimalı daha yüksəkdir. Bunun əsas səbəbi həmin ağacların çiçəkləmə və məhsul formalaşması dövründə əlverişsiz hava şəraitinə daha həssas olmasıdır. Yaz aylarında müşahidə olunan temperatur dəyişiklikləri, güclü yağışlar və ya dolu halları məhsuldarlığın azalmasına səbəb ola bilər ki, bu da bazarda təklifin azalması və nəticə etibarilə qiymətlərin yüksəlməsi ilə nəticələnir:
“Bununla yanaşı, bütün meyvə növləri eyni risklə üzləşmir. Məsələn, nar və digər payız mövsümündə məhsul verən meyvə ağacları hazırkı hava şəraitindən ciddi şəkildə təsirlənməyib. Bu ağacların vegetasiya dövrü fərqli olduğundan onlar yaz aylarında baş verən hava dəyişikliklərinə daha az məruz qalırlar. Nəticədə həmin məhsullar üzrə istehsal həcminin ciddi şəkildə azalacağı gözlənilmir.
Bu baxımdan yaxın aylarda bəzi mövsümi meyvələrin qiymətində bahalaşma müşahidə olunsa da, bazarda bütün meyvə və tərəvəzlərin qiymətinin kəskin şəkildə artacağını gözləmək doğru deyil. Qiymət dinamikası əsasən hava şəraitinin ayrı-ayrı məhsul növlərinə göstərdiyi təsirin səviyyəsindən asılı olacaq”.

