Qarğıdalı qalmaqalı: Ermənistan hakimiyyətindən ironik reaksiya
İranda davam edən hərbi qarşıdurma fonunda Ermənistan hakimiyyətinin davranışı ölkə daxilində müzakirə mövzusuna çevrilib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, martın 2-də parlamentdə jurnalistlərin suallarını cavablandıran Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan hakim “Vətəndaş müqaviləsi” partiyasının müharibə fonunda daxili partiya kampaniyası aparmasına yönələn tənqidlərə münasibət bildirib.
Yerli jurnalistlər nazirə Ermənistanın sərhədləri yaxınlığında müharibə gedərkən hakim partiyanın daxili siyasi fəaliyyətlə məşğul olması hökumətin regiondakı vəziyyətə laqeyd yanaşdığı təəssüratı yaratdığını deyiblər.
Nazir isə buna cavab olaraq bildirib: “Bunun necə ifadə olunmalı idi? Bizə daxili gündəmlə məşğul olmağa nə əngələ törədir ki? Təhlükəsizlik Şurası açıq şəkildə bəyan edib ki, ölkəmiz üçün heç bir təhlükə yoxdur. Mən başa düşmək istəyirəm, niyə biz daxili siyasi gündəmdən yayınmalıyıq? Nazirlər Kabinetinin narahatlığını necə göstərməli idik?”
Jurnalistin son günlərdə ictimaiyyətin baş naziri əsasən qarğıdalı və pirojki yeyərkən gördüyünü xatırlatmasına isə Qalyan belə cavab verib: “Əgər sizə qarğıdalı və pirojki xoş gəlmirsə, bu artıq sizin probleminizdir.”

