Marketlərdə saxta yumurta satılır? – AÇIQLAMA
Bəzi ölkələrdə real yumurtaya bənzər, amma əslində yumurta olmayan məhsullar hazırlanır. Yumurtanın ağ hissəsi, su, jelatin, nişasta və ya natrium alginat kimi qatqılarla şəffaf, jeləbənzər kütlə hazırlanır. Sarı hissəsi isə qida boyası, jelatin/nişasta və bəzi hallarda dadvericilərlə kürəcik formasında düzəldilir.
Sosial şəbəkələrdə yayılan videolarda iddia olunur ki, saxta üsulla hazırlandığı deyilən yumurtalar dad, qoxu və bişirilmə xüsusiyyətlərinə görə digərlərindən fərqlənmir, hətta onların istifadəsini nümayiş etdirən görüntülər də paylaşılır.
Azərbaycan bazarlarında saxta yumurtaların satılması halları varmı?
Bizim.Media xəbər verir ki, mövzuya Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova münasibət bildirib.
Onun sözlərinə görə, Azərbaycanda qeyd olunan saxta yumurtaların satışı yoxdur:
“Xüsusilə də Azərbaycan ərazisində həm kənd yumurtasına əlçatanlıq var, həm də quşçuluq təsərrüfatı ilə məşğul olan müəssisələr də yetəri qədər yumurta istehsal edirlər. Bu, təbii toyuq yumurtasını əldə etmək saxta yumurtanı əldə etməkdən daha ucuz və asan başa gəlir.
Çünki qeyd olunan kimi saxta yumurtanın yaranması üçün əldə olunan jelatin, nişasta onun qəliblənməsi və s. müxtəlif tenoloiya və xərclər tələb edir. Bu səbəbdən sahə üzrə belə yumurtaların əldə edilməsi effektiv hesab olunmaz. Eyni zamanda bəzən bu ölkələrdə bununla bağlı eksperimental çəkilişlər, reytinq xətrinə hazırlanmış videolar olur”.
M.Hüseynova qeyd edib ki, bəzən insanlar müxtəlif yumurtaları saxta zənn edir:
“Bəzi hallarda yumurtanın ağı və ya sarısı sərt, qoxusu daha kəskin olur. Bu, toyuğun yeminin tərkibi, yaşı, saxlama şəraiti ilə əlaqəli ola bilər, mövsümə görə dəyişə bilər. Bu zaman xüsusilə yumurta sarısının teksturası dəyişir. Amma bir çox hallarda qaynadıldıqdan sonra suda uzun müddət saxlanıldıqda yumurtanın sarısı sərt, elastik, rezin kimi görünüş əldə oluna bilər.
Bu, bişirilmə və saxlama formasından asılıdır. Təbii ki, yumurtanın saxlanma şəraiti, temperaturun pozulması, çatlamış olması, qeyri-rəsmi satış yerlərindən alınması zərərlər verə bilər, bu zaman salmonellaya yoluxma riski daha yüksək olur. Eləcə də yüksək nəzarətdən keçməyən quşların yumurtası ola bilər ki, bu zaman sağlamlıq üçün müəyyən fəsadlar yarana bilər”.

