Bakının bu əraziləri 6 bala tab gətirməyəcək — AÇIQLAMA
Azərbaycan seysmik cəhətdən aktiv bölgədə yerləşir və son illərdə qeydə alınan yeraltı təkanlar bu mövzunu yenidən gündəmə gətirib. İki il əvvəl baş verən zəlzələ ictimaiyyətdə ciddi müzakirələrə səbəb olmuşdu. Xatırladaq ki, 2000-ci ildə də ölkədə güclü zəlzələ qeydə alınmışdı. Bu fonda mümkün yeni təkanların həmin dövrlə müqayisəsi sual doğurur.
Məsələ ilə bağlı seysmoloq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Geologiya və Fizika insititunun şöbə rəhbəri, seysmoloq Qulam Babayev Demokrat.az-a bildirib ki, 2000-ci il noyabrın 25-də baş verən zəlzələ iki əsas təkanla müşahidə olunub:
“Bu, güclü zəlzələ hesab edilirdi və ardıcıl iki seysmik təkan qeydə alınmışdı. Həmin zəlzələ zamanı Bakıda, xüsusilə sahilyanı ərazilərdə müəyyən dağıntılar və çatlar müşahidə olunmuşdu. Sahilyanı binalarda çatların əmələ gəldiyi, hətta bir binanın dağıldığı barədə məlumatlar var idi. Bildiyimə görə, həmin bina ya yarımçıq tikili idi, ya da tikilməkdə idi. Sonradan həmin zəlzələnin ssenarisini tərtib etdim. Sahilyanı ərazilər daha yüksək intensivliyə məruz qalır. Əgər həmin zəlzələ bir təkan şəklində, məsələn 6.5 maqnitudada baş versəydi, intensivlik daha yüksək olardı”.
O bildirib ki, belə halda sahilyanı ərazilərdə daha yüksək intensivlik müşahidə oluna bilər:
“Hətta bəzi ərazilər 9 ballıq zonaya düşə bilər. Xüsusilə sahilyanı hissələr, “28 May” ətrafı və “Sahil” metrostasiyası istiqaməti bu zonaya daxildir. Əgər eyni nöqtədə, Xəzər dənizində 6.5 maqnitudalı zəlzələ baş versə, nəticələr yenə də intensivliyə görə fərqlənə bilər”.
Seysmoloq deyib ki, həmin zəlzələdən 26 il keçib və binalar köhnəlmiş ola bilər:
“Bakı şəhərində risk zonaları müxtəlifdir. Bəzi ərazilər 9 ballıq intensivliyə məruz qala bilər, digər hissələr isə 8, 7 və ya 6 ballıq zonalara daxildir. Buna görə də şəhərin bütün əraziləri eyni dərəcədə risk altında deyil”.

