İran bombalanır, Azərbaycana qaçqın axını gözlənilir — AÇIQLAMA
Yaxın Şərqdə ABŞ, İsrail və İran arasında artan hərbi-siyasi gərginlik regionda təhlükəsizlik balansını daha da ciddi vəziyyətə salıb. Hərbi əməliyyatların genişlənməsi ehtimalı və böyük güclərin prosesə birbaşa cəlb olunması təkcə Yaxın Şərq üçün deyil, bütövlükdə daha geniş coğrafiya üçün ciddi risklər yaradır. Belə bir şəraitdə region dövlətləri üçün mümkün nəticələr xüsusi aktuallıq kəsb edir. O cümlədən, Azərbaycan baxımından da vəziyyət diqqətlə qiymətləndirilir. Xüsusilə humanitar aspekt – mümkün qaçqın və miqrasiya axını ehtimalı, sərhəd təhlükəsizliyi, sosial və iqtisadi təsirlər kimi məsələlər gündəmə gələ bilər.
Milli Məclisin deputatı Arzuxan Əlizadə Demokrat.az-a açıqlamasında deyib ki, hücumların İran xalqına qarşı deyil, mövcud rejimə qarşı yönəldiyi iddia olunur.
“İranın ali dini rəhbərliyində təmsil olunan şəxslər, həmçinin SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu) və Ordu generalları da zərbələrə məruz qalıb. Ali dini lider Ali Xamenei başda olmaqla SEPAH və Ordu rəhbərliyində təmsil olunan bir sıra yüksək rütbəli şəxslərin zərərsizləşdirilib. Bundan sonrakı mərhələdə isə ABŞ-nin müxtəlif ölkələrdə yerləşən hərbi bazaları və İsraili hədəf ala biləcək potensial məntəqələrin daha çox hədəfə götürülür. Məsələnin mahiyyəti ondan ibarətdir ki, istər ABŞ, istərsə də İsrailin əsas məqsədinin İrandakı mövcud rejimin dəyişdirilməsi olduğu bildirilir. Bu dəyişiklik prosesində İran xalqının, eləcə də ölkədə yaşayan müxtəlif millətlərin və ictimai qrupların əsas rol oynayacağı vurğulanır. Bu baxımdan hücumların İran xalqına qarşı deyil, mövcud rejimə qarşı yönəldiyi iddia olunur”.
Deputatın sözlərinə görə, bununla belə, hərbi əməliyyatlar zamanı dinc əhali arasında itkilərin baş verməsinin qaçılmaz olduğu qeyd edilir:
“Təəssüf ki, artıq ibtidai sinif qızlar məktəbinin vurulduğu və çoxsaylı itkilərin olduğu bildirilir. Lakin dinc əhalinin sıx yaşadığı ərazilərin məqsədli şəkildə hədəfə alınmadığı iddia edildiyindən, genişmiqyaslı qaçqın axınının baş verməyəcəyi ehtimal olunur. Gözlənti ondan ibarətdir ki, mövcud rəhbərliyin əsas fiqurları sıradan çıxarıldıqdan sonra ölkədə rejim dəyişikliyi prosesi başlaya bilər. Bu prosesdə İran xalqının rolunun nəzərə alınacağı və insanların ölkə daxilində qalması, qaçqın həyatı yaşamaması üçün müəyyən tədbirlər əvvəlcədən planlaşdırılır. Bu səbəbdən geniş qaçqın axını olacağı ehtimalını aşağı qiymətləndirirəm”.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana hücum edib. Buna cavab olaraq isə, İran da İsrailə raketlər atıb. İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei 2026-cı il martın 1-nə keçən gecə Tehrandakı iqamətgahına endirilən hava zərbələri nəticəsində həlak olub. Hazırda ölkədə idarəetmə müvəqqəti şura tərəfindən həyata keçirilir və hadisənin dini baxımdan həssas dövrə təsadüf etməsi geniş müzakirələrə yol açıb.

