GMO məhsulları: Qida təhlükəsizliyi ilə bağlı narahatlıqlar artır – QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Son illər dünyada qida sənayesində geniş müzakirə olunan mövzulardan biri də genetik modifikasiya olunmuş orqanizmlər (GMO) ilə bağlıdır. Genetik müdaxilə yolu ilə əldə edilən bu məhsulların kənd təsərrüfatında məhsuldarlığı artırdığı və bitkiləri zərərvericilərə qarşı daha davamlı etdiyi bildirilir. Bununla yanaşı, GMO məhsullarının insan sağlamlığına və ətraf mühitə mümkün təsirləri ilə bağlı müxtəlif fikirlər və narahatlıqlar da səsləndirilir.
Bu səbəbdən bir çox ölkələrdə GMO tərkibli məhsulların istehsalı və satışı xüsusi qaydalarla tənzimlənir, bəzi dövlətlər isə belə məhsullara məhdudiyyətlər tətbiq edir. Buna baxmayaraq, GMO mövzusu qlobal qida bazarında ən çox müzakirə olunan məsələlərdən biri olaraq qalmaqdadır.
Mövzu ilə bağlı qida eksperti Anar Tağıyev BiG.AZ-a açıqlamasında bildirdi ki, geni dəyişdirilmiş orqanizmlərdən (GMO) istifadə edilən məhsullar ətrafında müzakirələrin davam etməsi təsadüfi deyil. Bu cür məhsulların istehsalı kənd təsərrüfatında məhsuldarlığın artırılmasına kömək etsə də, onların insan sağlamlığına uzunmüddətli təsirləri ilə bağlı araşdırmalar hələ də davam edir. Bu səbəbdən istehlakçılara qida məhsulları alarkən tərkib hissələrinə diqqət yetirmək tövsiyə olunur.
Müəllif: İlkin Məmmədkərimov

