Saxta yumurta iddiaları: Əsl və saxta yumurtanı necə ayırd etmək olar? – QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Son günlər sosial şəbəkələrdə Çindən gətirildiyi iddia olunan saxta yumurtalarla bağlı paylaşımlar geniş müzakirə olunur. Bu iddialar əhali arasında narahatlıq yaradıb və bir çox insan bazarlarda və mağazalarda satılan yumurtaların həqiqətən təbii olub-olmadığını düşünməyə başlayıb. Xüsusilə gündəlik qida rasionunda geniş istifadə olunan yumurta ilə bağlı yayılan bu məlumatlar istehlakçıların diqqətini daha da artırıb.
Yumurtanın keyfiyyətini və təbii olub-olmadığını müəyyən etmək üçün bir sıra sadə üsulların olduğu bildirilir. İstehlakçılar yumurtanın həm xarici görünüşünə, həm də sındırıldıqdan və ya bişirildikdən sonra göstərdiyi xüsusiyyətlərə diqqət etməklə müəyyən fərqləri görə bilərlər. Bəs əhali əsl yumurta ilə saxta yumurtanı necə ayırd edə bilər? Bu sual hazırda ən çox müzakirə olunan mövzulardan biridir.
Mövzu ilə bağlı qida eksperti Fərid Səfərov BiG.AZ-a açıqlamasında bildirdi ki, sosial mediada tez-tez “saxta yumurta” videoları yayılır.
Ümumiyyətlə saxta yumurta varmı?
Burada iki anlayışı ayırmaq vacibdir:
– Sənaye üsulu ilə istehsal olunan “yumurta alternativləri”.
Bəzi ölkələrdə, xüsusilə ABŞ və Avropada, bitki mənşəli “egg substitute” məhsulları istehsal olunur. Məsələn, JUST Egg adlı şirkət bitki əsaslı maye “yumurta” alternativi istehsal edir. Bu məhsullar açıq şəkildə alternativ kimi satılır, üzərində tərkibi yazılır və istehlakçını aldatmaq məqsədi daşımır. Onlar adətən veganlar və ya allergiyası olan şəxslər üçün nəzərdə tutulur.
– Sosial mediada yayılan “saxta yumurta” iddiaları.
İllər əvvəl belə xəbərlər yayılmışdı. Praktiki baxımdan isə tam sintetik yumurta hazırlayıb onu toyuq yumurtasından ucuz başa gətirmək çətindir. Yumurta özü artıq çox ucuz və əlçatan məhsuldur. Kimyəvi komponentlərlə qabıqlı, sarısı və ağı ayrılan, bişərkən struktur dəyişən, dad və qoxu baxımından eyni nəticə verən məhsul hazırlamaq həm texniki, həm də iqtisadi baxımdan sərfəli deyil.
Yəni alternativ yumurta məhsulları var, amma geniş bazarda gizli şəkildə “saxta toyuq yumurtası” istehsalı və yayılması barədə etibarlı sübut yoxdur.
Azərbaycan bazarında saxta yumurta varmı?
Hazırda Azərbaycanda dövlət qurumları tərəfindən “saxta yumurta”nın satışda olması ilə bağlı rəsmi təsdiqlənmiş fakt yoxdur.
Ölkədə qida təhlükəsizliyinə nəzarəti Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi həyata keçirir. Bu qurumun açıq məlumat bazasında və rəsmi açıqlamalarında saxta yumurta ilə bağlı kütləvi hal qeyd olunmayıb.
Azərbaycan bazarında satılan yumurtalar əsasən, yerli quşçuluq fabriklərinin məhsuludur, baytarlıq və sanitariya nəzarətindən keçir, qabıq üzərində kod və ya marka olur.
Sağlam qidalanaraq sağlam yaşayın!
Müəllif: İlkin Məmmədkərimov

