Marketlərdə bayram qiymətləri-REPORTAJ, FOTOLAR
Azərbaycanda Novruz bayramı və Ramazan bayramı ərəfəsində alış-veriş fəallığı xeyli artıb. Bayrama cəmi bir gün qaldığı üçün əhali kütləvi şəkildə marketlərə üz tutur, süfrə üçün lazım olan əsas ərzaq məhsullarını almağa çalışır.
Musavat.com-un əməkdaşı bir neçə marketdə müşahidə apararaq qiymətlərlə maraqlanıb.
Məlum olub ki, bəzi məhsullarda endirimlər tətbiq edilsə də, ümumi qiymətlərdə müəyyən artım hiss olunur:
Düyünün qiyməti 4 manatdan başlayır. Qutuda satılan düyülər 4.49 AZN, 5.65 AZN, 8.80 AZN-dir. Kisədə satılan düyünün qiyməti isə 9.25 AZN-dir.
Qarğıdalı yağının qiymətləri belədir: 4.45 AZN, 4.69 AZN, 7.35 AZN (ölçüsündən asılı olaraq)
Günəbaxan yağının qiyməti 3.35 AZN başlayaraq, 8.40 AZN-ə qədərdir.
Digər ərzaqların qiymətləri isə aşağıdakı kimidir:
Zeytun yağı-14.50-17.20 AZN,
Qırmızı mərcimək -2.50 AZN-3.65 AZN,
Noxud-4.99 AZN,
Qarğıdalı-2.49 AZN,
Makaron-0.99 AZN-1.09 AZN,
Şəkər tozu-1.60 AZN- 2.95 AZN,
Qənd-1.79 AZN-2.65 AZN,
Çay-1.75 AZN -12.55 AZN,
Kərə yağı-3.35 AZN-dən başlayaraq, 23.95 AZN-ə qədər,
Pendir-12.35 AZN -17.49 AZN.
Doğranmış, çəkilmiş toyuq-4.00 AZN, dondurulmuş qanad-5.60 AZN, dondurulmuş toyuq -6.10 AZN.
Alıcılarla da söhbətləşdik:
Fərqanə Mustafayeva dedi ki, əksər marketlərdə endirim yalnız müəyyən məhsullara aid olur: “Artıq öyrəşmişik. Bayram yaxınlaşdıqca qiymətlər bir az da artır. Amma yenə də almağa məcburuq. Bəzi məhsulları bazardan alırıq, bəzilərini marketdən”.
Cavid Quliyev isə dedi ki, ən çox yağ və ət məhsulları bahalaşıb: “Əziz bayramdır. İmkan daxilində ürəyimizcə süfrə açmaq istəyirik. Bəzi ərzaqları bir müddət əvvəldən alıb qoymuşdum. İndi də xörəklər üçün ərzaq almağa gəlmişəm. Amma ümumilikdə süfrə açmaq çətinləşib”.
Zülfiyyə Əbilova da qeyd etdi ki, endirim var, amma cüzidir: “Endirimlər var, amma hər məhsula aid deyil. Daha çox ucuz məhsullarda olur”.
Səmayə Rəsulova isə bildirdi ki, alış-veriş büdcədən asılıdır: “Bayram ərəfəsində qiymətlərə fikir verirəm. Elə məhsullar olur ki, onları 1-2 gün əvvəldən almaq olur. Bayrama bir gün qalıb, bəzi məhsulları indi almağa məcburuq. Marketdən ət və ət məhsulları almıram. Yenə də seçim çoxdur, hər büdcəyə uyğun nəsə tapmaq olur”.
Müşahidələr göstərir ki, bayram ərəfəsində tələbatın artması qiymətlərə də təsir edir. Əsas ərzaq məhsullarında ciddi qıtlıq olmasa da, qiymət fərqləri və endirim kampaniyaları alıcıların seçimində mühüm rol oynayır.
Nigar Həsənli,
Fotolar müəllifindir,
Musavat.com









