Cəmiyyət 

Ramazandan sonra bunları yeməyin: Mədənizi necə qorumalı?

Ramazan ayı bitdikdən sonra orqanizm oruc rejimindən adi qidalanmaya keçid edir və bu mərhələdə qidalanma diqqətlə tənzimlənməlidir. Ən önəmlisi, həddindən artıq yağlı, şəkərli və duzlu qidalardan uzaq durmaqdır, çünki orqanizm uzun müddət ərzində qənaət rejimində olub və ağır qidalar həzm sisteminə yük ola bilər. Daha çox tərəvəz, meyvə, tam taxıllar və yüngül zülallı qidalar qəbul etmək məsləhət görülür.

Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən qida eksperti Fərid Səfərov bildirib ki, Ramazan ayından sonra, xüsusilə bahar bayramı kimi bolluq süfrələrinin qurulduğu dövrdə qidalanmanı düzgün tənzimləmək çox vacibdir.

“Oruc müddətində orqanizm daha yüngül rejimə uyğunlaşır və birdən-birə ağır qidalara keçid həzm sisteminə yük sala bilər. Bu səbəbdən, Ramazandan sonra qidalanmanı tədricən normallaşdırmaq lazımdır. İlk günlərdə şorbalar, tərəvəz yeməkləri, qatıq kimi asan həzm olunan qidalar seçmək faydalıdır, porsiyaları böyütməkdən çəkinmək vacibdir. Toyuq, balıq, yumurta ilə tərəvəz və tam taxılları birlikdə qəbul etmək zülal və lif balansını təmin edir. Su qəbulunu artırmaq orqanizmin su balansını bərpa etməyə kömək edir, şəkərli qidaların miqdarını azaltmaq isə insulin dalğalanmalarını və halsızlığı önləyir. Qızartmalar, çox yağlı yeməklər, ağır şirniyyatlar, şəkərli içkilər, fast-food və yüksək duzlu məhsullardan uzaq durmaq sağlamlıq üçün önəmlidir”.

Ekspert bildirib ki, bahar bayramı kimi süfrələr isə adətən kalorili və müxtəlif olur.

“Burada əsas prinsip ölçülü və balanslı qidalanmaqdır. Süfrəyə ac oturmamaq, bayramdan əvvəl yüngül bir şey yemək həddindən artıq yeməyin qarşısını alır. Hər şeydən dadmaq olar, amma az miqdarda, tam imtina etmədən nəzarətli istehlak etmək lazımdır. Paxlava, şəkərbura, qoğal kimi şirniyyatları gün ərzində az-az yemək, hərəkətli olmaq və gəzintiyə çıxmaq həzmi yaxşılaşdırır. Gecə yeməklərindən, xüsusilə ağır yeməkləri gec saatlara saxlamaqdan çəkinmək də önəmlidir. Əsas qayda birdən-birə yüklənməmək və balansı qorumaqdır. Az-az, tez-tez və müxtəlif qidalanmaq həm həzm sistemini qoruyur, həm də bayramdan sonra çəki artımının qarşısını alır. Sağlam qidalanaraq sağlam yaşayın!”

Daha çox xəbərlər