Cəmiyyət 

İran BOMBALANIR, balığı bazarlarımızda dolu – REPORTAJ

 “Gəl, gəl, müştəri, gəl, balıqdan qalmadı. Bayram qurtarır, balıq qurtarmır. Gəl, hər qiymətə balıq var…”

Səhər-səhər Lənkəran bazarında bayramdan əvvəlki səs-küy, qələbəlik, tələskənlik olmasa da, bu seyrəklikdə balıq alan tapılır. Əlbəttə, satan daha çoxdur. Bu da hər il bayramdan sonra adiləşən haldır. Ancaq Lənkəranın kütüm balığından söhbət gedirsə, bazarda qalan və ya satılmayan günü yoxdur.

İntəhası, son illər Lənkəran kütümü ilə bir cərgədə İrandan gələn eyninöv məhsullar da satışdadır. Beş gün sonra İrana qarşı davam edən hərbi əməliyyatların bir ayı tamam olacaq, amma belə bir şəraitdə cənub bölgəsinin bazarlarında İran kütümü satılmaqdadır. Üstəlik, İran balığı bazara elə ayaq açıb ki, bolluğuna görə yerli məhsulları üstələyib. Xüsusən də İranın Ənzəli bölgəsindən gətirilən kütüm balığı bazarda satışdadır.

Yerli camaatın dediyinə görə, onu Lənkəran kütümündən ayırd etmək mümkündür. Ancaq Lənkərana qonaq gələn və balıq seçimində təcrübəsi az olanlar hansı kütümün yerli, hansının İranın olduğunu bilə bilməzlər. Çünki görünüşünə görə ciddi fərq yoxdur. Sadəcə, biri Xəzərin Ənzəli sahillərində, biri Lənkəran sahillərində ovlanır. Fərq isə qiymətdədir və elə ilk növbədə buradan ayırd etmək olur ki, hansı Lənkəran kütümüdür.

Məsələn, yerli kütüm balığı 20 manatdırsa, İrandan gələn həmin məhsulu 13-15 manata almaq olar. Yerli camaat Lənkəran balığına üstünlük versə də, cibinə baxıb İranın kütüm balığı alanlar da deyil. Bəzi alıcılar isə deyirlər ki, onlardan qəribə və ağır qoxu gəlir. Bunun səbəbi İrandan gələn balıq məhsullarının bir neçə gün saxlanması ilə izah olunur. Yəni yerli balıq ovlanan kimi elə həmin gün təzə-təzə, səhər-səhər bazarda satılır. Ənzəlidən gətirilən balıqların isə həm Azərbaycana daşınması vaxt alır, həm elə gün olur ki, bazarda satılmır və beləcə qalmış balıqdan ağır iy gəlməsi mümkündür.

Ağız dadına gəlincə, yenə yerli camaat danışır ki, Xəzərin Lənkəran və Astara hövzəsi dərin olduğuna görə orada ovlanan kütüm balığı dadlı olur. Balıq nə qədər dərində ovlanarsa, o qədər bişəndə ləzzətli çıxır. Ənzəlidən gələn kütüm balığı da dadsız deyil, sadəcə, əhali yerli məhsula üstünlük verir və yuxarıda sadaladığımız səbəblər onun qiymətini ucuzlaşdırır. Bütün hallarda, bazarda İran balığı bol və əlçatandır. Təbii ki, Lənkəran kimi Astara bazarında da qonşu ölkə ərazisindən daşınan kütüm balığına rast gəlmək mümkündür.

Alıcıların sözlərinə görə, balıq satanlar satdığı məhsulların İrandan gəldiyini təbii ki, etiraf etmirlər. Sadəcə, tez-tez balıq alan yerli adamlar hansının Lənkəran, hansının Ənzəli kütümü olduğunu bilirlər. Bəzi alıcılar isə deyirlər ki, İran balığı o dadı vermir, yerli məhsul kimi ləziz deyil. Ona görə də “könlü balıq istəyənin” gərək bu gözəl nemətdən həm də anlayışı olsun.

Qeyd edək ki, Ənzəli təkcə İranın Gilan vilayətinin iqtisadi və liman şəhəri kimi deyil, həm də zəngin təbii sərvətləri, xüsusilə balıqçılıq ənənələri ilə məşhurdur. Xəzər dənizinin sahilində yerləşən Ənzəli, həm İran ərazisində, həm də ümumilikdə Xəzər hövzəsində ən böyük balıqçılıq mərkəzlərindən biridir. Ənzəli balığı dedikdə, təkcə bölgədə ovlanan balıq növləri deyil, həm də əsrlər boyu formalaşmış balıqçılıq mədəniyyəti, dəniz məhsullarının istehsalı və bu sahənin sosial-iqtisadi əhəmiyyəti nəzərdə tutulur.

Emil Salamoğlu
Musavat.com

Daha çox xəbərlər