Elektron siqaret qadağası başladı – Hamı cərimələnə bilərmi? Qanundakı incə məqam
Azərbaycanda 1 aprel 2026-cı ildən etibarən elektron siqaretlərlə bağlı sərt qadağa qüvvəyə minib. Qanuna görə, elektron siqaretlərin ölkəyə idxalı, ixracı, istehsalı, saxlanılması, satışı və istifadəsi qadağan olunub. Bununla yanaşı, ictimai yerlərdə elektron siqaret istifadə edən şəxslər 30 manat məbləğində cərimə oluna bilər. Lakin qanunun tətbiqi ilə bağlı yeni bir problem ortaya çıxıb – elektron siqaretlərlə qızdırılan tütün məmulatları tez-tez bir-biri ilə qarışdırılır və nəticədə vətəndaşlar səhvən cərimə edilirlər.
Musavat.com xəbər verir ki, bu barədə “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) xüsusi bəyanat yayıb.
Xatırladaq ki, Azərbaycanda tütün məhsullarının tənzimlənməsi ilə bağlı əsas sənəd 2001-ci il 8 iyun tarixli “Tütün və tütün məmulatları haqqında” Qanundur. Son 25 ildə bu qanuna dəfələrlə dəyişiklik edilib və tütün məhsullarının istifadəsi mərhələli şəkildə məhdudlaşdırılıb. Qanuna son dəyişiklik isə 2026-cı il fevralın 1-də qəbul olunub və 1 aprel tarixindən etibarən elektron siqaretlərə tam qadağa tətbiq edilib. Eyni zamanda İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə əsasən, qadağan edilmiş yerlərdə və ictimai məkanlarda elektron siqaret istifadə edən şəxslər 30 manat məbləğində cərimə edilə bilər.
Əsas problem – elektron siqaretlə qızdırılan tütün qarışdırılır
“Azad İstehlakçılar” İctimai Birliyi bildirir ki, son günlər onlara çoxsaylı müraciətlər daxil olur. Vətəndaşlar qadağanın hansı məhsullara şamil edildiyini soruşur, bəziləri isə artıq cərimə olunduqlarını bildirirlər. Bəzi hallarda qanuna nəzarət edən qurumların əməkdaşlarının da məsələni yanlış şərh etdiyi iddia olunur. AİİB-in məlumatına görə, qanun yalnız elektron siqaretlərə aiddir və qızdırılan tütün məmulatlarına şamil edilmir.
Son dəyişikliklər zamanı qanuna iki yeni anlayış daxil edilib və bu iki məhsulun hüquqi statusu ayrıca müəyyənləşdirilib. Qızdırılan tütün məmulatı – tütün qarışığından ibarət məhsuldur və alışdırılmadan qızdırılaraq istifadə edilir. Bu zaman nikotin tərkibli aerozol yaranır. Qanunda açıq şəkildə qeyd olunur ki, qızdırılan tütün məmulatı elektron siqaret hesab edilmir. Elektron siqaret isə tütün istifadə etmədən, xüsusi mayenin buxarlanması ilə işləyən cihazdır və nikotinli və ya nikotinsiz buxar inhalasiya etmək üçün istifadə olunur. Bu fərq hüquqi baxımdan son dərəcə vacibdir.
AİİB bildirir ki, qanunvericiliyə görə, qızdırılan tütün məmulatları və onların cihazları qadağan edilən məhsullar siyahısına daxil deyil. Məsələn, Terea – qızdırılan tütün məhsulu, IQOS – həmin məhsulların istifadə edildiyi cihazdır. Bu məhsullar mövcud qanuna görə elektron siqaret hesab edilmir.
AİİB-in sədri Eyyub Hüseynov bildirir ki, bəzi hallarda qızdırılan tütün istifadəçiləri də elektron siqaret istifadəçisi kimi qiymətləndirilərək cərimə edilirlər. Birliyin məlumatına görə, belə hallar qanunun yanlış tətbiqi ilə bağlıdır.
Təşkilat bir daha vurğulayır ki, qızdırılan tütün məmulatlarından qanunla qadağan edilməyən yerlərdə istifadə hüquqi məsuliyyət yaratmır.
“Azad İstehlakçılar” İctimai Birliyi hesab edir ki, yeni qadağanın düzgün tətbiqi üçün həm vətəndaşlar, həm də nəzarət edən qurumların əməkdaşları qanunun məzmunu barədə dəqiq məlumatlandırılmalıdır.
Təşkilat bildirir ki, uzun illərdir ölkədə tütün istifadəsinin azaldılması istiqamətində maarifləndirmə aparır və hətta filtrsiz siqaret istehsal edən dörd müəssisənin fəaliyyətinin dayandırılmasına nail olub. Lakin yeni qadağanın tətbiqi zamanı qanunun düzgün şərh olunması və vətəndaşların haqsız cərimələrə məruz qalmaması xüsusi əhəmiyyət daşıyır.
E.Məmmədəliyev,
Musavat.com

