Siyasət 

İlham Əliyevin zəngi yeni mərhələ açdı – Bakı Tehrana bir daha dost əlini uzatdı

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev iranlı həmkarı Məsud Pezeşkiana zəng edib. Dövlət başçısı İranla ABŞ arasında əldə olunan 2 həftəlik atəşkəslə bağlı təbrikini çatdırıb.

Şübhəsiz ki, bu zəng regionda yeni siyasi atmosferin formalaşdığını göstərir. Eyni zamanda bu addım təkcə diplomatik jest deyil, həm də Azərbaycanın çətin dövrdə qonşu ölkəyə münasibətinin ardıcıl və prinsipial xətt üzərində qurulduğunun bir daha bariz sübutudur. Son hadisələr fonunda Azərbaycan öz davranışı ilə cənub qonşusu üçün ağır günlərdə etibarlı tərəfdaş olduğunu bir daha sübut etdi. Gərginlik dövründə Azərbaycan-İran sərhədinin ən təhlükəsiz məkan kimi qalması, bütün iddialara baxmayaraq, Bakıdan Tehrana qarşı hər hansı təhlükənin olmaması bu münasibətlərin real mahiyyətini ortaya qoyur.

Xatırlatma edək ki, İranın ali dini lideri Əli Xameneinin vəfatı ilə bağlı ilk başsağlığını verən və İran səfirliyini ziyarət edən də məhz Azərbaycan Prezidenti oldu. Həmçinin Azərbaycan iki dəfə İrana humanitar yardım göndərərək bu dəstəyi yalnız sözlə deyil, əməli addımlarla da təsdiqləyib. Atəşkəs elan edildikdən sonra isə İranı təbrik edən ilk lider yenə də İlham Əliyev oldu.

Bütün bu addımlar Azərbaycanın İrana münasibətdə səmimi və dost siyasət apardığının açıq göstəricisidir. Bu reallıq həm də İranda Azərbaycanı təhlükə kimi təqdim etməyə çalışan, süni düşmən obrazı formalaşdırmaq istəyən dairələr üçün də aydın mesajdır.

image_1775658121980.jpg (145 KB)

“Son dövrlər regionda cərəyan edən mürəkkəb siyasi proseslər və formalaşan yeni konyuktura Azərbaycanın öz qonşuları ilə münasibətlərdə nə dərəcədə praqmatik və uzaqgörən siyasət yürütdüyünü bir daha nümayiş etdirir. Xüsusilə regional gərginliyin azaldılması istiqamətində atılan addımlar Bakının sülh və təhlükəsizlik tərəfdarı kimi nüfuzunu qətiyyətlə möhkəmləndirir. Bu kontekstdə Azərbaycanın nümayiş etdirdiyi strateji təmkin və səmimi dostluq münasibəti regionda yeni siyasi eranın başlanğıcı kimi qiymətləndirilir. Məhz bu siyasi iradənin məntiqi davamı olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İranın dövlət başçısı Məsud Pezeşkiana ünvanladığı təbrik mesajı və tərəflər arasında reallaşan telefon danışığı xüsusi əhəmiyyət kəsb edir. İran ilə ABŞ arasında əldə olunan iki həftəlik atəşkəs fonunda baş tutan bu təmas regionda gərginliyin yerini dialoqa verdiyinin ən bariz göstəricisidir. Telefon danışığı zamanı liderlər ikitərəfli münasibətlərin mövcud vəziyyəti və gələcək perspektivlərini müzakirə edərək, bölgədə sülhün və sabitliyin qorunmasının vacibliyini bir daha təsdiqləyiblər. Prezident İlham Əliyev bu kritik dönəmdə Azərbaycanın hər zaman olduğu kimi, mehriban qonşuluq və qarşılıqlı etimad prinsiplərinə sadiq olduğunu diqqətə çatdırıb. Bakının bu qətiyyətli mövqeyi sübut edir ki, Azərbaycan Cənubi Qafqazda və onun hüdudlarından kənarda təkcə sabitlik adası deyil, həm də gərginliyin azaldılmasına xidmət edən mühüm siyasi dialoq mərkəzidir. Qlobal güclərin maraqlarının toqquşduğu həssas məqamda Azərbaycan liderinin nümayiş etdirdiyi uzaqgörən diplomatiya, regionun gələcək təhlükəsizlik konfiqurasiyasının formalaşmasında Bakının həlledici rolunu yenidən təsdiqləyir. Bu strateji yanaşma qonşuluq münasibətlərində qarşılıqlı etimadın qorunması ilə yanaşı, həm də beynəlxalq müstəvidə yaranan yeni reallıqların sülh və əməkdaşlıq müstəvisinə keçməsinə güclü stimul verir”.

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov Musavat.com-a açıqlamasında bildirib.

KAMRAN.jpg (48 KB)

O qeyd edib ki, Azərbaycanın son dövrlərdə nümayiş etdirdiyi xarici siyasət kursu İranla münasibətlərin ən gərgin sınaqlardan uğurla keçdiyini və Bakının etibarlı tərəfdaş statusunu qətiyyətlə qoruduğunu göstərir:

“Regional gərginliyin artdığı bir vaxtda Azərbaycan-İran sərhədinin sabitlik və təhlükəsizlik adası kimi qalması, Bakının öz suveren ərazilərindən qonşu dövlətə qarşı hər hansı bir təhdid mənbəyi kimi istifadəsinə yol verməyəcəyini əməli şəkildə sübut etdi. Bu reallıq uzun müddət müxtəlif dairələr tərəfindən irəli sürülən əsassız iddiaların və dezinformasiyaların tamamilə puç olduğunu ortaya qoydu. İran üçün xüsusilə ağır olan günlərdə Azərbaycanın sərgilədiyi mənəvi və siyasi dəstək iki ölkə arasındakı bağların real mahiyyətini əks etdirir. İranın ali dini lideri Əli Xameneinin vəfatı ilə bağlı ilk başsağlığını verən və İran səfirliyini şəxsən ziyarət edən liderin məhz Azərbaycan Prezidenti olması rəsmi Bakının qonşuluq dəyərlərinə və diplomatik etiketə verdiyi yüksək önəmin göstəricisidir. Bu addımlar təkcə diplomatik protokol deyil, həm də çətin anlarda nümayiş etdirilən səmimi həmrəylik aktıdır”.

image_1775658722401.jpg (266 KB)

Deputat bildirib ki, Bakının bu müsbət yanaşması humanitar və sülh müstəvisində də davamlı xarakter daşıyıb:

“İrana ardıcıl olaraq iki dəfə humanitar yardımın göndərilməsi bu dəstəyin yalnız bəyanatlarda qalmadığını, konkret əməli addımlarla möhkəmləndirildiyini təsdiq edir. Eyni zamanda regionda sülhün bərpası istiqamətində atəşkəs elan edildikdən sonra İranı təbrik edən ilk dövlət başçısının İlham Əliyev olması Azərbaycanın bölgədə sabitliyin tərəfdarı olduğunu bir daha nümayiş etdirdi. Bütün bunlar Azərbaycanın müstəqil, praqmatik və regionda sülhü prioritet seçən dövlət kimi nüfuzunu daha da gücləndirir”.

image_1775658178830.jpg (186 KB)

Kamran Bayramov əlavə edib ki, Azərbaycanın ən çətin anlarda nümayiş etdirdiyi dəstək illərdir formalaşdırılan “təhlükəli qonşu” obrazının heç bir real əsasının olmadığını sübut etdi:

“Bakıdan Tehrana qarşı heç bir təhdidin gəlməməsi və sərhədlərin tam təhlükəsizliyi dezinformasiya yayan qüvvələrin təsir imkanlarını minimuma endirdi. Bütün bunlar Azərbaycanın regionda gərginlik deyil, tərəfdaşlıq tərəfdarı olduğunu beynəlxalq ictimaiyyətə də nümayiş etdirdi. Mövcud proseslər onu deməyə əsas verir ki, artıq qarşılıqlı etimad mühiti daha da dərinləşir. Bu isə gələcəkdə hər hansı kənar müdaxilənin və ya süni şəkildə qızışdırılan ritorikanın qarşısını almaq üçün ən etibarlı qalxandır. Azərbaycan öz davranışı ilə sübut etdi ki, yalnız yaxşı günlərin deyil, həm də ağır sınaqların dostudur”.

Cavanşir ABBASLI
Musavat.com

Daha çox xəbərlər