Bu gün həmin şanlı tarixin 3 ilidir- “Laçın artıq keçid deyil, nəzarət nöqtəsidir”
2023-cü il aprelin 23-də Laçın–Xankəndi yolunun başlanğıcında, Azərbaycan–Ermənistan dövlət sərhədində buraxılış məntəqəsinin qurulması ölkənin suverenliyinin təmin edilməsi istiqamətində mühüm və prinsipial addım kimi tarixə düşdü. Bu qərar, ilk növbədə, Azərbaycanın öz sərhədlərinə tam nəzarət etmək hüququnun praktik reallaşdırılması idi və dövlətçilik baxımından strateji əhəmiyyət daşıyırdı.
Bu addımın arxasında dayanan əsas siyasi iradə Ali Baş Komandan İlham Əliyev tərəfindən həyata keçirilən qətiyyətli və ardıcıl siyasətin nəticəsi idi. Prezidentin rəhbərliyi ilə Azərbaycan post-münaqişə dövründə yalnız hərbi qələbəni deyil, həm də hüquqi və inzibati suverenliyi tam təmin etməyə yönəlmiş addımlar atdı. Laçın istiqamətində nəzarət-buraxılış məntəqəsinin yaradılması da məhz bu strateji xəttin tərkib hissəsi idi.
Qərarın əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan öz ərazisində baş verən bütün proseslərə nəzarət mexanizmini gücləndirdi, qanunsuz hərəkətlərin qarşısını almaq üçün effektiv alət formalaşdırdı. Bu, həm də regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edən mühüm addımdır. Dövlət sərhədində nəzarətin təmin olunması beynəlxalq hüququn əsas prinsiplərindən biridir və Azərbaycan bu hüququnu qətiyyətlə reallaşdırdı.
İlham Əliyev bu qərarı ilə bir daha nümayiş etdirdi ki, ölkənin milli maraqları onun siyasətində prioritetdir və bu maraqların qorunması üçün zəruri addımlar tərəddüdsüz atılır. Prezidentin prinsipial mövqeyi, siyasi iradəsi və strateji baxışı Azərbaycanın regionda güclü və söz sahibi dövlət kimi mövqeyini daha da möhkəmləndirdi.
Eyni zamanda bu addım Azərbaycanın beynəlxalq öhdəliklərinə uyğun şəkildə, şəffaf və hüquqi çərçivədə həyata keçirildi. Buraxılış məntəqəsinin fəaliyyəti qanuni keçidlərin təmin olunmasına, eyni zamanda qeyri-qanuni fəaliyyətlərin qarşısının alınmasına yönəlib. Bu isə dövlətin həm təhlükəsizlik, həm də humanitar məsələlərə balanslı yanaşmasının göstəricisidir.
Nəticə etibarilə, 23 aprel 2023-cü il tarixli bu qərar Azərbaycanın müstəqilliyinin və suverenliyinin daha da möhkəmləndirilməsi yolunda mühüm mərhələdir. Bu addım, İlham Əliyev rəhbərliyi altında həyata keçirilən uzaqgörən və qətiyyətli siyasətin bariz nümunəsi kimi dəyərləndirilir və ölkənin gələcək inkişafı üçün möhkəm əsas yaradır.

Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə Musavat.com-a açıqlamasında XXI əsrdə heç bir ölkənin Azərbaycan kimi tam qalib gələ bilmədiyini qeyd etdi: “Azərbaycan ikinci Qarabağ müharibəsindən sonra regionda yeni reallıqlar yaratdı. Həmçinin Ermənistanın 30 illik işğal və terror siyasətinə böyük zərbə vurdu. Məhz Azərbaycan 2020-ci ildə 10 noyabr Bəyannaməsini də bağlamaya bilərdi. Xankəndi və digər separatçıların nəzarətində olan ərazilərdə suverenliyini təmin edə bilərdi. Azərbaycan prezidenti cənab İlham Əliyev müdrik yanaşdı, sülh tərəfdarı kimi yenidən bir şans verdi. Laçın dəhlizindən humanitar məqsədlər üçün istifadəyə razılaşdı. Amma, gördü ki, Ermənistan yenidən bu dəhliz vasitəsilə Qarabağdakı separatçılara hərbi yardımlar göndərir. Xüsusilə, 2021-ci il istehsalı minalar göndərib. Üç ildə Azərbaycan çox çalışdı ki, Ermənistan öz ordusunu Azərbaycan ərazisindən çıxarsın. Rusiya sülhməramlı qüvvələri öz öhdəliklərini yerinə yetirsin. Amma, biz tam başqa mənzərənin şahidi olduq. Laçın dəhlizini Ermənistan bir növ hərbi yola çevirmişdi. Bu Azərbaycanın suverenliyi və təhlükəsizliyini təhdid etmək və yeni işğala başlamaq planı idi. Azərbaycan buna səbrli yanaşa bilməzdi. Qarabağda qanunsuz hərbi birləşmələr Azərbaycana qarşı təxribatlara əl atırdı. Hətta mülki aviasiyamızın uçuşuna radioelektron müdaxilələr edilirdi. Azərbaycan öz ərazisində terrorçu qrupların qalmasına seyrçi qala bilməzdi. Üç il ərzində Ermənistan Azərbaycan ərazisindən öz ordusunu çıxarmaq əvəzinə yeni silahlar gətirilərək mühəndis istehkam işləri aparılırdı. Azərbaycan öz suverenliyini bərpa etmək və terror -separatizmə dəstəyi tam dayandırmaq üçün Ermənistanla sərhəddə post qoydu. Bu beynəlxalq hüquqa tam uyğun olaraq Azərbaycanın suveren haqqı idi. Məhz bununla da Azərbaycan tam öz sərhədlərinə nəzarət edə bildi.

Postun qoyulması ölkə ərazisindən qanunsuz hərbi birləşmələri də çətin vəziyyətlə üzləşdirdi. Azərbaycan prezidenti cənab İlham Əliyev düşünülmüş və məntiqli-strateji siyasəti ilə bu postun növbəti mərhələdə tam suverenliyimizin bərpası ilə nəticələnməsi oldu. Növbəti mərhələdə Azərbaycan öz ərazisindən terrorçulara qarşı anti-terror əməliyyatı keçirdi. Laçın dəhlizi son 100 ildə Azərbaycan xalqına qarşı törədilmiş bütün cinayətlərin yolu olub. Bunu Azərbaycan bağlamaqla tam şəkildə Xankəndinə, Ağdərəyə və digər ərazilərdə nəzarətimiz bərpa olundu. Bu qalibiyyətdir. 21-ci əsrdə heç bir ölkə tam qələbə etməyib. Məhz Azərbaycan bu qələbəni əldə etdi və suverenliyini də hamıya qəbul etdirmiş oldu”.
Cavanşir ABBASLI
Musavat.com

