Bizi niyə həkimdən həkimə qaçırdırlar? — Əsl səbəbi bilindi
Özəl klinikalarda müayinəyə gedən şəxslərin bir qapıdan çıxıb digərinə yönləndirilməsi, ard-arda verilən analizlər çox vaxt insanlarda şübhə yaradır. Cibinə qənaət etmək istəyən xəstə bu prosesin tibbi ehtiyacdan, yoxsa sadəcə qazanc istəyindən qaynaqlandığını anlamaqda çətinlik çəkir.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən tibb eksperti Şahvələd Məmmədov bildirib ki, özəl xəstəxanalardan danışarkən qeyd etmək lazımdır ki, eyni vəziyyət dövlət xəstəxanalarında da mövcuddur.
“Yəni çoxsaylı analizlərə yönləndirmə və ya müxtəlif ixtisaslı həkimlərə müraciət etmə halları geniş yayılıb və bu, müəyyən mənada formalaşmış tibbi yanaşmadır. Məsələ ondan ibarətdir ki, xəstə konkret bir ixtisas üzrə həkimə müraciət etdikdə, məsələn terapevtə, ilkin müayinə zamanı həkim xəstənin vəziyyətini qiymətləndirir. Əgər müəyyən edilirsə ki, problem yalnız bir sahə ilə məhdudlaşmır, məsələn, nevroloji, oftalmoloji və ya endokrin (şəkər) xarakterli əlavə narahatlıqlar var. Bu halda xəstə müvafiq olaraq digər mütəxəssislərə yönləndirilir. Hər bir ixtisas həkimi xəstəni ayrıca qiymətləndirərək öz rəyini təqdim edir”.
Ekspert bildirib ki, özəl klinikalarda da eyni prinsip tətbiq olunur.
“Əgər xəstə profil üzrə düzgün yönləndirilməyibsə, həkim onu uyğun ixtisas üzrə digər mütəxəssisə göndərir. Həmin mütəxəssis isə xəstənin vəziyyətinə uyğun olaraq hansı müayinələrin zəruri olduğunu müəyyənləşdirir. Bu yanaşma kommersiya məqsədi daşımır, əsas məqsəd xəstənin düzgün diaqnostikasını təmin etməkdir. Bəzi hallarda dəqiq diaqnoz qoymaq üçün xəstənin bir neçə müayinədən keçməsi və müxtəlif ixtisaslı həkimlər tərəfindən yoxlanılması zəruri olur. Nəzarət məsələsinə gəldikdə isə, qeyd olunmalıdır ki, hazırda xəstəliklərin sayı və mürəkkəbliyi artıb. Bir çox hallarda eyni insanda bir neçə xəstəlik eyni vaxtda müşahidə olunur və bu da diaqnostika prosesini daha çoxşaxəli edir. Bu səbəbdən xəstələrin bir neçə mütəxəssisə yönləndirilməsi tibbi zərurətdən irəli gəlir”.
Qısası, xəstənin bir neçə həkimə getməsi və çoxlu analiz verməsi əksər hallarda xəstəliyin tam kökünü tapmaq və səhv müalicənin qarşısını almaq üçün lazımdır.

