Prezident İlham Əliyevin sərhəddə yazdığı o tarix-Bu qərar antiterror uğurunun əsasını qoydu
“Laçın rayonunda Ermənistan istiqamətində Dövlət Sərhəd Xidmətinin nəzarət-buraxılış məntəqəsinin qurulması Azərbaycanın qətiyyətli iradə ifadəsi ilə bərabər, beynəlxalq və milli hüququn təntənəsi və cənab İlham Əliyevin təşəbbüsləri üzərində qurulmuş cari de-fakto sülh reallığının mühüm komponenti hesab olunmalıdır. Məlumdur ki, qanunvericiliklə dövlət sərhədi hər bir ölkənin, o cümlədən Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur”.
Bu fikirləri Musavat.com-da Milli Məclisin
üzvü Bəhruz Məhərrəmov səsləndirib.
O qeyd edib ki, beynəlxalq hüququn ən azı üç prinsipinə əsasən hər bir dövlət digər dövlətin suverenliyinə, yəni digər dövlətlərin heç bir müdaxiləsi olmadan öz ərazilərində hakimiyyətini həyata keçirmək hüququna hörmətlə yanaşmaq məcburiyyətindədir: “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanunun 12-ci maddəsinə əsasən şəxslər, nəqliyyat vasitələri, yüklər müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrindən buraxılırlar. O zaman, Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiyası heç başlamadığı, sərhədlərin hələ ki tam şərti xarakter daşıdığı halda, 10 noyabr Bəyanatına uyğun olaraq Laçın-Xankəndi yolu humanitar məqsədlərlə açıq saxlansa da, həmin yoldan Üçtərəfli Bəyanatda müəyyən edilən məqsədlərdən kənar formada, Ermənistan və qanunsuz erməni hərbi birləşmələri tərəfindən hərbi məqsədlər üçün istifadə edilir, Qarabağa silah, mina və canlı qüvvə daşıyırdılar. Bu mənada, qətiyyət ortaya qoyularaq adıçəkilən buraxılış məntəqəsinin qurulması bütövlükdə təhlükəsizliyin, o cümlədən suverenliyin ilkin şərtlərindən birinin təmin edilməsi idi”.
Parlamentari onu da vurğulayıb ki, bu qətiyyətli addım, eyni zamanda Azərbaycanın Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə suveren nəzarətin bərpası istiqamətində mühüm mərhələ oldu və əhəmiyyətinə görə təcavüzkar məqsədlərlə istifadə olunan Xudafərin qəsəbəsinin azad edilməsi ilə müqayisə edilə bilər: “Məhz bu qətiyyətli addımın doğurduğu praktik situasiya antiterror tədbirlərinin uğuru və Rusiya sülhməramlılarının regiondan vaxtından öncə çıxarılması üçün köklü zəmin yaratmış oldu. Üzərindən keçən 3 illik periodu təhlil edərkən, əminliklə deyə bilərik ki, Laçında Dövlət Sərhəd Xidmətinin nəzarət-buraxılış məntəqəsinin qurulması suverenlik yolumuzun şərəfli bir səhifəsi və dövlət iradəmizin qırılmazlığının nümunəsi kimi şanlı əbədi tariximizdə qalacaq”.
Cavanşir ABBASLI
Musavat.com

