İlham Əliyevdən Avropaya SƏRT mesaj: Azərbaycana qarşı bu ədalətsizlik…
Prezident İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçilər və onların məşqçiləri ilə görüşündə beynəlxalq yarışlarda idmançılarımıza qarşı ədalətsizliklərdən danışıb. Dövlət başçısı deyib: “Maraqlıdır, bir qayda olaraq Avropa yarışlarında Azərbaycan idmançılarına qarşı ədalətsizlik dünya çempionatlarına nisbətən daha çox olur. Yəqin ki, Avropada heç də hamı Azərbaycanın Avropa çempionatlarında iştirak etməsinə və təkcə iştirakına deyil, həm də bütün Avropa ölkələrinə qalib gəlməsinə sevinmir”.

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov Musavat.com-a bildirib ki, prezidentin bu açıqlaması idmanla siyasətin kəsişdiyi həssas bir mövzuya toxunur: “Bu açıqlama şübhəsiz ki, ciddi faktlara əsaslanaraq deyilmiş fikrilərdir və Avropada idmanın siyasiləşdirildiyini təsdiqləyir. İdman yarışlarında hakim səhvləri, subyektiv qərarlar və ya selektiv yanaşma tez-tez olur. Xüsusilə güləş, boks, cüdo kimi subyektiv qiymətləndirmə elementləri olan idman növlərində bu hallar daha çox müzakirə edilir”.
Onun sözlərinə görə, Azərbaycan son illərdə Avropa səviyyəsində güclü idman dövləti kimi çıxış edir: “Bəzi yarışlarda qərarların sistemli şəkildə mübahisə doğurması müşahidə olunur. Bu da cənab prezidentin söylədiklərinin təsdiqidir. Azərbaycanın siyasi, iqtisadi mövqelərinin güclənməsini həzm edə bilməyən Avropadakı siyasi dairələr ölkəmizin idmanda da uğurlarını, idman ölkəsi kimi tanınmasını istəmirlər. Ona görə də bəzi hallarda Avropa miqyaslı yarışlarda qərarlara təsir etmək üçün imkanlarından istifadə edirlər. Beynəlxalq federasiyalar və hakim korpusu da bəzən siyasi və ya regional təsirlərdən tam azad olmur. Bu isə qərarların obyektivliyinə kölgə sala bilir. Əgər müəyyən yarışlarda eyni ölkəyə qarşı qərarlar vaxtaşırı mübahisə doğurursa, bu hallar sistemli xarakter alırsa onda artıq məsələ təkcə idman çərçivəsindən çıxaraq daha geniş – siyasi və institusional müstəviyə keçmiş hesab oluna bilər”.

Hüquqşünas qeyd edib ki, ümumilikdə, beynəlxalq münasibətlərdə gərginliklərin artdığı dövrdə idman da bundan kənarda qalmır: “Qərəzli dairələr idman sahəsində də öz qərəzlərini nümayiş etdirirlər, hətta idmanı da niyə siyasiləşdirməyə cəhdlər edirlər. Halbu ki, idmanı geosiyasi rəqabət subyektinə çevirmək yanlışdır. Azərbaycan Prezidenti də yəqin ki, həmin fikirləri ilə bu mesajı vermiş olub”.
Etibar Seyidağa,
Musavat.com

