“Dr. Gülü” intihara cəhd edib? – Açıqlama
Bakıda özünü “Dr. Gülü” kimi təqdim edən Gülbadə Abdullayeva haqqında yeni iddialar yayılıb.
Publika.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, yayılan məlumata görə, o, sirkə turşusu qəbul edərək intihara cəhd edib və hazırda Klinik Tibbi Mərkəzdə müalicə alır.
Məsələ ilə bağlı Klinik Tibbi Mərkəzə sorğu ünvanlanıb. KTM-in mətbuat katibi Ruzbeh Məmməd bildirib ki, ötən gün saat 21:00 radələrində 1991-ci il təvəllüdlü qadın halsızlıq və ürək bulanması şikayətləri ilə Mərkəzə hospitalizasiya olunub:
“Tibb müəssisəsinin müvafiq şöbəsində ona zəruri tibbi xidmətlər göstərilib. Bir müddət sonra vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb”.
Qeyd edək ki, bir müddət əvvəl Gülbadə Abdullayevanın “Uğur-777” klinikasında etdiyi əməliyyat zamanı görüntüləri müzakirələrə səbəb olub. Onun tibbi fəaliyyət üçün tələb olunan lisenziya və diplom olmadan fəaliyyət göstərdiyi iddiaları edilib. Səhiyyə Nazirliyindən Gülbadə Abdullayeva ilə bağlı araşdırmadan sonra bildirilmişdi ki, həmin xanımın adı nazirliyin tibb işçilərinin vahid reysterində yoxdur. Onun tibbi fəaliyyət göstərmək səlahiyyəti mövcud deyil.

