Cəmiyyət 

Yağış və dolu minlərlə təsərrüfata zərər vurub – Fermerlər Aqrar Sığorta Fonduna axışır

Güclü yağışlar, dolu və sel-subasma hallarının kənd təsərrüfatına zərəri sürətlə artır.

Musavat.com xəbər verir ki, yağıntılardan böyük zərər görən fermerlər kütləvi şəkildə Aqrar Sığorta Fonduna üz tuturlar.

Fonddan verilən məlumata görə, güclü yağışların başladığı may ayı ərzində Aqrar Sığorta Fonduna ölkənin 19 rayonundan 3 mindən artıq müqavilə üzrə zərər müraciətləri daxil olub.

Bunlar Zərdab, Şabran, Xızı, Ağcabədi, Şəki, Beyləqan, İsmayıllı, Hacıqabul, Yevlax, Tərtər, Xaçmaz, Qobustan, Goranboy, Oğuz, Xocavənd, Yardımlı, Zaqatala, Ağsu və Qazax rayonlarını əhatə edir.

Aqrar Sığorta Fonduna bu dövrdə daxil olan zərər müraciətləri 39 min hektar əkin sahəsi üzrə müqavilələri əhatə edir.

Ən çox zərər müraciətləri Şəki-Zaqatala, Qarabağ, Şirvan-Salyan, Dağlıq Şirvan və Qazax-Tovuz bölgələrindən daxil olub. Aqrar Sığorta Fonduna ən çox zərər müraciətləri olan əkin sahələri isə Şəki-Zaqatala və Şirvan-Salyan regionlarındadır.

Bu dövrdə ən çox baş verən hadisələr sel-subasma, çayların daşması nəticəsində sel-subasma, fırtına, qasırğa, dolu və 3-cü şəxslərin hərəkətləri olub.

Aqrar Sığorta Fondunun məlumatlarına görə, Şirvan-Salyan, Aran və Şimal regionu üzrə ən çox müraciətlər sel-subasma, Qarabağ və Mil-Muğan bölgəsi üzrə əsas hadisələr isə fırtına-qasırğa və dolu ilə əlaqədar olub.

Zərər müraciətləri əsasən arpa, buğda, pambıq, eləcə də gilas, alma, şaftalı, nektarin, badam və qoz bitkilərini əhatə edib.

Fond bildirir ki, bütün müraciətlər qeydə alınır, yerlərdə əraziyə baxış keçirilməsi, hadisənin araşdırılması və zərərin hesablanması üçün bölgələrə aqrar sığorta ekspertləri yönəldilir.

Zərərin həcmindən və hadisədən asılı olaraq fermerlərə sığorta ödənişləri barədə qərar veriləcək.

Xatırladaq ki, aqrar sığorta mexanizmi əkin sahələrini çoxsaylı təbiət hadisələri – dolu, sel-subasma, fırtına-qasırğa, leysan, normadan artıq yağan qar, torpaq sürüşməsi, eləcə də yanğın, vəhşi heyvanların hücumu, 3-cü şəxslərin hərəkətlərindən və sair hallardan qoruyur.

Daha çox xəbərlər