2025-ci ildə 1 yaşadək 1312 uşaq həyatını itirib
Milli Məclisin bugünkü plenar iclasında “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatı”n müzakirəsi zamanı İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc bir sıra önəmli məsələlərdən bəhs edib.
Musavat.com-un məlumatına görə, Z.Oruc deyib ki, hazırda dünyada ənənəvi ailə modelləri böhran yaşayır:
“Postmodern dəyərlər sistemi, avropalaşmanın aqressiv təbliği və mədəni hegemonluq ailə institutunu ciddi sınaqlar qarşısında qoyur. 2025-ci ildə hər 100 min diri doğulana ana ölümü 26 nəfər qeydə alınıb. Xüsusilə narahatedici odur ki, şəhər yerlərində müvafiq göstərici 2024-cü ildəki 12,2-dən 2025-ci ildə 22,1-ə yüksəlib. Kənd yerlərində azalma müşahidə edilsə də, rəqəmlər yüksək olaraq qalır”.

Komitə sədri bildirib ki, 2025-ci ildə 1 yaşadək 1312 uşaq həyatını itirib:
“Hər 1000 diri doğulana uşaq ölümü əmsalı 13,7-dir. Əhalinin demoqrafik artımına ehtiyac duyduğumuz dövrdə “Ailə planlaşdırılması və reproduktiv sağlamlıq haqqında” yeni qanun layihəsi təklifini parlament də dəstəkləyəcək. Qız uşağının təhsildən yayınması sonradan erkən nikaha, iqtisadi asılılığa, məişət zorakılığına qarşı müdafiəsizliyə və sosial təcridə yol açır. Formalaşan reallığı dəyişmək üçün ilk həlqə məktəbdir.
İnformasiya mühiti ilə bağlı sənəddə göstərilir ki, sosial şəbəkələr, “TikTok” və “YouTube” kanalları ailə münaqişələrini sensasiyaya çevirir, boşanmanı, zorakılığı, xəyanəti reytinq aləti kimi istifadə edirlər. Ailə institutunu ideallaşdırmadan, lakin nüfuzdan da salmadan – sağlam münasibətlər, məsuliyyətli valideynlik və qarşılıqlı hörmət nümunələri ictimai məkanda birinci yerdə dayanmalıdır”.
Zahid Oruc deyib ki, ölkəmizdə uğurlu ailə obrazları yüz minlərlədir:
“Övladlarını təhsilli və vətənpərvər böyüdən, yaşlılara qayğı göstərən, çətinliklərə baxmayaraq, ailə birliyini qoruyan, şəhid və qazi ailələrinin dəyərlərini yaşadan, Qarabağı və Şərqi Zəngəzuru qazanan, qayıdaraq yeni həyat quran ailələrin nümayişi ailə institutunu xarici hücumlardan qorumaq deməkdir”.

